“Freedom House”un martın 19-da açıqladığı “Dünyada Azadlıq 2026: Avtoritarizmin böyüyən kölgəsi” hesabatına görə, Azərbaycan azad olmayan ölkələr sırasındadır. Hesabatda bildirilir ki, ölkə son 20 ildə 26 pillə geriləyib.
Avtoritar idarəçilik 20 ildən artıq möhkəmlənir
Hesabatda bildirilir ki, Azərbaycanda hakimiyyət 2003-cü ildən bəri Prezident İlham Əliyev və onun geniş ailəsinin əlində cəmləşib, və bu dövr ərzində avtoritar idarəçilik davamlı olaraq möhkəmləndirilib. Korrupsiya geniş yayılıb, formal siyasi müxalifət illərlə davam edən təqiblər nəticəsində zəifləyib. Son illərdə hakimiyyət vətəndaş azadlıqlarına qarşı repressiyaları gücləndirib, siyasi məhbusların sayını artırıb və müstəqil ifadə və aktivizm üçün az yer buraxıb.
“Freedom House” qeyd edir ki, Azərbaycandakı rejim siyasi dominantlığını qorumaq üçün dövlət resurslarından, dövlət qurumlarından və korrupsioner himayə şəbəkələrindən istifadə edir. Məsələn, SOCAR vasitəsilə rejimə yaxın şəxslərə həm cəlbedici müqavilələr, həm də yüksək vəzifələr verilir.
Qarabağ: 2023-cü ilin kritik hadisəsi
Hesabatda bildirilir ki, 2023-cü ildə Azərbaycan qüvvələri Qarabağ üzərində nəzarəti bərpa edib. Ərazi 1994-cü ildən faktiki müstəqillik qazanmış etnik erməni anklavı idi. Bir aylıq blokada və iki günlük hərbi əməliyyat nəticəsində yerli siyasi liderlərin və müdafiə qüvvələrinin təslim olması, ərazidə demək olar ki, bütün etnik erməni əhalisini Ermənistana qaçmağa məcbur etdi.
Rusiya sülhməramlı qüvvələrinin planlaşdırılandan əvvəl bölgəni tərk etməsi, həmçinin 2024-cü ilin parlament və prezident seçkiləri, hakimiyyətin mövqeyini möhkəmləndirib. Fevral ayında keçirilən prezident seçkilərində Əliyev rəsmi nəticələrə görə 92% səs alıb, sentyabrda keçirilən növbədənkənar parlament seçkilərində isə hakim partiya yenidən çoxluğu təmin edib.
Azadlıqlar qlobal trenddə geriləyir
“Freedom House” un hesabatında vurğulanır ki, 2025-ci ildə qlobal miqyasda siyasi hüquqlar və vətəndaş azadlıqları 20 illik ardıcıl geriləmə içindədir. Xüsusilə hərbi çevrilişlər, dinc etirazçılara qarşı zorakılıq və konstitusiya zəiflətmə cəhdləri azadlıq səviyyəsinin düşməsinə səbəb olub. Bu gün dünya əhalisinin yalnız 21%-i azad ölkələrdə yaşayır, 20 il əvvəl isə bu rəqəm 46% idi.
Hesabatda həmçinin bildirilir ki, regionda Ermənistan və Gürcüstan “qismən azad ölkələr” kateqoriyasına daxildir.
Hesabatda həmçinin göstərilir ki, 54 ölkədə siyasi hüquqlar və vətəndaş azadlıqları ilə bağlı vəziyyət pisləşib, yalnız 35 ölkədə isə vəziyyət yaxşılaşıb. Hazırda dünya əhalisinin yalnız 21 faizinin “azad” qiymətləndirilən ölkələrdə yaşadığı bildirilir. Bu isə 20 il əvvəlki göstəricidən 25% azdır.
Azərbaycan hakimiyyəti ölkədə insan haqları pozuntularına dair tənqidləri qəbul etmir, bu tənqidləri qərəzli hesab edir.