Firuz Səxavət Ağdama qayıdacaq

Firuz Səxavət, Mənbə: Bizimmedia.az

Xanəndə pedaqoji fəaliyyətini rayonda davam etdirəcəyini deyir

“Gələcəkdə musiqi fəaliyyətimi Ağdamda davam etdirmək fikrim var”.

Bunu Meydan TV-yə xanəndə Firuz Səxavət deyib.

Muğam ifaçısı bildirib ki, şəhərdə bərpa işləri tam başa çatdıqdan sonra ora köçmək niyyətindədir: “Görürəm ki, işğaldan azad olunan ərazilərdə yenidənqurma işləri aparılır. Güman ki, Ağdam Musiqi Texnikumu, həmçinin musiqi məktəbləri də bərpa olunacaq. Həmin torpaqların havası, suyu yenidən gözəl səslərin yetişməsinə imkan verəcək. Doğrudan da, insanın səsini, nəfəsini təbiət yaradır. İnsan gərək orada yaşasın ki, həmin avazlar təzədən əmələ gəlsin”.

“Əminəm ki, əvvəlki kimi büllur səsli gözəl ifaçılar yetişəcək. Ağdam tam tikiləndən, camaat qayıdandan sonra pedaqoji fəaliyyətimi orada davam etdirməyi düşünürəm. Orada şagirdləri öyrədək, tələbələr yetişdirək. Həmin torpaqlarda gözəl konsertlər verək”, – deyə o bildirib.

Firuz Səxavət (Məmmədov) əslən Ağdamlıdır. 2005-ci ildən Azərbaycan Milli Konservatoriyasında xanəndəlik üzrə dərs deyir.

Ağdam 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki təkrar döyüşlər başlayıb.

44 gün davam edən müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Ağdam 2020-ci il noyabrın 20-də Azərbaycana təhvil verilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

İşğaldan azad olunan ərazilərdə tikinti-bərpa işlərinin aparılması üçün dövlət büdcəsindən ümumilikdə 4,4 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub.

Maliyyə Nazirliyinin ötən ilin avqustuna olan məlumatında bildirilir ki, vəsaitin 16,9%-i və ya 372,1 milyon manatı xərclənib.

Ana səhifəMədəniyyətFiruz Səxavət Ağdama qayıdacaq