"Tofiq Yaqubluya aclıq aksiyasını dayandırması üçün müraciət etmək niyyətindəyik"
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun azad olunması üçün hökumətlə danışıq aparır.
Bu barədə Meydan TV-yə danışan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Əvəz Həsənov bildirib.
O deyib ki, hökumətlə danışıqları Novella Cəfəroğlu aparır: “Biz Tofiq Yaqubluya aclıq aksiyasını dayandırması üçün müraciət etmək niyyətindəyik, çünki istəmirik o, həyatına qəsd etsin”.
Əvəz Həsənov Tofiq Yaqublunun azad olunacağına ümid etdiyini deyib: “İşçi Qrupuna daxil olan hüquq müdafiəçiləri Tofiq Yaqublunun aclıq elan etdikdən sonra səhhətində problemlərin yaranmasını nəzərə alaraq onun işinə yenidən ədalətli baxılması və həbsdən azad olunması məqsədilə hökumət nümayəndələri ilə danışıqları davam etdirirlər. Hüquq müdafiəçiləri ümid edirlər ki, tez bir zamanda onun azad olunması üçün prosedur müəyyən olunacaq”.
T.Yaqublu martın 22-dən həbsdədir.
Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində onun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.
T.Yaqublu CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə təqsirli bilinib.
İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.
T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib.
O bildirib ki, “8-ci kilometr bazarı”nın qarşısında park olunmuş maşınında əyləşib bazardan qayıdacaq həyat yoldaşını gözlədiyi vaxt maşını qəsdən vurulub. Daha sonra maşını vuran sürücü Elxan Cəbrayılov və yanında olan Cəvahir Cəbrayılova ona hücum edib. Həmin vaxt anlayıb ki, bu, təxribatdır.
Tofiq Yaqublu həbsinə etiraz olaraq 8 gündür aclıq aksiyası keçirdir.
"Human Rights Watch", "Amnesty International" təşkilatları, ABŞ-ın, Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri Tofiq Yaqublunun dərhal azad edilməsi ilə bağlı bəyanat yayıblar.