Əmanətlərin Sığortalanması Fondu ilə bağlı cinayət işi açılıb

Əkrəm Həsənov: ”Əgər 10 ilə yığılan vəsait bir neçə bankın bağlanmasıyla qurtarırsa, Fondunun düzgün işləməsinə şübhəmizdə haqlıyıq”

Source:


Əkrəm Həsənov: ”Əgər 10 ilə yığılan vəsait bir neçə bankın bağlanmasıyla qurtarırsa, Fondunun düzgün işləməsinə şübhəmizdə haqlıyıq”

Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətində ciddi maliyyə və hüquqpozmaları aşkar edib.

Bu barədə “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatda qeyd olunub.

Hesabatda bildirilib ki, ləğv prosesində olan “Zaminbank”, “Kredobank”, Yunayted Kredit Bank”, “Bank of Azerbaijan”, “Gəncəbank”, “Parabank”, “Bank Technique”, “Royalbank”, “Dekabank”, və “Atrabank” ASC-lərdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən (ləğvedici) həyata keçirilən əmanətçilərə kompensasiya ödənişləri üzrə ciddi maliyyə və hüquqpozmaları aşkarlanıb.

Hesablama Palatası qanunvericiliyə uyğun olaraq hesabat ilində başa çatdırılmış nəzarət tədbirləri üzrə müvafiq materialları Baş Prokurorluğa göndərib.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə nəzarət tədbirləri üzrə cinayət işi açılıb və müvafiq tədbirlər görülməkdədir.

Hesabatda qeyd olunub ki, Əmanətlərin Sığortalanması Fondunda aparılmış audit tədbiri üzrə ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının əmanətçilərinə kompensasiya ödənişləri ilə bağlı materiallar isə müvafiq qaydada Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib:

“Dövlət Təhlükəsizlik Xidmətindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə nəzarət tədbirinin nəticələri üzrə materiallar açılmış cinayət işi üzrə araşdırılmaqdadır”.

Bank sahəsi üzrə hüquqşünas Əkrəm Həsənov Hesablama Palatasının məlumatından təəccüblənmədiyini və maliyyə və hüquqpozmaların keçmiş rəhbərliyin dövründə olduğunu düşünür.

Hüquqşünas Meydan TV-yə deyib ki, Əmanətlərin Sığortalanması Fondunun yeni sədri Vüqar Abdullayevə qarşı da tənqidləri var, amma bu, daha çox fondun qeyri-şəffaflığı ilə bağlıdır:

“Vüqar Abdullayevin dürüst insan olmasına şübhəm yoxdur, onunla bir neçə dəfə təmasda olmuşam. Sadəcə, o, dövlət məmuru kimi dövlətin borclarının qaytarılmasını istəyir, mən isə Kreditorlar Komitəsinin sədri olaraq onların maraqlarını müdafiə edirəm. Maraqlarımız üst-üstə düşməsə də, o, dövlət mənafelərini müdafiə edir. Azad Cavadova gəldikdə, biz də o zaman müxtəlif mənbələrdən müxtəlif informasiyalar alırdıq, ancaq fakt olmadığından ictimailəşdirmirdik”.

Əkrəm Həsənov, foto: Kanal 13
Əkrəm Həsənov, foto: Kanal 13

Əkrəm Həsənov deyir ki, palata yalnız əmanətlərin kompensasiyasını yox, həm də ləğv prosesində olan bankların nə dərəcədə qanuni ləğv edilməsini araşdırsın. Bəli, Əmanətlərin Sığortalanması Fondunda qeyri-şəffaflıq olub. Adi bir misal, artıq fond 2016-cı ilin mart ayında faktiki müflisləşmişdi və etiraf da etmişdilər. Bundan sonra fond Mərkəzi Bankdan kredit götürməyə məcbur oldu. Sual yaranır; 10 il fəaliyyət göstərən fond niyə müflisləşsin, axı bu dövrdə heç bir bank bağlanmamışdı? Necə oldu ki, bir neçə bankın bağlanmasıyla fondun vəsaiti qurtardı, bu vəsaitlər hara getdi? Əgər 10 ilə yığılan vəsait bir neçə bankın bağlanmasıyla qurtarırsa, Əmanətlərin Sığortalanması Fondunun düzgün işləməsinə şübhəmizdə haqlıyıq. Görünür, Hesablama Palatası ortaya faktlar çıxarıb”.

Əkrəm Həsənov xatırladıb ki, 2017-ci ildə onlar Əmanətlərin Sığortalanması Fondu ilə bağlı Dövlət Təhlükəslik Xidmətinə müraciət ediblər:

“Biz şübhələrimizin yalnız Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmasını istəmirdik və bu məsələyə Dövlət Təhlükəsizlik Xidmətinin də müdaxiləsini istəyirdik. “Bank Standard” Kommersiya Bankında olan müflislik dünya tarixində olmamışdı, 1 milyard 200 milyon borcu olan bankın cəmi 200 milyonluq əmlakı var idi. Bəs bu qədər vəsait hara gedib? Ona görə Dövlət Təhlükəsizlik Xidmətinin araşdırılmasına ehtiyac vardı”.

Ana səhifəXəbərlərƏmanətlərin Sığortalanması Fondu ilə bağlı cinayət işi açılıb