Fuad Qəhrəmanlı

Mənbə: meydan tv

Başlıq: Fuad Qəhrəmanlı

Fuad Qəhrəmanlı polisdən xəbərdarlıq alıb

''Əgər bu fikirlərdən daşınmasam, haqqımda qanuni tədbirlər görüləcək''

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mayın 16-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. AXCP sədrinin müavininə yazılı çağırış gəlsə də, ona şifahi xəbərdarlıq ediblər.

Bu barədə Meydan TV-yə danışan Fuad Qəhrəmanlı bildirib ki, onu idarənin İctimai təhlükəsizlik şöbəsinin rəisi Nurlan Məmmədxanlı qəbul edib.

Fuad Qəhrəmanlı ona xəbərdarlıq edildiyini söyləyib:

“Səbəb yazılarımda, çıxışlarımda ictimai sabitliyə xələl gətirən fikirlərin olmasıdır, belə dedilər. Guya bu səviyyədə fəaliyyət göstərməyim ölkədəki sabitliyə problem yaradır. Əgər bu fikirlərdən daşınmasam, haqqımda qanuni tədbirlər görüləcək. Ancaq mən bu xəbərdarlığı əsassız hesab edirəm, çünki fikirlərimdə qanunazidd, ölkədəki prosesləri radikallığa sürükləyən çalarlar olmayıb. Bizim əsas mövqeyimiz sərbəst toplaşmaq azadlığına imkan yaradılmasından ibarətdir. Hakimiyyət sərbəst toplaşmaq azadlığına qadağanı davam etdirəcəyi, insan hüquqlarını bu şəkildə pozacağı təqdirdə, bu, cəmiyyətdə sosial partlayışlarla nəticələnə bilər. Əslində, indiki idarəetmə cəmiyyət və dövlətçilik üçün təhlükəli perspektivlər vəd edir. Ona görə də bu yanaşmadan daşınmaq lazımdır. Biz qanunla insanlara verilmiş hüquqların yerinə yetirilməsini tələb edirik. Hökumətin bunu dövlətçilik üçün təhlükə sayması yanlışdır. Siyasi fəaliyyətim əvvəl necə idisə, indi də elə davam edəcək”.

Fuad Qəhrəmanlı həbsdən çıxandan sonra ilk dəfədir polis idarəsindən çağırış aldığını deyib.

F.Qəhrəmanlı 2015-ci il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilmişdi. AXCP sədrinin müavini mart ayında imzalanan əfv fərmanı ilə azad edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wrri6i

Ən çox baxılan