Natiq Cəfərli: ”Azərbaycanın qaz satdığı ölkələrdə mavi yanacağın qiyməti endirilir, bizdə isə bahalaşır”
Ermənistan hökuməti ölkədə təbii qazın daxili qiymətinin salınması barədə qərar verib. AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, qazın “əhəmiyyətli dərəcədə” ucuzlaşdırılması təklifiylə Ermənistanın Rusiyaya məxsus qazpaylama şəbəkəsi çıxış edib.
Yanvarın 1-də Ermənistanda və Azərbaycanda…
Ermənistanda İctimai Xidmətlərin Nizamlanması Komissiyasının açıqlamasında deyilir ki, ev təsərrüfatında işlənən təbii qazın bir kubmetrinin qiyməti 5 faiz endirilir – 147 dramdan 139 drama düşür (29 ABŞ senti və ya 51 qəpik). Azgəlirli ailələr isə təbii qazın hər kubmetrinə görə 100 dram (21 sent) ödəyə bilərlər. Ancaq belə ailələr onlara düşən limiti keçmədikləri halda ucuz qazdan yararlanacaqlar. Korporativ, yəni ümumi istehlakçılardan ötrü Ermənistanda təbii qaz 15 faiz ucuzlaşacaq. Bu istehlakçılar qazın bir kubmetrinə 116 dram (24 sent) ödəyəcəklər. İstixana sahiblərinə, ərzaq məhsulları istehsal edənlərə daha çox güzəşt olunur, onlar qazın hər kubmetrinə görə 102 dram (21 sent) xərcləyəcəklər. Azərbaycanda isə Tarif Şurası ölkədə təbii qazın qiymətini qaldırdı. Artım illik istehlak həcmi 1500 kubmetrdən çox olan hissə üçün nəzərdə tutulub, bu cür istifadəçilər yanvarın 1-dən bir kubmetrə görə 20 qəpik, yəni 11.4 ABŞ senti ödəyəcəklər.
Ucuzlaşma təklifi baş nazirdən gəlib
Ermənistanda da qazın ucuzlaşmasıyla bağlı qərar gələn il, yanvarın 1-dən qüvvəyə minir. Bundan cəmi bir neçə ay sonra isə ölkədə parlament seçkisi keçiriləcək və səsvermədə hakim Respublika Partiyasının qalib gələcəyi gözlənilir. Ucuzlaşma təklifini prezident Serzh Sarkisian-ın sentyabrda təyin etdiyi baş nazir Karen Karapetian da irəli sürmüşdü. K.Karapetian son 5 ildə Rusiyada yaşayıb, Ermənistanın təbii qaz tələbatının 80 faizini ödəyən dövlət şirkətində – “Gazprom”da rəhbər vəzifələrdə çalışıb, 2001-2010-cu illərdə Ermənistana təbii qazın ötürülməsi məsələlərinə baxıb. O, Ermənistanın baş naziri vəzifəsinə təyin olunandan az sonra – noyabrın 1-də “Gazprom”un rəhbəri Aleksei Miller Yerevana gedibmiş. Elə bu səfərdən sonra “Gazprom-Ermənistan” operatoru təbii qazın tariflərinin endirilməsi təklifini irəli sürüb. Amma rəsmilər təsərrüfat üçün nəzərdə tutulmuş ucuzlaşmanın Ermənistanda təbii qazın topdansatış tarifini salmadığını, qazın hər min kubmetrinin yenə də 150 ABŞ dolları olduğunu vurğulayıblar.
“Ucuzlaşma Gazprom-Ermənistan şirkətinin 13 milyard dramlıq gəlirdən məhrum olması ilə nəticələnəcək”
“Gazprom-Ermənistan”ın baş direktoru Hrant Tadevosian deyib ki, ucuzlaşma şirkətin ildə 13 milyard dramlıq (27 milyon ABŞ dolları) gəlirdən məhrum olmasıyla sonuclanacaq. Şirkət bu itkini böyük istehlakçıların hesabına ödəyəcəyinə ümidlidir. H.Tadevosian söyləyib ki, Gürcüstan Rusiya qazını Ermənistana ötürdüyünə görə aldığı tranzit haqqını salsa, onların şirkəti ziyanın öhdəsindən gələ bilər. Hazırda Tbilisi ilə bu yöndə danışıqlar gedir.
Ermənistan hökuməti ilin sonuna elektrik enerjisini də ucuzlaşdırmağı planlayır. Çünki ölkədə elektrik enerjisinin 1/3-dən çoxu təbii qaz hesabına əldə olunur.
“Dünyada gedən trendlər Azərbaycanda həmişə tərsinə olur”
Ermənistan hökumətinin qərarıyla Azərbaycan Tarif Şurasının 28 noyabr qərarı arasında müqayisə aparan iqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, bütün ölkələrdə son 2 ildə istehlakçılara verilən qazın qiymətində ciddi endirimlər olub. Avropada 2014-cü ildə qazın ortalama qiyməti 414-420 dollar arası dəyişirdisə, bu gün rəqəm 230 dollara qədər enib:
“Dünyada qazın qiymətinin düşməsi istehlakçılara da təsir göstərir və bütün ölkələrdə qiymətlərin enməsi müşahidə olunur. Hətta Amerika vətəndaşları dünyanın ən ucuz qaz istehlakçılarından biridir. Təqribən 1000 kubmetrinə 150 dollara yaxın vəsat xərcləyirlər. Orta aylıq əmək haqqlarını götürdükdə, çox azdır. Təəssüf ki, dünyada gedən trendlər Azərbaycanda həmişə tərsinə olur. Ən qəribəsi Azərbaycanın qaz satdığı ölkələrdə qiymət endirimlərinin müşahidə olunmasıdır. Məsələn, Gürcüstanda son zamanlar iki dəfə az da olsa endirim oldu. Yanvardan da daha 10 faiz endirim olması gözlənilir. Bu proseslər onu deməyə əsas verir ki, Azərbaycan qaz istehsalçısı olmasına baxmayaraq, qiymətlərin tənzimlənməsində ciddi problemlər var”.
“Hökumət gəlir yerlərinin artırılmasında və büdcənin formalaşmasındakı yükü əhalinin üzərinə qoyur”
N.Cəfərli bildirib ki, Ermənistan qazı Gürcüstan üzərindən Rusiyadan alır. Buna baxmayaraq, Rusiya başqa ölkələrə olduğu kimi Ermənistana da endirim edir. Hökumət də həmin endirimi əhalinin isifadə etdiyi qazın qiymətindən çıxır. Təqribən 5 faizə yaxın endirim olacaq. Amma Ermənistanda qazın qiyməti bizdən 2 dəfədən çox bahadır və bunun obyektiv səbəbi onların qazı Rusiyadan almasıdır:
“Azərbaycan isə qaz istehsalçısıdır. 28 noyabr qərarının birinci səbəbi büdcə gəlirlərindəki problemdir. Hökumət ciddi islahat qərarları verməkdənsə, gəlir yerlərinin artırılmasında və büdcənin formalaşmasındakı yükü əhalinin üzərinə qoyur. İkincisi, Azərbaycanın Gürcüstan və Türkiyəyə əlavə qaz satmaq öhdəliyi var. Birinciyə 500 milyon kubmetr, ikinciyə son 10 ayda 13 faiz qaz ixracı artıb. Xatırlayırsınızsa, Gürcüstan Azərbaycanı qaz məsələsində şantaj etdi. Açıq dedilər ki, Rusiya və İranla qaz anlaşmasına gedə bilərlər. Hökumət də güzəştə getdi. Belə çıxır ki, hökumət daxili bazarda əhalinin hesabına qənaətə getməklə öhdəliklərini yerinə yetirməyi düşünür. Bunun hesabına Gürcüstan və Türkiyəyə əlavə qaz satıb az da olsa, valyuta almaq istəyir. Beləliklə, sadaladığım səbəblər nəticə etibarıyla 28 noyabr qərarına gətirdib çıxartdı”.
“Hökumət son qiymət artımında əlavə 300 milyon manata yaxın vasait götürəcək”
İqtisadçı bildirir ki, görünür, hökumət problemlərin ciddi həllinə çalışmaqdansa, əhalinin belinə əlavə yüklər qoymaqla məşğuldur: “Təqribi hesablamalara görə hökumət son qiymət artımında əlavə 300 milyon manata yaxın vasait götürəcək. Gələn il İslam Oyunları və Formula 1 yarışlarına isə 317 mln. manat xərclənəcək. Bu məntiqsizlik və uyğunsuzluq vətəndaşlarda ciddi təpkiyə yol açır. Çünki həmin idman yarışlarının Azərbaycanın tanıtıma verəcəyi xeyir sual altındadır. Ən böyük xərcləmələrimiz Avropa Oyunlarında oldu, amma o vaxt gələn turistlərin sayı əvvəlki ilə nisbətən 15 faiz azalmışdı. Deməli, bu tipli oyunlarla ölkəyə əlavə turist cəlb etmək mümkünsüzdür. Təəssüf ki, hökumət baş verənlərdən nəticə çıxartmır və hələ də idman oyunları vasitəsilə müəyyən tanıtımın həyata keçirəcəyini düşünür. Bu isə əksinə işləyir və insanlarda qıcıq, daxili etiraza səbəb olur”.