Əziz Orucovun məhkəməsində şahidlər ifadə verib

“Onunla əməkdaşlıq etmişik, amma qardaşını tanımırıq”

Foto: Əziz Orucovun şəxsi arxivindən


“Onunla əməkdaşlıq etmişik, amma qardaşını tanımırıq”

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal-13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası olub.

İclasda “Kanal-13”-ün icarə əsasında yerləşdiyi ofisin sahibi Laçın Rüstəmov və kanalın əməkdaşı Xəyal Əzizovun məhkəməyə teleqram göndərərək, istintaqdakı ifadələrini təsdiqlədikləri elan olunub.

X. Əzizov məktubunda ölkədən kənarda olduğuna görə məhkəməyə gələ bilmədiyini yazıb.

Şahidlərdən keçmiş deputat İqbal Ağazadə məhkəməyə çağırılsa da, gəlməyib.

İclasda Müdafiə Nazirliyinin nəzdində yerləşən Hərb Tarixi Muzeyin əməkdaşı Türkan Novruzova və Avrasiya Əməkdaşlıq Fondunun direktoru Nailə Həşimova dindirilib.

Muzeyin əməkdaşı Əziz Orucovu və onun rəhbərlik etdiyi “Kanal-13”-ü internetdən tanıdığını söyləyib:

“Gənclər Fonduna layihə təqdim olunmuşdu. Layihəyə razılıq verildi. Layihə çərçivəsində “Mühasirə” adlı film çəkilməli idi. Bunun üçün Əziz Orucovla əlaqə yaratdıq. Müqavilə bağladıq. Əziz Orucov filmi çəkib, təhvil verdi. Film həm Hərb Tarixi Muzeyində, həm də Gənclər Fondunda nümayiş olundu”.

Türkan Novruzova Ə.Orucovun qardaşı, bir neçə ildir Almaniyada yaşayan Anar Orucovun rəhbərlik etdiyi Qafqaz Media Tədqiqatlar Mərkəzini tanımadığını söyləyib.

Avrasiya Əməkdaşlıq Fondunun direktoru Nailə Həşimova isə Əziz Orucovla 2017-ci ilin martında sənədli film və hüquqi verilişlərin çəkilməsi haqda müqavilə bağladığını deyib:

“Hüquqi verilişlər çəkilib, təhvil verilib. Amma mayda Əziz Orucov həbs olunduğundan sənədli filmi çəkib təhvil verməsi mümkün olmayıb. Bu üzdən Avrasiya Əməkdaşlıq Fondu müqaviləyə birtərəfli qaydada xitam verib”.

Məhkəmə prosesi noyabrın 10-da davam edəcək.

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qəbul etmir.

“Kanal 13” internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi Anar Orucovdur. O, bir neçə ildir ki, Almaniyada yaşayır.

Bir neçə ay əvvəl “Kanal 13”-lə bağlı cinayət işi açılıb, Bakı bürosunda axtarış aparılıb, kompüterləri götürülüb. Ardınca internet resursu fəaliyyətini dayandırıb.

Ana səhifəXəbərlərƏziz Orucovun məhkəməsində şahidlər ifadə verib