100 illik tarixi olan irland pasxa üsyanı
Tarixin dolambaclarında bəzən ilginc mübarizə hekayələrinə rastlanılır. Xalqların istiqlaliyyətinə qovuşması, dövlətlərin yaranması bəzən inanılmaz bir tarixlə müşayiət edilir.
Hazırda bütün dünyada 100 illik tarixi qeyd və təhlil edilən Birinci Dünya Müharibəsi, onmilyonlarla insanın qətlinə səbəb olmuş dəhşətli bəşəri faciə olmaqla yanaşı, tarixin mühəriri rolunu oynadı. Birinci Dünya Müharibəsi dörd imperiyanın (Bismarkın 1871-ci ildə yaratdığı Alman İmperiyası (II Reich), Avstriya-Macarıstan, Rusiya və Osmanlı İmperatorluğu) dağılmasına səbəb oldu və o zamanın ən böyük (dünyanın az qala 3/2-sini əhatə edən) və qədim imperiyası olan Böyük Britaniyanın da dünya ağalığına son qoydu. Təbii ki, bunlar çox böyük qan və vətəndaş müharibəsi ilə müşayiət edilirdi.
Lakin bunlarla yanaşı, bəşər tarixində heç bir zaman görünməmiş bir miqyasda tüğyan edən bu müharibə siyasi, ictimai və mədəni həyatda ən paradoksal hadisələrə və dəyişmələrə gətirib çıxardı. Fortepiano musiqisində tək əllə ifa edilən konsertlərin (bunlar xüsusi olaraq müharibədə sağ əlini itirmiş avstriyalı pianoçu, XX əsrin ən məşhur filosoflarından biri olan Ludwig Wittgenstein’nin qardaşı Paul Wittgensteinüçün yazılmışdı) yazılmasından başlayaraq elmi-texniki və tibbi sahədə müstəsna açılışları burada qeyd etmək olar.
Bunlarla yanaşı, bu müharibə eyni zamanda bir çox yeni dövlətin yaranmasına rəvac verdi, müharibənin nəticəsində baş vermiş parçalanmalar, geosiyasi kolliziyalar bu yeni dövlətlərin yaranışına səbəb oldu – demək olar ki, o zamankı bütün Şərqi Avropa dövlətləri (Polşa, Macarıstan, Çexoslovakiya, Yuqoslaviya, bundan başqa, Finlandiya və Baltikyanı ölkələri) belə yarandı. Bu dövlətlərdən bəziləri öncələr mövcud olmuş, lakin sonradan böyük imperiyalar tərəfindən işğal edilmişdi, başqaları isə sırf bu müharibənin səbəbindən yoxluqdan var olmuşdular. Təsadüfi deyil ki, Azərbaycanın da dövlət kimi intişarı məhz bu tarixdə, 1918-ci ildə baş verdi.
Bu proseslər zamanı coğrafiyanın tam əks tərəfində, Qərbi Avropada yegənə yeni bir dövlət yarandı, o da çox uzun müddət istiqlalı üçün mücadilə etmiş İrlandiya idi. Çox uzun illər metropoliya tərəfindən Böyük Britaniyanın bərabərhüquqlu bir hissəsi kimi qəbul edilən, Britaniya İmperiyasının bütün kolonial savaşlarında şotlandlarla bərabər ilk sıralarda gedən irlandlar, bütün bunlara rəğmən, özlərini sadəcə imperiyanın qərb koloniyası kimi hiss etməkdə idilər.
Bunun ən güclü təzahürü özünü dil faktorunda göstərməkdə idi. Yerli kelt dilləri qrupuna daxil olan İrland dili, ingilis dilinin uzunəsrlik assimlyativ təsiri nəticəsində XX əsrin əvvəlində artıq demək olar ki, tamamilə yoxa cıxmaqda idi, yalnız adanın qərb sahillərindəki kiçik balıqçı qəsəbələrində bu dil yaşamaqda davam edirdi. Bu haqda bir avropalı linqvistin müsahibəsini dinləyərkən faciənin nə qədər dərin olduğunu anladım. Hətta XX əsrin sonunda belə İrland dili öz təsirini bərpa edə bilməmişdi, onları bu mənada bəlkə də yalnız bizimlə müqayisə etmək olardı. Azərbaycanda, müstəqilliyinin 25-ci ilini qeyd edəcək ölkədə, hələ indi də bu problem həllini tapmayıb və çətin ki, yaxın zamanlarda tapa. Avropada isə İrlandiya bu mənada faciəni yaşayan yeganə ölkədir.
İrlandiyada əsrlər ərzində dəfələrlə müxtəlif üsyanlar olmasına rəğmən, bunların hamısı uğursuzluğa məruz qalmış, istər kortəbii xalq çıxışları, istər də uzun zaman planlanan üsyanlar qos-qocaman imperiyanın zərbələri altında yatırılmışdı. Və 24 aprel 1916-cı ildə, Birinci Dünya Müharibəsinin Britaniya imperiyası üçün keçən ən ağrılı ilində, Dublinin mərkəzində üsyançıların poçt idarəsini tutaraq qaldırdıqları Pasxa üsyanı (24 Aibreán Éirí Amach na Cásca) bu mənada tamamilə ümidsiz idi.
Çox ağır bir müharibənin getdiyi şəraitdə yeri əhali, xüsusilə dublinlilər bu üsyanı əsla dəstəkləmirdi, qısaca desək “indi yeri deyil” fikri cəmiyyətdə hakim idi. Bu mənada şərait tamamilə ümidsiz idi və heç bir uğurlu nəticədən söhbət gedə bilməzdi.
Lakin bütün bu obyektiv faktorlara rəğmən, tam ümidsiz bir şəraitdə irlandiyalı respublikaçılar 1916-cı ilin 24 aprel günü səhər tezdən öz 1200 tərəfdarları ilə şəhər mərkəzini ələ keçirir və şəhər poçt idarəsini mərkəzi qərərgaha çevirirlər. Burada İralandiya tarixində ilk dəfə respublika bayrağı qaldırılır və üsyanın rəhbərlərindən biri olar şair Patrick Pearse, Respublikanın yaranması haqda Bəyannaməni oxuyur.
Sonrakı hadisələr qanunauyğun olaraq baş verir – üsyandan bərk qəzəblənmiş Britaniya rəhbərliyi həmən Dublinə ağır silahlarla silahlanmış ordu hissələri yeridir, onlar kiçik bir zamanda üsyançıların müqavimətini qırır və üsyanı çox böyük bir amansızlıqla yatırırlar. Müqavimətin əbəs olduğunu və yalnız şəhər əhalisinin mənasız qırğınına səbəb olacağını anlayan üsyan rəhbərləri təslim olmaq qərarına gəlirlər və Patrick Pearse ingilislərə şərtsiz təslim olmaq qərarını verir.
Həbs edilən üsyan rəhbərləri – Séamas Ó Conghaile (o iğtişaşlar zamanı ayağından ağır yaralandığı üçün gəzə bilmirdi, ona görə onun güllələnmə hökmü stul üzərində oturulmuş halda yerinə yetirildi), bəyannaməni oxumuş Patrick Pearse, poçt idarəsində üsyançıların başlıca qüvvələrinə rəhbərlik etmiş Tomás Ó Cléirigh və başqaları, bunlarla yanaşı bir çox başqaları, hətta üsyanda iştirak etməmiş respublika tərəfdarları belə müharibə dövrünün qanunlarına görə hərbi cinayətkar kimi hərbi tribunala verilərək güllələndi.
Bütün bunlar tamamilə əks effekt verdi. Üsyanın ilk günlərində ona kifayət qədər biganə və hətta neqativ hisslər bəsləyən mülki şəhər əhalisi, baş vermiş iğtişaşlar, küçə döyüşlərindən sonra məntiqi olaraq üsyançılara daha mənfi hisslərə yüklənməli idilər. Lakin tarixdə bir çox zaman olduğu kimi, paradoksal tərzdə bunun əksi baş verdi – öz idealları uğrunda tam ümidsiz bir qiyama başlamış üsyançılar amansızlıqla edam edilən kimi əfsanəyə, onların işi isə həqiqi xalq hərəkatına çevrildi. Az qala min il ərzində hər bir zaman mümkünsüz görünən bir iş baş verdi. Geniş xalq hərəkatının nəticəsində, 1919-cu ildə İrlandiya parlamenti müstəqillik haqda aktı qəbul edir, bundan sonrakı 2 il ərzində isə, İrlandiya iki yerə bölünür və adanın cənubunda Dünya Müharibəsi nəticəsində artıq zəifləmiş Britaniya İmperiyası ilə müstəqillik uğrunda partizan müharibəsi aparılır. Nəticədə 1921-ci ilin dekabrında Britaniya İrlandiyanın müstəqilliyini tanıdı və xalq xəyallarında arzuladığı müstəqilliyinə qovuşdu.
1916-cı il üsyanının rəhbərləri isə həqiqi xalq qəhrəmanları kimi əfsanələşdi, onlar haqda bir çox roman yazıldı, ən gözəl film — “Michael Collins” isə irlandiyalı rejissor Neil Jordan tərəfindən 1996-cı ildə lentə alındı. Onlar haqda hələ 1919-ci ildə yazılmış ballada, Foggy Dew, irland mənşəli ən məşhur pop ulduzu Sinéad O’Connor tərəfindən ifa edildi və bütün dünyada məşhurlaşdı.
Azərbaycanın isə müstəqilliyinə qovuşmasından əsrin dörddə biri qədər zaman keçməsinə rəğmən, bu haqda nəinki səviyyəli, hətta ortabab bir film də təəssüf ki, çəkilməyib…
Bəlkə xəyallarımızda yaşatdığımız arzuların gerçəkləşməsi üçün ən ümidsiz anlarda ən ümidsiz hərəkətə keçmək gərəkdir? Tarix buna birmənalı cavab verməsə də, əfasanələr bizə yalnız bunu deyir.