Bunlardan altısı işğaldan azad edilmiş rayonlardır
2024-cü ildə Azərbaycanın şəhər və rayonları üzrə gəlirlər 13 milyon 865 min manat nəzərdə tutulub. Bu barədə 2024-cü ilin dövlət büdcəsi haqqında qanunda bildirilir.
Layihədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 136 min 600 manat, yerli xərclər 782 min 453 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 12 955 295 000 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 9 348 000,0 manat məbləğində nəzərdə tutulub.
Büdcədə cəmi 7 rayona vəsait ayrılması nəzərdə tutulub. Bunların 6-sı işğaldan azad edilmiş rayonlardır: Cəbrayıla 1 milyon 214 min manat, Xocavəndə 1 milyon 229 min manat, Xocalıya 1 milyon 73 min manat, Kəlbəcərə 1 milyon 945 min manat, Laçına 1 milyon 401 min manat, Yardımlıya 1 milyon 863 min manat və Zəngilana 623 min manat vəsait ayrılması nəzərdə tutulub.
İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, bu il büdcədən dəstək alan Lerik rayonu gələn il öz gəlirləri hesabına dolanmalı olacaq. Lerik kimi daha 58 rayon və şəhər gələn il yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. 2022-cü ilin büdcəsindən 14 rayon vəsait ala bilmişdi.
İqtisadçı deyir ki, göründüyü kimi, son illər hər il əvvəlki ilə nisbətən dövlət büdcəsindən pul alan rayonların sayı azalır.
“Layihəyə əsasən, gələn ilin dövlət büdcəsindən 7 rayon 9 milyon 348 min manat alacaq. Bu il rayonlara büdcədən ayırma 12 milyon 306 min manat idi. Bir sözlə, bütün rayonlar üzrə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi gələn il azaldılacaq”.
Gələn il büdcədən vəsait alacaq 7 rayonun altısı Qarabağ və Şərqi Zəngəzurda yerləşir. Vüqar Bayramov bildirir ki, işğaldan azad olunan ərazilərdən kənarda sadəcə Yardımlı rayonu dövlət büdcəsindən dəstək ala biləcək. Onun sözlərinə görə, özünü maliyyələşdirəcək rayonların sayının artması dövlət büdcəsindən asılılığın aradan qaldırılması baxımdan vacibdir:
“Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, həmin rayonlara daha çox sərmayə cəlbinin təşviq edilməsi çox vacibdir”.
Rayon və şəhərlərə büdcədən vəsait ayrılmaması ənənəsi 2022-ci ildən başlayıb. Həmin il 52 bölgəyə vəsait ayrılmadı, dövlət büdcəsindən cəmi 14 rayon pay ala bildi. Bunlar da əsasən, işğaldan azad edilən bölgələr idi.
Müstəqil iqtisadçılar daim açıqlamalarında bildiriblər ki, əslində Azərbaycanda hansısa rayonun özünü maliyyələşdirmə imkanı yoxdur. Yenə də dövlət büdcəsindən rayon və şəhərlərdə çalışanların xərclərinə, təhsilə, səhiyyəyə, təhlükəsizliyə, infrastruktura və s. sahələrə vəsait ayrılır. Faktiki rayon və ya şəhər bunu özü təmin etmir. Yerdə qalan cuzi xərcləmələr isə rüsum və vergi toplamaq hesabına formalaşır. Ümumilikdə düşünülür ki, “rayonlar özünü maliyyələşdirir” yanlışdır.