PKK

Mənbə: Foto: google.az

Başlıq: PKK

Ərəstun Oruclu: Azərbaycan birmənalı şəkildə PKK-nı terror təşkilatı hesab edir

Məqalə yeniləndi:  14 Oktyabr 2019

Fazil Mustafa: “Bununla bağlı ayrıca qanuna ehtiyac yoxdur”

Rəsmi Bakı Suriyanın şimalında Türkiyənin həyata keçirdiyi “Sülhün mənbəyi” antiterror əməliyyatına dəstək verib.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ötən həftə bəyanat yayıb. XİN Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatın Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyə xidmət edəcəyinə əmin olduğunu bildirib.

Türkiyəyə Azərbaycan tərəfindən verilən dəstək rəsmi Bakının PKK-nı terror təşkilatı kimi tanıması, terror təşkilatları haqda qanunun olub-olmaması sualını bir daha aktuallaşdırıb.

Araşdırma nəticəsində məlum olub ki, Milli Məclis 1999-cu il iyunun 18-də “Terrorizmə qarşı mübarizə haqqında” qanun qəbul edib. Terror təşkilatlarına rəsmi münasibət də bu qanun əsasında formalaşır.

“Azərbaycanın Türkiyənin problemlərini öz problemləri kimi qəbul etməsi həmişə olub”

ABŞ-da mühacir həyatı yaşayan siyasi icmalçı Ərəstun Oruclu hesab edir ki, Azərbaycan kimi ölkələrin hansısa təşkilatı rəsmi olaraq terror təşkilatı qismində tanıması risklər yaradır.

“Şübhəsiz, terror təhlükəsi hər bir dövlət üçün həmişə var. Heç bir dövlət bundan yüz faiz sığortalanmayıb. Ancaq hər halda, ortaya rəsmi sənəd şəklində mövqe qoyan ölkələrin hədəf seçilməsi riski daha çoxdur”.

Ərəstun Oruclu

Ərəstun Oruclu

Mənbə: Foto: Meydan tv

Amma Ərəstun Oruclu Milli Məclisin belə bir sənəd qəbul etməsi faktına rast gəlmədiyini dedi:

“Konkret olaraq, PKK-nı terror təşkilatı kimi tanıyan qanunun qəbul edilməsi məsələsi isə hər dəfə gündəmə gətiriləndə hakimiyyət təmsilçiləri, parlament rəhbərliyi bəyan edib ki, onsuz da PKK Azərbaycan tərəfindən terrorçu təşkilat olaraq tanındığına görə xüsusi qanunun qəbuluna ehtiyac yoxdur. Azərbaycan tərəfi müxtəlif səviyyələrdə dəfələrlə bildirib ki, Türkiyənin problemi onun problemi, Türkiyənin sevinci onun sevincidir. Türkiyə PKK-nı terror təşkilatı kimi tanıdığına görə Azərbaycan da onu birmənalı şəkildə terror təşkilatı hesab edir. Bu, müzakirə edilməyəcək bir mövzudur. Azərbaycanın Türkiyənin problemlərini öz problemləri kimi qəbul etməsi həmişə olub və bundan sonra da olacaq”.

“Bununla bağlı ayrıca qanuna ehtiyac yoxdur”

Məsələni Meydan TV üçün şərh edən deputat Fazil Mustafa xatırladıb ki, Azərbaycan XİN-in bu məsələ barədə konkret mövqeyi var.

“PKK üzvü olan şəxslərin ölkəyə giriş-çıxışı qadağan olunur. Eyni zamanda, nazirlik bəyanatda Türkiyəni dəstəklədiyini qeyd edib. PKK Azərbaycan ərazisində fəaliyyət göstərmir. Azərbaycan yalnız öz hüdudlarında terror fəaliyyəti gerçəkləşdirən təşkilatları terrorçu qurum kimi tanıyır. Ona görə də bununla bağlı ayrıca qanuna ehtiyac yoxdur. Bu, sırf XİN səviyyəsində münasibət bildirilən məsələdir”, - Fazil Mustafa deyib.

Bununla belə deputat PKK-nın Almaniya, ABŞ kimi ölkələrin ərazisində fəaliyyət göstərmədiyi halda, həmin ölkələrin bu təşkilatı terrorçu kimi tanıması sualına cavabında qeyd edib ki, bu dövlətlər də qanun qəbul etməyib.

Fazil Mustafa

Fazil Mustafa

Mənbə: Foto: Meydan tv

“ABŞ-da Dövlət Departamenti açıqlama yayır ki, PKK-nı terror təşkilatı kimi tanıyırlar, Almaniyada da bunu XİN bildirir. Amma xüsusi qərar və qanun yoxdur. Sadəcə, siyahılar hazırlayıb yayırlar. Azərbaycanda müvafiq qanun var, amma konkret təşkilat adı qeyd olunmur. Bu, düzgün mövqedir. Çünki terror təşkilatlarına qarşı ümumiləşmiş prinsiplər olmalıdır. XİN vasitəsilə açıqlama verilirsə ki, filan təşkilıat terror təşkilatıdır, bu, kifayətdir”, - deputat qeyd edib.

“2000-ci illərdə Azərbaycan 33 PKK üzvünü Türkiyəyə təhvil verib”

Hüquqşünas Səməd Rəhimli prinsip etibarı ilə Fazil Mustafa ilə razılaşdığını deyib:

“Adətən, biz yanılırıq ki, ABŞ-da, Avropa Birliyində, BMT-də siyahılar var. Həmin siyahılar terrorçu təşkilatları tanımağı özündə ehtiva edir. Amma Azərbaycanın belə siyahısı yoxdur. Nəticədə belə bir təəssürat yaranır ki, sanki Azərbaycan hökuməti, parlamenti xüsusi qanun qəbul etməlidir və orada PKK-nı terror təşkilatı kimi xüsusi qeyd etməlidir. Buna ehtiyac yoxdur. Çünki “Terrorizmə qarşı mübarizə haqqında” qanunun 21-ci maddəsində beynəlxalq əməkdaşlıq göstərilib. Qeyd olunub ki, Azərbaycan Respublikası tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən terrorizmə qarşı mübarizə sahəsində xarici dövlətlərlə, onların hüquq-mühafizə orqanları ilə, habelə terrorizmə qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”, - Səməd Rəhimli deyib.

Hüquqşünas vurğulayıb ki, parlament bu qanunu qəbul edibsə, əməkdaşlığı hökumət etməlidir.

“Yəni hökumət hər atdığı addıma görə bir qanun qəbul etməli deyil. Bundan əlavə prezident İlham Əliyevin 2011-ci ildə bəyanatı var. Orada bildirib ki, Azərbaycan PKK-nı terror təşkilatı kimi tanıyır. “Terrorizmə qarşı mübarizə haqqında” qanunun 5-ci maddəsində yazılıb ki, terrorçuluqla mübarizəyə müvafiq icra hakimiyyəti orqanı rəhbərlik edir və qanunun tətbiqi haqqında prezidentin fərmanı var. Fərmanda göstərilib ki, bu səlahiyyəti prezident özü həyata keçirir. Beləliklə, həm Azərbaycan prezidenti hökumətin və dövlətin rəhbəri kimi, həm də prezidentin xarici siyasətini həyata keçirən XİN PKK-ya qarşı mövqeyini ifadə edib”, - hüquqşünas bildirib.

Səməd Rəhimli

Səməd Rəhimli

Mənbə: Foto: google.az

O xatırladıb ki, Azərbaycan 2000-ci illərin əvvəllərində ölkəyə gələn PKK üzvlərini Türkiyəyə təhvil verib.

“Ən məşhur işlərdən biri Almaniyada sığınacaq almış, əslən kürd olan Elif Pelit olayı idi. Anraka onu PKK üzvü olduğunu bildirirdi. 2007-ci ildə BMT-nin İşgəncələr Əleyhinə Komitəsi bu məsələyə baxıb. Ancaq Azərbaycan BMT-nin tələbinə baxmayaraq onu tutub, Türkiyəyə təhvil verdi. Elə 2000-ci illərdə Azərbaycan rəsmi açıqlama yaydı ki, 33 PKK üzvünü Türkiyəyə təhvil verib. Bundan sonra PKK üzvləri riskli ölkə olduğundan Azərbaycana gəlmədilər".

Səməd Rəhimli hesab edir ki, belə faktlara görə, Ankaranın bu məsələdə hər hansı narazılığı yoxdur.

Onun sözlərinə görə, Qərb dövlətləri terrorçu təşkilatların siyahısını hazırlamaqla həm onlara, həm də maliyyə dəstəyi verənlərə sanksiya qoyurlar. Səməd Rəhimli qeyd edib ki, bu gün dünya maliyyə mərkəzi ABŞ olduğundan terror qruplarının maliyyə mənbələrindən istifadə etməmələri üçün özü bir siyahı yaradıb.

“Azərbaycanın belə maliyyə sistemi olmadığına görə xüsusi siyahı yaratmağa zərurət yoxdur. Ancaq Maliyyə Nazirliyinin terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı siyahısı var. Bu işi Maliyyə Monitorinqi Mərkəzi (Maliyyə Nazirliyinin tərkib hissəsində) terrorçuluğun maliyyələşdirilməsi əleyhinə qanunvericilik çərçivəsində həyata keçirir. Bundan əlavə BMT-nin terror təşkilatları ilə bağlı konsolidasiya olunmuş siyahısı var. Azərbaycan XİN bu siyahıya riayət etməsi barədə açıqlama verib. Ancaq həmin siyahıda PKK-nın adı yoxdur. Ona görə də Bakı BMT ilə əməkdaşlığında PKK-ya qarşı tədbir görməsi mümkün deyil. Ümumi mənzərə bundan ibarətdir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  14 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3o92eo

Ən çox baxılan