“Fu Məzi” yazan gənc: “Facebook” sözünə görə səhərə qədər döydülər

“Özü tək kifayətlənməyib, 6 nəfər polis əməkdaşı da ona qoşulub”.

Foto: Fuad İsmayılovun “Facebook” səhifəsindən


“Azər adlı rəis onu döyməyə başlayıb”

Seçki saxtakarlığına etiraz olaraq, Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısındakı divara “Fu Məzi” yazmış gənc fəal Fuad İsmayılov təcridxanada döyülməsinin səbəbini açıqlayıb. Bu barədə Meydan TV-yə məlumat verən yaxınlarının sözlərinə görə, F.İsmayılov ailə üzvlərinə onu iyunun 21-dən 22-nə keçən gecə təcridxanada kimlərin döydüyünü də deyib.

Gənc fəalın sözlərinə görə, döyülməsinin səbəbi iyunun 21-də günorta saatlarında təcridxananın kamerasında yatdığı çarpayının altına diş fırçasıyla “Facebook” sözü yazması olub. Təcridxananın işçiləri bunu görən kimi növbətçi hissənin Azər adlı rəisinə çatdırıblar. F.İsmayılovun dediyinə görə, daha sonra onu həmin şəxsin yanına aparıblar.

“Azər onu döyməyə başlayıb. Özü tək kifayətlənməyib, 6 nəfər polis əməkdaşı da ona qoşulub. Üzünə, qulaq nahiyəsinə, bədəninin müxtəlif hissələrinə zərbələr vurublar. Bununla da ürəkləri soyumayıb, Fuadı rezin kameraya aparıb, qollarını arxadan qandallayıb, bu vəziyyətdə döyüblər. 2 saata yaxın o kamerada döyüblər. Sifəti qan içində olub. Döş qəfəsinə endirilən zərbələrdən səhhətində problemlər yaranıb. Bu da kifayət etməyib. Döyəndən sonra onun qarşısına bir mismar qoyublar. Zorla yazdırıblar ki, guya bu mismar onundu, özünü öldürmək məqsədilə üstündə saxlayıb”, – deyə F.İsmayılovun yaxınları bildirib.

F.İsmayılov döyüldüyünü anasına iyunun 23-də qısa telefon danışığında desə də, detallarını danışmamışdı.

Mayın 22-dən həbsdə olan F.İsmayılov Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada cəza çəkir. Yaxınlarının sözlərinə görə, əvvəl o, həftədə bir dəfə ailəsi ilə əlaqə saxlasa da, son 10 gündə ondan heç bir xəbər ala bilmirdilər. Bu durumdan narahat olan anası iyunun 23-də təcridxanaya zəng edib, narahatlığını çatdırıb. Anasının çox narahat olduğunu görüb, oğlu ilə danışmağa imkan yaradıblar. Gənc fəal iyunun 21-dən 22-nə keçən gecə səhərə qədər döyüldüyü o zaman anasına çatdırıb. Amma telefon danışığı 1-2 dəqiqə çəkdiyinə görə ətraflı məlumat verməyib.

Daxili İşlər Nazirliyi isə F.İsmayılovun döyülməsi barədə məlumatların yalan olduğunu, qərəzli şəkildə yayıldığını bəyan edib.

Fuad İsmayılov “Fu Məzi” yazısından sonra iki dəfə həbs olunub. Birinci dəfə martın 7-də Suraxanı Rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında narkotik saxlama) maddəsilə 60 günlük həbs cəzası alan gənc fəal mayın 7-də azadlığa buraxılmışdı. İkinci dəfə mayın 22-də həmin məhkəmənin qərarıyla yenə də eyni cəzanı alıb.

F.İsmayılov hər iki həbsində ittihamın saxta olduğunu, narkotikin cibinə polis bölməsində atıldığını bildirib. Polislər F.İsmayılovu Suraxanı Rayon Məhkəməsinin binasından çıxarıb maşına mindirərkən o, jurnalistlərə deyib: “Cibimə atdılar. Əvvəl bir protokol tərtib elədilər, sonra cırdılar, başqa bir protokıl yazdılar…”

Polislər ona bundan artıq danışmağa imkan verməyib. Çevik Polis Alayının maşınına mindirib aparıblar.

Birinci həbs qərarından verilən apelyasiya şikayətinə baxılarkən F.İsmayılov demişdi ki, tutulandan sonra işgəncəyə məruz qalıb. Onun sözlərinə görə, narkotiki 32-ci polis bölməsində cibinə atıblar. Bu üzdən narkotik ittihamıyla tərtib edilmiş protokolu da imzalamaqdan imtina edib: “O qədər vurdular ki, qulağım zədələndi, üzərimdə xəsarət izləri var. Məni kameradan çıxarırdılar, 20 nəfər üstümə tökülüşürdü. Məhkəmədə mənim haqqımda İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə qərar çıxarıb, təcridxanaya göndərdilər. Təcridxanada isə gələn-gedən hamısı mənə siyasətlə bağlı sual verirdi. Deyirdilər ki, sən dövlətə qarşı çıxırsan. Deyirdim, mən dövlətə qarşı çıxmıram, əksinə, dövlətin yaxşı olmasını istəyirəm”.

F.İsmayılov fevralın 9-da keçirilən parlament seçkilərində 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səs hüquqlu komissiya üzvü olub.

Ana səhifəSiyasət“Fu Məzi” yazan gənc: “Facebook” sözünə görə səhərə qədər döydülər