Əməkdar artist Aygün Bəylər vəfat edib

Aygün Bəylər. Foto: sosial şəbəkə

Müğənni xərçəng xəstəliyindən əziyyət çəkirmiş

Azərbaycanın Əməkdar artisti, xanəndə Aygün Bəylərin (Hümbətova) vəfat etdiyi bildirilir.

Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən ifaçı müalicəsini Türkiyədə davam etdirirmiş. 

Qeyd olunur ki, Aygün Bəylər Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.

Aygün Hümbətova 1975-ci ildə Bakıda doğulub. İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunub. Peşəkar səhnəyə ilk gəlişi də elə həmin il olub. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayıb.

1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət tədbirlərində iştirak edib və ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edib. 2002-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Aygün Bəylər digər qadın həmkarlarından geyim tərzi ilə fərqlənib. O, səhnəyə kişi geyimində və papaqla çıxıb. Sonralar xanəndə bunu tanınmaq, yadda qalmaq üçün etdiyini deyib.

Ömrümü-günümü bu sənətə qurban verdim. Kişi kimi başıma papaq qoydum, qadınlığım yadımdan çıxdı. Bundan öncəki vaxtda bu imic mənim üçün çox vacib idi. Yeni bir imic idi, amma sonra bu imic mənim həyat tərzimə döndü. Qərara aldım ki, əgər xalq məni belə tanıyıb, sevirsə, belə də qalım”, – ifaçı bildirmişdi.

Ana səhifəMədəniyyətƏməkdar artist Aygün Bəylər vəfat edib