Ən kədərli Yeni il

Görəsən, o qızın taleyi necə oldu?

Source:



Bu üzdən hər Yeni il qabağı qanım qaralır. Yadıma düşür o hadisə, dilxor oluram. Sanki küsürəm hamıdan. Həmin balaca qız və atası yadıma düşür. Görəsən, onlar indi haradadır? Nə edirlər? Onların taleyi necə oldu? Nədənsə, onları düşünərək, gedib öz övladlarımı bağrıma basıb, əzizləyirəm.

Xoşlamıram Yeni il bayramını. Bəzilərinin keçirdiyi feyerik hissləri, permament şənliyi, emosiya atəşfəşanlığın tapa bilmirəm özümdə. Düzdür, vərdiş olaraq məni təbrik edənlərin üzlərinə gülümsəyürəm, amma  içimdəki qara insan gülür, məzələnir mənimlə.

Azərbaycanda Yeni il bayramı digər bayramlar kimi oxşardır. Eynilə “Marmot günü” filmindəki kimi, hər şey ildən ilə təkrarlanır. Əvvəla, hamı qaçır bazara, marketlərə, bir həftəlik “stoliçni” düzəldirlər, televizorda çal-oynasın səngimir, ekranın sol küncündə isə dalğalanan bayrağın fonunda ulu öndər bizlərə gülür. Saat on ikidə bulvarda atəşfəşanlıq, eyvanlardan fişənglər açılır və səhərisi eyni həyat yenidən başlayır.

Buna görə çalışıram ki, bayramı tez yola verim, canım dincəlsin. Onsuz da, mənə qalan bayramqabağı bazarlığın yorğunçuluğu olur. Bir də ki, heç vaxt dözüb, on ikiyə qədər otura bilmirəm. Təkcə sevincim rus kanallarında gedən “Həmişə təmizlikdə” filmi olur.

Yeni ili sevməməyimin başqa səbəbi də var. Hər il bu bayramla bağlı bir hadisə yadıma düşür ki, onsuz da bayram əhval-ruhiyyəsində olmayan kefim lap pozulur.

Deməli, 95-ci ilin dekabr ayının otuzu idi. Yeni ilə bir gün qalırdı. İti addımlarla irəliləyən atamın əlindən yapışıb, ona çatmağa çalışırdım. Bayırda bərk külək əsirdi. Başımı aşağı salıb, üzümü gizlətməyə çalışsam da, xırda damcılı Bakı yağışı əclafcasına üzümə tüpürürdü. Cəfər Cabbarlının heykəli önündən keçib, 28 May stansiyasının qarşısında yeraltı keçidə düşdük.

Pilləkəndə tək ayaqlı hərbçi əl açıb, dilənirdi. Onunla üzbəüz oturan qoca qarı korobkada ilanbalığı satırdı. Keçidə endikdə insan tərindən, sidik qoxusundan yaranmış buxar üzümə vurdu. İydən ürəyim bulandı. İnsanların ayaqları altında qaçan siçanları gördüm. İnsanlar qaynaşırdı. Hamı nəsə satır və alırdı.

Bura gəlməyimizin səbəbi mənim Yeni il şənliyim idi. Sinif rəhbərimiz Yeni il bayramımızı yanvarın 1-nə salmışdı. Geyindiyim ayaqqabı daban hissədən yırtılmışdı. Usta onu düzəltməkdə aciz olduğundan və bayrama geyiniləsi başqa ayaqabı olmadığına görə, qərara alınmışdı ki, mənə təzəsi alınsın.

Ölkənin ağır vəziyyətində ayaqqabı almaq məsələsi çox müşkül bir iş idi. Əvvəla, azı on piştaxta gəzilməli, qiymətlər öyrənilməli, soruşulmalı, sonra onların arasından münasib qiymət seçilməli və ən nəhayət, qiyməti bir azda aşağı salınan mal alınmalı idi. Bu mürəkkəb və çoxşaxəli prosesdə işin ən böyük əziyyəti mənim olacaqdı.

Hər dəfə basırığın, kütlənin, üfunətin, boğanağın içərisində ayağımdakı ayaqqablarımı ayaqüstü, tələm-tələsik, ayaqlarımın altına kordon parçası qoyub, çıxartmalı və təzə, almaq istədiyimiz ayaqqabını geyinməli idim. Sonra gic-gic sağa-sola bir-iki addım atmalı, sıxır-sıxmır suallarını cavablandırmalı, yenidən təzələri səliqə ilə çıxardıb, satıcıya qaytarmalı, köhnələri geyinib, atamın dalınca qaçmalıydım. Məndən soruşanda ki, ayaqqabı ayağını sıxır ya yox, açığı, çaşıb qalırdım.

İndi özüm atayam. Atam mənə gülərüz, zarafatcıl görünür. Onda isə mən onu uca sanırdım, ona aşağıdan baxırdım və qarşımdakı həmin yekəpər, cüssəli insan əsəbi, zəhmli və hirsli görünürdü.

Keçiddə satılan ayaqqabıların əksəriyyəti Türkiyədə, Çində keyfiyyətsiz tikildiyindən, heç vaxt ölçüləri düz olmurdu. Ayaqqabının ayağıma olduğunu, sıxıb-sıxmadığını həmən anlamırdım. Bir də, yaman qorxurdum ki, yanılaram. Sonra məcbur olub ayağımı sıxan ayaqqabıda gəzməli olaram. Yeni dəst ayaqqabı alınması barədə söhbət belə ola bilməzdi.

Öyrəncəli olduğum ritual, adət öz axarı ilə davam edirdi. Satıcıların bəziləri aqressiv danışdığından, arada atamla sözləri çəp gəlirdi. Bu anlarda atamın ümüdlə dava etməyini gözləyirdim. İstəyirdim, vurub satıcını yıxsın yerə. Dolayısıyla, ayaqqabı almaq qanımı çox qaraldırdı, Yeni il bayramına, Şaxta Babaya, Qar qızına, “stoliçni” salata, mandarinə, bütün ətrafdakı küylü insanlara, bu şəhərə, Cabbarlının heykəlinə və nəhayət, cırılmış ayaqqabıma nifrət edirdim.

Növbəti piştaxta dayanacağında satıcı atamın köhnə tanışı olduğundan, yubanası olduq. Yeraltı keçiddə, metronun çıxacağında divar boyunca insanlar alver edirdilər. Sabah bayram günü idi deyə, hərə əlinə keçəni gətirmişdi satmağa.

Ən çox satılan ərzaq məhsulları idi. Bir rus kişi “sala” satırdı. Kimsə qatıq, motal pendiri, mandarin, vedrədə alma qoymuşdu qarşısına. Yəni camaat daha çox yolka əvəzinə süfrəni bəzəmək dərdi çəkirdi.

Sıradakı satıcıların içərisində ortayaşlı bir kişi diqqətimi çəkdi. Alçaqboy, yumrusifət adamdı, xırda, qızarmış gözləri vardı, üzü tüklüydü, köynəyi şalvarından çıxdığı üçün qarnı görünürdü. Onun səsi başqalarından daha gur gəlirdi. Sanki başqaların səsin bastalıyırdı. Sol əlində kolbasa tutmuşdu. Yanında isə onun sağ əlindən bərk-bərk yapışmış balaca bir qızcığaz durmuşdu. Mən dərhal həmin qızcığazın ayaqqabılarına baxdım. Qırmızı, laklı, amma palçıqlı sapoşkilər.

Qızcığazın iri və ifrat dərəcədə kədərli gözləri var idi. Sanki bir dünya yerləşmişdi bu bəbəklərin daxilində. Saçları çirkli və dağınıq idi. Burnunun üstü qızarmış, dodaqları soyuqdan göyərib, çatlayıb, qabıq verirdi. Sol əlini yumruğuna yığıb, arada dodaqlarına sarı aparıb, üfürürdü. Əyninə dermantin gödəkcə geyinmişdi. Paltar ona böyük olduğundan, çiyinləri içində batırdı. Kalqotkası dizində cırılmışdı.

Bu uşaq kasıbçılığın, çatışmazlığın təcəssümü idi. Gözlərimi ondan çəkə bilmirdim. Atamı, satıcını, yırtıq ayaqqabımı, qarşıdan gələn Yeni ili unutmuşdum. Önümdəki səfalət bütün varlığı ilə məni iflic etmişdi. On bir yaşım olduğuna baxmayaraq, o səhnə bu günə kimi yaddaşıma ən xırda detallarına kimi həkk olunub. Qızcığaz isə dünyanı alovlandıra biləcək bir sevgi ilə aşağıdan yuxarı, kefli atasına baxırdı. Soyuqdan göyərmiş dodaqları ilə atasının əlindən öpürdü, yanağını əlinə sürtürdü, atasının əlini daha bərk sıxırdı.

Elə bu vaxt qulaqbatıran bir səs eşitdim. Mənə elə gəldi ki, bizimlə birlikdə bütün keçiddə olan insanlar da diksindi. Əvvəlcə bu səs insan səsinə də oxşamadı, nəsə qəribə bir səs idi. Nə qədər çalışsam da, o səsi təsvir etməyə istedadım çatmır. İfadə edəcək söz, cümlə tapmıram. Amma onda demək olar, heç kim buna fikir vermədi.

Qızcığazın əlindən tutan qarnı açıq kişi, sol əlində ipindən tutduğu kolbasanı aqressiv silkələyərək, xırıltılı, istehzalı səslə qışqırdı: “ Alun, alun, alun bu kolbasadan, alun aparun, yeyin, yeyin, sı…ın bu dövlətin içinə. Alun, alun bu kolbasadan”. Kişi qışqırır, səsi bərkidikcə boğazındakı damar genəlirdi. Arada boğazın təmizliyirmiş kimi öskürür, özü-özlüyündə gülərək yenidən bağırırdı.

Atam əlimdən dartaraq məni transdan çıxartdı. Həmin gün biz xeyli gəzib-dolaşdıqsa da, təzə ayaqqabı almadan evə qayıtdıq. Ayaqqabını almamağımızın səbəbi, açığı, indi də mənə məlum deyil. Yadımdadır ki, şənliyə dostumun ayaqqabların geymişdim. Heç kimi qınamalı deyildi, ölkə özü yırtıq ayaqqabı günündə idi.

Bu üzdən hər Yeni il qabağı qanım qaralır. Yadıma düşür o hadisə, dilxor oluram. Sanki küsürəm hamıdan. Həmin balaca qız və atası yadıma düşür. Görəsən, onlar indi haradadır? Nə edirlər? Onların taleyi necə oldu? Nədənsə, onları düşünərək, gedib öz övladlarımı bağrıma basıb, əzizləyirəm.

Bilirəm ki, yenə axşam atamla oturub, Yeni ili qeyd edərkən, ürəyimdən: “Həmin gün niyə ayaqqabı almadıq?” sualın vermək keçəcək. Ancaq neçə illərdir, olduğu kimi, yenə bu sualı sormağa çəkinəcəm.

Çünki, qorxuram utandırım kişini. Axı vəziyyət ağır idi. Azərbaycan hələ dünyaya günəş tək doğmamışdı.

Yeni İliniz mübarək!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəƏn kədərli Yeni il