”Biz hələ Ermənistanın Rusiya ilə birgə hansı plan hazırladığını bilmirik”
“Ermənistan Qarabağ münaqişəsinin nizama salınmasında güzəştlərə hazırdır”.
“RİA-Novosti” agentliyi xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarqsyan deyib.
S. Sarqsyan bildirib ki, Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların güclənməsi genişmiqyaslı müharibəyə səbəb ola bilər: “Bu, təkcə Cənubi Qafqaza yox, Avropa regionunda sabitlik və təhlükəsizlik məsələlərinə də təsir edəcək”.
S. Sarqsyan Türkiyəni Azərbaycana dəstək verməkdə ittiham edib. O, İrəvanın məntiqli kompromislərə hazır olduğunu vurğulayıb. Eyni zamanda, əlavə edib ki, hərbi əməliyyatlar genişlənərsə, Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıya bilər.
Məlumatı Meydan TV-yə şərh edən siyasi şərhçi Elxan Şahinoğlu Azərbaycanı sakitləşdirmək üçün bunun təxribat olacağını da istisna etməyib: “Biz hələ Ermənistanın Rusiya ilə birgə hansı plan hazırladığını bilmirik. Cəbhə bölgəsindən gələn xəbərlərdə Azərbaycan ordusunun müəyyən qədər uğurlar qazandığı göstərilir. İkinci, Azərbaycan itkilərə müəyyən qədər də hazırdır, çünki öz torpaqları uğrudan döyüşür, amma Ermənistan vətəndaşları itkilərtə hazır deyil. Üçüncü, müharibə üçün pul və enerji də lazımdır. Biz illərdir buna hazırlaşmışıq. Ermənistan isə iqtisadi baxımdan ağır durumdadır. Güman ki, Ermıənistanda real vəziyyətdən narahatlıq var”.
Siyasi şərhçi Azərbaycanın güc nümayişinin Ermənistana da lazım olduğunu düşünür: “Güc görməyəndə Ermənistan hakimiyyəti güzəştə getməyəcək və Qarabağ ətrafındakı rayonları boşaltmağa özünü inandırmayacaq. İndi Ermənistan cəmiyyəti də Azərbaycanın Qarabağ ətrafı rayonların işğalıyla razılaşmayacağını gördü. Bu mənada ilkin addımı qarşı tərəf atmalıdır. Bununla belə Sarqisyanın açıqlaması Azərbaycanı sakitləşdirib sonra hansısa mərhələdə əks-hücuma keçmək üçün hiylə də ola bilər”