Mənbə: Ruptly

Ermənistanda böhran: ordu Paşinyana qarşı

Məqalə yeniləndi:  25 Fevral 2021

Paşinyan qeyd edib ki, o və ailəsi Ermənistandan qaçmağa hazırlaşmır

Fevralın 25-də Ermənistan hakimiyyəti ilə müxalifəti arasındakı münaqişə gözlənilməz vəziyyət alıb. Silahlı Qüvvələrin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın və onun hökumətinin təcili istefaya getməsini tələb edib.Buna bilavasitə səbəb qurumun rəis müavini Tiran Xaçatryanın işdən çıxarılması olub. Belə ki o, Paşinyanın guya ki Rusiyanın istehsalı olan “İskander” raketinin keyfiyyətsiz olması barədə bəyanatını tənqid edib.

Ermənistanın Baş naziri buna cavab olaraq Baş qərargahın rəhbəri Onik Qasparyanı işdən çıxarıb.“Hazırkı hakimiyyətin qeyri-effektiv fəaliyyəti və xarici siyasətdə ciddi səhvləri ölkəni məhvin astanasına gətirib çıxarıb. Baş nazir və Ermənistan hökuməti erməni xalqı üçün bu böhranlı və taleyüklü vəziyyətdə bundan belə adekvat qərarlar vermək iqtidarında deyil. Yaranan vəziyyətlə əlaqədar Ermənistanın Silahlı Qüvvələri Baş nazirin və Ermənistan Respublikası hökumətinin istefasını tələb edir və eyni zamanda onu xalqa qarşı güc tətbiq etməkdən uzaq durması ilə bağlı xəbərdar edir”, – Baş qərargahın bəyanatında deyilir.

Paşinyan da tərəfdarlarını Respublika meydanına çıxmağa çağırıb.Nikol Paşinyan Baş qərargahın tələbini "hərbi çevriliş cəhdi" adlandırıb. “Bütün tərəfdarlarımızı Respublika meydanına çağırırıq. Polis və digər hüquq-mühafizə orqanları təhlükəsizliyi təmin edəcək”, – o, "Facebook"da yazıb. Nikol Paşinyan yerli vaxtla 14:00-da Respublika meydanına tərəfdarlarının qarşısına çıxıb. Baş nazir ölkədəki vəziyyəti gərgin, lakin idarə oluna bilən adlandırıb.

“Biz toqquşmanın olmaması barədə razılığa gəlməliyik, – o bəyan edib. – Ermənistanın daxilində bizim düşmənimiz yoxdur”.Paşinyanın sözlərinə görə, hərbçilərin bəyanatı emosional reaksiya olub. Paşinyan qeyd edib ki, o və ailəsi Ermənistandan qaçmağa hazırlaşmır.Vətənin Xilası üzrə Hərəkat müxalifət partiyası öz tərəfdarlarını Baş qərargaha dəstək çıxmaq üçün Azadlıq meydanında toplaşmağa çağırıb.Digər siyasi qüvvə – Çiçəklənən Ermənistan Partiyası Baş qərargahın bəyanatını dönüş nöqtəsi adlandırıb. “Silahlı qüvvələrin və Baş qərargahın xalqın və dövlətçiliyin yanında dayanması barədə bəyanatı dönüş nöqtəsi olub. Biz Nikol Paşinyanı vətəndaş müharibəsinə getməməyə, ölkə daxilində erməni qanı tökməməyə, ermənilər arasında düşmənçilik yaymamağa çağırırıq. Paşinyanın heç bir sarsıntı olmadan siyasi yolla getməsi üçün sonuncu şansı var”, – partiyanın bəyanatında deyilir.

Onik Qasparyan (solda) və Nikol Paşinyan

Onik Qasparyan (solda) və Nikol Paşinyan

Mənbə: Turan İA

“Biz Ermənistandakı vəziyyəti həyəcanla izləyirik. Biz onu Qafqazda çox mühüm və yaxın müttəfiqimiz olan Ermənistanın daxili işi sayırıq”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Ermənistan silahlı qüvvələrinin Baş qərargahı daha sonra ikinci bəyanatla çıxış edib və Paşinyanın istefası ilə bağlı öz mövqeyini təsdiqləyib. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbər tərkibinin fevralın 25-də səhər yaydığı bəyanatı heç kim tərəfindən yönəlməyib və heç kimin təzyiqi ilə edilməyib. Bu, məqsədləri Vətənin böhranlı anında ona xidmət etmək olan general və zabitlərin dəqiq əqidəsidir. Biz bir daha öz dəqiq əqidəmizi təsdiqləyirik”, – bəyanatda qeyd olunur. Ermənistanın Baş Prokurorluğu generalların bəyanatını mühakimə edib. “Xəbərdarlıq edirik ki, istənilən qeyri-qanuni, qeyri-konstitusiyalı prosesin həlli ən ciddi şəkildə hüquqi qiymətləndirməyə məruz qalacaq və bütün ciddiyyəti ilə qanunla təqib olunacaq”, – Baş Prokurorluğun bəyanatında deyilir.

Daşnaksütyun Partiyasının sədri İşxan Saqatelyan bəyan edib ki, prokurorluq Paşinyanın əmri ilə Müdafiə Nazirliyinin binasında generalların həbsinə sanksiya hazırlayır.Ermənistanın Prezidenti Armen Sarkisyan da ölkə vətəndaşlarına müraciət edib. “Mən hamını təmkinli olmağa və soyuq ağlını qoruyub saxlamağa, ciddi şəkildə konstitusiya çərçivəsində hərəkət etməyə çağırıram. Mən gərginliyin azalması və vəziyyətin dinc yolla həll olunması üçün təcili olaraq ölçü götürürəm”, – Sarkisyan bəyan edib.

Ermənistanın ikinci prezidenti Robert Koçaryan erməni xalqını Baş qərargahın Paşinyanın istefası barədə tələbini dəstəkləməyə çağırıb.Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan həmçinin analoji bəyanatla çıxış edib.

Birinci prezident Levon Ter-Petrosyan isə hakimiyyət və müxalifəti vətəndaş müharibəsinə yol verməməyə çağırıb.

Bununla belə, Ermənistanda hakimiyyət və müxalifəti dəstəkləyən vətəndaşların eyni vaxtda keçirdikləri aksiyalar artıq qarşıdurmaya gətirib çıxarıb. Polis ciddi toqquşmaların qarşısını çətinliklə alıb. Vəziyyət gərgin olaraq qalır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  25 Fevral 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hgea6j

Ən çox baxılan