Əziz Orucov ev dustaqlığına buraxılmadı

Ana: ”Müstəntiq dedi ki, səni də, gəlinini də tutacam”

Source:


Ana: ”Müstəntiq dedi ki, səni də, gəlinini də tutacam”

“Qanunda varmı qardaşın cəzasını başqa qardaş çəkməlidir? Əgər nəsə olubsa, Anar edib, Əziz heç bir müqaviləyə qol çəkməyib. Az-çox nəsə edibsə, Anar edib”.

Bu sözləri məhkəmədə “Kanal-13” internet televiziyasının həbsdə olan direktoru Əziz Orucovun anası Almaz Həsənova deyib.

Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Meydan TV-nin məlumatına görə, hakim  Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda vəkil Cavad Cavadlı müvəkkili barəsində həbs-qətinkan tədbirinin ev dustaqlığı və ya girovla əvəz edilməsi barədə vəsatət verib. Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib.

Vəkil Əlbaba Rzayev isə prokurorun etirazını əsassız sayıb.

Vəkil Elçin Sadıqov da hesab edib ki, vəsatət təmin edilməlidir:

“Əgər məhkəmə hesab edirsə, o, qaçıb gizlənər, bununla bağlı lazım olan tədbirləri görə bilər”.

Müşavirədən sonra hakimlər vəsatətin təmin edilmədiyini elan ediblər.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən Ə.Orucov özünü təqsirli bilmədiyini deyib. Daha sonra iclasda şahidlər ifadə verib.

Ə.Orucovun anası Almaz Həsənova ifadəsində bildirib ki,  oğlunun həm də müəlliməsi olub:

“İki qardaş gəlib Bakıda oxudular, sonra işlədilər. Digər oğlum Anar Orucov təşkilat yaratmışdı. Qrant alıb işlərini görürdülər. Ancaq o qədər böyük pulları olmurdu. Onların ev kirayəsini həmişə biz rayondan göndərirdik. Sonra gəlib Əzizi tutdunuz ki, pul yeyib. Bilmirəm, qanunda varmı qardaşın cəzasın başqa qardaş çəkməlidir? Əgər nəsə olubsa, Anar edib, Əziz heç bir müqaviləyə qol çəkməyib. Az-çox nəsə edibsə, Anar edib. Mən istintaq zamanı müstəntiqə dedim ki, əgər kimsə cinayət törədirsə, onun anası və müəllimi günahkardır. Müstəntiq də dedi: “Gözəl fikirdir. İndi səni də, gəlnini də tutacam. Anarı da gətizdirəcəm”. Mən də dedim ki, yaxşı olar. Balalarımla harda olsam, xoşbəxt olaram”.

A.Həsənova bildirib ki, Anar Orucov gedəndən sonra təşkilata sədr seçilib, lakin hər hansı fəalliyyətləri olmayıb:

“Məni iki dəfə dindiriblər. Birinci dəfə üç saat orada saxladılar, şəxsiyyətimi alçatdılar. O sözləri burada deməyə utanıram. Orada komaya düşdüm. Onlara dedim özümü pis hiss edirəm, kömək edin gedim, buraxmadılar. Oradan xəstəxanaya getdim. Bir gün reanimasiyada qaldım. Sonra evdə müalicəmi davam etdirdim. Məni Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində müstəntiq Orxan Babayev dindirirdi. Nümayəndəmi də dindirməyə buraxmadılar. Amma ikinci dəfə nümayəndəm yanımda olub”.

Hakim isə bildirib ki, iş materiallarında Almaz Həsənovanın imzaladığı sənəd var. Orada nümayəndə istəmədiyini bildirib. A.Həsənova isə deyib ki, birinci dəfə ifadə verəndə özünü pis hiss edib və evə gedəndə dəhlizdə müstəntiq arxasınca qaçaraq ona bir sənədin yaddan çıxıb imzalanmadığını deyib və onu imzalatdırıb. A.Həsənova nümayəndəni həmişə yanında istədiyini və belə bir sənədi öz istəyi ilə imzalamasının mümkünsüz olduğunu deyib.

İclasda Ə.Orucovun həyat yoldaşı Lamiyə Orucova da dindirilib. O, “Kanal 13”-də çalışdığını deyib:

“Əziz kanalda adi jurnalist olub. Anar gedəndən sonra Əziz kanala rəhbərlik edib. İşçilərin maaşını da axşam saat 6-dan sonra “Uber”də taksi sürməklə ödəyirdi”.

Proses oktyabrın 17-də davam edəcək.

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir.

Ana səhifəXəbərlərƏziz Orucov ev dustaqlığına buraxılmadı