Fransanın “ACAT-France” insan hüquqları təşkilatı hazırda həbsdə olan AbzasMedia-nın jurnalisti Nərgiz Absalamovanın azadlığa çıxması barədə kampaniya başladıb.
Təşkilat Absalamovanın səhhətinin kəskin pisləşdiyini qeyd edib və onun təcili müayinə edilməsini tələb edib.
Təşkilatın yaydığı bəyanatda bildirilir ki, 2023-cü il noyabrın 30-dan etibarən həbsdə saxlanılan 28 yaşlı jurnalistin səhhəti ciddi təhlükə altındadır. Hüquq müdafiəçilərinin sözlərinə görə, 6 aydan çoxdur ki, Penitensiar Xidmət ona lazımi tibbi yardımı göstərməkdən imtina edir:
“Nərgiz xroniki sinüzitdən əziyyət çəkir, hazırda onun vəziyyəti daha da ağırlaşıb. Şiddətli baş ağrıları və tənəffüs çətinliyi çəkən jurnalistin təcili olaraq MRT müayinəsinə və ixtisaslaşdırılmış həkim baxışına ehtiyacı var. Lakin türmə rəhbərliyi şifahi şəkildə yuxarıdan göstəriş gözlədiklərini bildirir”.
Bəyanatda qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il azadlıqdan məhrum edilən Nərgiz Absalamova hazırda Bakıdan 250 kilometr aralıda yerləşən Lənkəran Cəzaçəkmə Müəssisəsində saxlanılır. Bu isə onun ailəsi və vəkilləri ilə əlaqəsini kəskin çətinləşdirir.
“ACAT-France” vurğulayır ki, jurnalistə qarşı irəli sürülən “qaçaqmalçılıq” ittihamı tamamilə uydurmadır və o, yalnız peşə fəaliyyətinə – Söyüdlü qızıl mədənindəki ekoloji risklər və məmurların korrupsiya əməlləri barədə hazırladığı reportajlara görə cəzalandırılır.
Təşkilat AbzasMedia-nın digər həbsdə olan əməkdaşlarının da vəziyyətinə diqqət çəkib. Bəyanatda media qurumunun baş redaktoru Sevinc Vaqifqızının məhkəmədəki son sözlərindən də sitat gətirilib:
“Bizim həbs olunmağımız bizi jurnalistikadan uzaqlaşdırmağa yönəlib, çünki biz İlham Əliyevin və onun ətrafının korrupsiya cinayətlərini ifşa etmişik.”
Təşkilat, eyni zamanda, Nərgiz Absalamovanın və “AbzasMedia işi” çərçivəsində həbs olunmuş digər jurnalistlərin dərhal azad olunmasını, müstəqil mətbuat nümayəndələrinə qarşı məhkəmə sistemindən təzyiq vasitəsi kimi istifadə edilməsinə son qoyulmasını istəyib.
Təşkilat qeyd edib ki, AbzasMedia ölkədən kənarda fəaliyyətini sürdürən Toplum TV və Meydan TV kimi azsaylı müstəqil medialardan biridir. Onların sözlərinə görə, bu cinayət işi Azərbaycanda avtoritar rejimin dərinləşdiyini və azad mətbuata qarşı genişmiqyaslı təzyiqlərin artdığını aydın göstərir. Eyni zamanda, azad sözə qarşı yönəlmiş bu repressiv addımların ölkənin Qərb tərəfdaşları ilə münasibətlərinin pisləşdiyi bir dövrə təsadüf etdiyi diqqətə çatdırılır.
Sənəddə Azərbaycan hakimiyyəti qarşısında mətbuat azadlığı, eləcə də insan hüquqları müdafiəçilərinin qorunması ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməsi tələbi qoyulur.
Nərgiz Absalamova 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda 8 il azadlıqdan məhrum edilib. Onunla birlikdə “AbzasMedia işi” çərçivəsində həbs olunmuş Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Sentyabrın 9-da Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
2026-cı il aprelin 3-də isə Ali Məhkəmə təqsirləndirilən şəxslərin kassasiya şikayətini təmin etməyərək əvvəlki qərarı dəyişmədən saxlayıb.