Əməkdar artist vəfat edib

Məcnun Hacıbəyov Foto: Report.az

Oğlu: “Həkim dedi ki, iflicdən keçinib”

Əməkdar artist, kino və teatr aktyoru Məcnun Hacıbəyov bu gün səhər saatlarında vəfat edib.

Bu haqda Meydan TV-yə mərhumun oğlu Pərviz Hacıbəyov məlumat verib.

“Səhər saat 8 olardı, əvvəlcə qıcolma tutdu, sonra da vəfat etdi. Müalicə həkimi dedi ki, iflicdən keçinib. Atam bir müddət öncə COVİD infeksiyasına yoluxmuşdu, amma tamamilə sağalmışdı”, – deyə o bildirib.

86 yaşlı aktyor bu gün saat 2-3 radələrində Qubanın İkinci Nügədi kənd məzarlığında dəfn olunacaq.

Məcnun Hacıbəyov 1935-ci ilin oktyabrında Qubanın İkinci Nügədi kəndində doğulub.

10 illik orta məktəbi də həmin kənddə bitirib.

1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

O, “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında obrazlar yaradıb.

Aktyor 15 il idi ki, doğulduğu İkinci Nügədi kəndinə köçüb, orada yaşayırdı.

Ana səhifəMədəniyyətƏməkdar artist vəfat edib