Gələn il büdcədən xərclər xarici valyutayla ödənəcək

Rövşən Ağayev: ”Bu fakt onu göstərir ki, gələn il iqtisadiyyatın xarici valyutaya tələbatı yenə də yüksək olaraq qalacaq və bu manatın kövrək mövqedə qalmasını şərtləndirəcək”

Source:


Rövşən Ağayev: ”Bu fakt onu göstərir ki, gələn il iqtisadiyyatın xarici valyutaya tələbatı yenə də yüksək olaraq qalacaq və bu manatın kövrək mövqedə qalmasını şərtləndirəcək”

Maliyyə Nazirliyi ilk dəfədir ki, büdcə təqdimatında xərclərin xarici valyuta ilə ödənəcək həcmini açıqlayıb.

Məlumata görə, 2017-ci ildə dövlət büdcəsindən 3 milyard 61 milyon dollar həcmində vəsait manat ekvivalentində xarici valyuta ilə xərclənəcək. İndiki məzənnə ilə bu təxminən 5 milyard manat edir. Bu, o deməkdir ki, gələn büdcədən xərclənən hər 3 manatdan bir manatı üçün xarici valyutaya tələbat olacaq.

Məlumatı öz “Facebook” səhifəsində şərh edən iqtisadçı Rövşən Ağayev deyir ki, bu, əslində çox böyük vəsaitdir – hökumət təkcə dövlət büdcəsinin öhdəlikləri üçün 3 milyard dollardan çox valyutaya ehtiyac duyacaq:

“Əlavə olaraq, Neft Fondu vasitəsilə TANAP layihəsinin xərclərinə xarici valyuta lazım olacaq. Bu ikisi birlikdə 3.5 milyard dollardan çox olacaq.

Bu fakt onu göstərir ki, gələn il iqtisadiyyatın xarici valyutaya tələbatı yenə də yüksək olaraq qalacaq və bu manatın kövrək mövqedə qalmasını şərtləndirəcək.

Nəzərə alaq ki, gələn il icmal büdcənin valyuta ilə gəlirləri təxminən 8.9 milyard manat (Neft Fondunun gəlirləri +xarici neft şirkətlərinin büdcə öhdəlikləri) olacaq ki, bu hazırki məzənnə ilə təxminən 5.4 milyard dollar edir.

Bu, o deməkdir ki, icmal büdcə vasitəsilə il ərzində iqtisadiyyata inyeksiya edilən valyutanın 65 faizi elə büdcənin öz xarici öhdəliklərinə yönəldiləcək. Yəni ən yaxşı halda hökumət kanalı ilə daxil olan valyuta kütləsi iqtisadiyyatın hökumətdənkənar sektorlarının tələbatına gedəcək.

İcmal büdcənin xarici öhdəliklərinə isə daxildir: büdcə vasitəsilə xarici borcların ödənməsi, hökumətin idxal mallarına tələbatının ödənməsi (ilk növbədə, hərbi-təhlükəsizlik sisteminin), büdcə təşkilatlarının xarici xidmətlərə tələbatının ödənməsi (məs, xarici məslətçinin cəlbi, proqram təminatının həyata keçirilməsi), xaricə ezamiyyətlər və xaricdə rəsmi tədbirlərin təşkili, diplomatik korpusun saxlanması, beynəlxalq təşkilatlara üzvlük haqqı, SOCAR və Neft Fondunun xaricdəki layihələrinin maliyyələşdirilməsi və s. daxildir”.

Ana səhifəAnalitikaGələn il büdcədən xərclər xarici valyutayla ödənəcək