”Fitch”: Azərbaycan devalvasiya ilə qiymətlərin büdcəyə təsirini azalda bildi

Natiq Cəfərli: ”Təhlillər dövlətin vətəndaşın çiyninə çox yük qoyduğunu təsdiqləyir”

Source:


Natiq Cəfərli: ”Təhlillər dövlətin vətəndaşın çiyninə çox yük qoyduğunu təsdiqləyir”

Keçirilən islahatlar nəticəsində neft qiymətlərindəki kəskin azalmanın büdcəyə mənfi təsirini neytrallaşdırmağı bacaran ölkələr Konqo, Azərbaycan, Qazaxıstan və Bəhreyn olub.

“Fitch” beynəlxalq reytinq agentliyi bu qənaətdədir (

“Kommersant”

).

Agentliyin hesabatında qeyd olunur ki, Fars körfəzi ölkələri milli valyutaının məzənnəsinə toxunmadan büdcə xərclərini azaldaraq büdcə kəsirini minimuma endirməyə müvəffəq olub. Qazaxıstan, Rusiya və Azərbaycan isə devalvasiya etməklə neft qiymətlərindəki azalmanın büdcəyə mənfi təsirini aradan qaldıra bilib. Hazırkı neft qiymətlərində kəsirsiz büdcəyə sahib olan yeganə ölkə isə Küveyt olub.

“Fitch” agentliyinin hesabatıyla bağlı Meydan TV-yə danışan neft sahəsi üzrə mütəxəssis İlham Şaban bildirib ki, Azərbaycan hökumətinin iki devalvasiya qərarı büdcə kəsirinin minimuma enməsində önəmli rol oynadı:

“Təsəvvür edin ki, dolların kursu 0,78 manat olardı və Azərbaycan neftini dollarla satacaqdı, Dövlət Neft Fonduna 5 milyard dollar gəlir gələcəkdi. Həmin 5 milyard dolları fond manata çevirib büdcəyə verməsi üçün 2 dəfə çox xərc çəkməli idi. İkinci, transferlərdən əlavə ölkə daxilindəki layihələri də nəzərə almaq laızmdır. Yəni Dövlət Neft Fondunun xərcləmələri 2014-cü ildən sonra bir dəfə yarım çox olacaqdı. Bu baxımdan “Fitch” beynəlxalq reytinq agentliyinin hesabatındakı Azərbaycanla bağlı hissəni bölüşürəm”.

İlham Şaban

İ.Şaban deyib ki, neftin qiymətinin yüksək olduğu illərdə Azərbaycanın büdcəsi 20 milyard manat idi, bu, 24 milyard dollar edirdi:

“Hazırkı 16 milyard manatlıq büdcə 9 milyard dollardır. Bunun nəticəsi olaraq 2014-c ildə müstəqil ekspertlər bu cür davam edəcəyi təqdirdə fonda vəsaitin qalmayacağını iddia edirdilər. Amma reallıq əksini göstərdi, fondda vəsait nəinki qaldı, hələ arta da bilər”.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Körfəz ölkələrinin qiymətlərin artacağını düşünərək, ciddi devalvasiyaya getmədiklərini xatırladıb:

“Rusiya və Qazaxıstanda isə devalvasiya oldu, Azərbaycan bu mənada ən kəskin addım atdı. Yeganə dövlət oldu ki, yerli valyutanı iki dəfədən çox dəyərdən saldı. Əslində, büdcədə olan bəzi problemlərin həllini yumşaltsa da, bununla yükün böyük hissəsini vətəndaşın çiyninə yüklədi. Amma Körfəz ölkələri vətəndaşın üzərinə yük qoymadı. Bu mənada hesabatda deyilənlər ilk baxışdan tərif kimi görünsə də, təhlillər Azərbaycan dövlətinin vətəndaşın çiyninə ən çox yük qoyduğunu təsdiqləyir. Bu, hökumət adına yaxşı yanaşma sayılmamlıdır.

Natiq Cəfərli

Kommunal xərclər, ərzaq və məişət məhsullarının qiymətləri də devalvasiyanın nəticəsində artdı, əhali isə kasıblaşdı. Dünənə qədər manat ekvivalentində min manatıl olan 1200 dollara sahib idisə, bugün 650-700 dollara sahibdir.  Bu baxımdan hökumət böyük xərci insanların çiyninə qoydu”.

“Fitch” 2017-ci il üçün neftin orta qiymətinin 52,5 dollar/barel olacağını ehtimal edir. Bu qiymət neft hasil edən 14 ölkədən 11-i üçün büdcə kəsirinə səbəb olacaq. Agentlik hesabatında bildirir ki, neft hasil edən ölkələrin fiskal və monetar siyasətlərindəki sərtləşdirmə tədbirlərinə baxmayaraq, tam olaraq neft qiymətlərindəki azalmanın təsirindən qurtulmaq mümkün olmayacaq.

Ana səhifəAnalitika”Fitch”: Azərbaycan devalvasiya ilə qiymətlərin büdcəyə təsirini azalda bildi