FP Azərbaycandan ”sürgün edilmiş” mediadan yazır

”Heç bir hücum bizi gördüyümüz işdən imtinaya vadar edə bilməz”

Source:
foto Meydan TV
foto Meydan TV


”Heç bir hücum bizi gördüyümüz işdən imtinaya vadar edə bilməz”

“Avtoritar rejimlərdə ən etibarlı informasiya mənbəyi sürgün edilmiş mənbə ola bilər. Bunu Azərbaycandan sürgün olunmuş bir media orqanın misalında görürük”.

“Foreign Policy” (FP) qlobal xəbər dərgisi Azərbaycandan kənarda fəaliyyət göstərən Meydan TV-dən, mühacirətdə çalışan mətbuat orqanlarının uğurları və çətinliklərindən söz açan məqalə dərc edib.

Məqalənin müəllifi Dan Peleschik yazır ki, sürgün mətbuat olmasaydı, adi vətəndaş dövlətin idarə etdiyi mətbuatın rəqəm və məlumatlarına inanacaqdı, oxucu fərqli nəticə çıxara bilməyəcəkdi. Amma Meydan TV kimi media orqanları buna imkan vermir. Məsələn, aprel döyüşlərində Azərbaycan televiziyaları ordunun şücaətindən, patriotizmdən dəm vurduğu halda, Meydan TV ölənlərin yaxınlarıyla əlaqə yaradıb və həqiqəti, həlak olanların sayının rəsmi rəqəmlərdən 3 dəfə artıq olduğunu üzə çıxarıb, ölənlərin siyahısını dərc edib.


“Adamı susmağa məcbur etmək”

Amma Meydan TV bunu Azərbaycanda deyil, ölkədən kənardan – Berlindən idarə olunduğu üçün edə bilib. FP Azərbaycan kimi qapalı avtoritar rejimlərdə bu cür media orqanlarının fəaliyyətinin mümkünsüz olduğunu, dövlətin mətbuata bütünlüklə nəzarət etdiyini, ictimai fəalların, tənqidçi jurnalistlərin, ya da sadəcə, sərbəst düşünərək danışanların cinayət məsuliyyətinə cəlb edildiyini yazır.

Emin Milli foto Meydan TV
Emin Milli foto Meydan TV

“Əsas məqsəd adamı susmağa məcbur etməkdir”, – Moskvada yaradılmış və Sovet İttifaqından ayrılan Asiya ölkələrini əhatələyən “Fergana News” veb-saytının redaktoru Daniil Kislov FP-yə müsahibəsində belə deyib.

Məqalədə tanınmış araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın da Əliyevlər ailəsinin korrupsiyada iştirakıyla bağlı yazılarına görə həbs olunduğunu, il yarımdan sonra azadlığa buraxıldığını xatırladır. Elə Meydan TV-nin əsasını qoyan Emin Millinin də rejimi tənqid etdiyinə görə dəfələrlə həbs və təqib olunduğunu, məhz buna görə 2013-cü ildə Berlinə gedib siyasi sığınacaq alaraq mühacirətdə fəaliyyət göstərməyə başladığını qeyd edir.


Etibarlı xəbərin mənbəyi

FP yazır ki, Azərbaycan hökuməti kənardan idarə olunan mətbuat orqanlarının da fəaliyyətini əngəlləməkdən ötrü əlindən gələni edir. Məsələn, Meydan TV yayımlanmağa başlayandan cəmi bir həftə sonra dalğaları vurulub, bu da televiziyanın istiqamətini dəyişməsi, daha geniş onlayn media orqanına çevrilməsiylə sonuclanıb. İndi Meydan TV mühacirətdən idarə olunaraq auditoriya toplamağa çalışan bütün media layihələri kimi, sərbəst çalışan jurnalistlərin, vətəndaşların, internetin verdiyi imkanların hesabına ayaq üstdə dayanır.

FP yazır ki, bu, yeni prinsip deyil. Soyuq müharibə dövründə Qərb “Dəmir pərdə” arxasındakı sovet auditoriyasına çatmaq üçün AzadlıqRadiosu, “Amerikanın səsi”, BBC kimi media orqanlarından istifadə edirdi. Hesablamalara görə, onlar sovet izləyicilərinin 25 faizi tərəfindən dinlənilirdi. Meydan TV isə Azərbaycandakı auditoriyanın 20 faizinin onları izlədiyini bildirir.


Jurnalistikadan artıq

Əliyev rejimi bütün bunları görür. Ona görə də Meydan TV-yə cinayət işi açıb. Bu orqanla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyur, onları təqib edir. Meydan TV-nin veb-səhifəsinə dəfələrlə haker hücumları olub. Emin Milli FP-yə müsahibəsində bunu yaxşı əlamət sayır: “Bizə hücumlar uğurumuzun etirafı deməkdir. Və heç bir hücum bizi gördüyümüz işdən imtinaya vadar edə bilməz”.

Emin Milli onların yalnız jurnalistikayla məşğul olduğunu bildirib. Amma Vaşinqton Universitetinin dosenti, keçmiş Sovet ölkələrində media vasitələrini araşdıran Katy Pearce deyir ki, Meydan TV kimi orqanların əməkdaşları jurnalistikadan da artığını edirlər: “Bu insanlar hər şeydən əvvəl mübarizdirlər”.

Dərgi Meydan TV-nin hazırda QHT-lərin ayırdığı vəsait hesabına fəaliyyət göstərdiyini yazır. Almaniya hökuməti Azərbaycanla münasibətləri korlamamaqdan ötrü televiziyaya maliyyə yardımından imtina edib. İndi Meydan TV hər şeydən çox alternativ informasiya axtaran auditoriyaya bel bağladığını bildirir.

“Məncə nəyin səhv, nəyin doğru olduğunu izləyicilər çox vaxt görür. Təbliğat hansısa həddə qədər mümkündür, bir müddətdən sonra camaat nə baş verdiyini anlamağa başlayır”. Bunu isə “Amerikanın Səsi” və AzadlıqRadiosunun hazırladığı xəbər proqramı – “Current Time”n baş redaktoru Kənan Əliyev FP-yə müsahibəsində deyib.


Tərcümə: AzadlıqRadiosu

Ana səhifəAnalitikaFP Azərbaycandan ”sürgün edilmiş” mediadan yazır