Elnur Əliyevin barəsində başqa yerə getməməyə dair iltizam tədbiri seçilib

Mənbə: Apa.az

Keçmiş nazir müavini təqsirləndirilən şəxs kimi tanınıb


Mədəniyyət nazirinin sabiq birinci müavini, Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də keçirdiyi əməliyyat zamanı saxlanılan Elnur Əliyev noyabrın 3-də təqsirləndirilən şəxs qismində tanınıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələrilə ittiham irəli sürülüb. Lakin istintaq dövrü üçün onun barəsində həbs yox, alternativ növdə qətimkan tədbiri seçilib. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.


Elnur Əliyev noyabrın 4-də “Gununsesi.info” saytına açıqlamasında evdə olduğunu təsdiqləyib.
“Mən hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”, – Elnur Əliyev belə deyib.


Əməliyyat zamanı Elnur Əliyevlə birlikdə saxlanılan Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov haqqında isə noyabrın 2-də Səbail Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O da Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələrilə ittiham olunur.


43 yaşlı Elnur Əliyev Mədəniyyət Nazirliyindən əvvəl Azərbaycanın müxtəlif ölkələrdə səfirliklərində, beynəlxalq təşkilatlarda çalışıb. O, 2020-ci ildə Mədəniyyət nazirinin müşaviri, 2021-ci ilin sentyabrında isə birinci müavin təyin edilib.


Noyabrın 3-də prezident onun birinci müavin vəzifəsindən azad edilməsi haqda sərəncam https://www.meydan.tv/az/article/elnur-eliyev-vezifesinden-azad-edildi/ imzalayıb.


Mədəniyyət nazirinin daha bir keçmiş müavini Rafiq Bayramov da 2020-ci ilin mayında DTX-nın bu nazirlikdə keçirdiyi əməliyyat nəticəsində həbs olunmuşdu. O, rüşvət ittihamıyla 4 il 6 ay azadlıqdan məhrum edilsə də, özünü qətiyyən təqsirli bilmirdi. Deyirdi ki, ona əvvəl mənimsəmə ittihamı verilmişdi. Bu, sübuta yetmədiyinə görə işini rüşvət ittihamıyla məhkəməyə göndərdilər.

Ana səhifəXəbərlərElnur Əliyevin barəsində başqa yerə getməməyə dair iltizam tədbiri seçilib