Əliyevin Şuşadakı çıxışı və Rusiyada çağırışlar

İya Barateli

Foto: Azərtac

Şuşada bu günlərdə başa çatan beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya əsas tövsiyəsini verdi: “Heç vaxt işğalla razılaşmayın. Biz belə etdik. Təslim olmayın və ərazi bütövlüyünün pozulmasına qəbullanmayın”.

Əliyevin bu sözləri sakit və hətta yumşaq tonda səsləndirilməsinə baxmayaraq, Moskvada bu çağırış kimi qiymətləndirildi.

Bakıya raket hücumu

Əslində, Prezident Əliyevin mövqeyində yeni heç nə yoxdur: Bakı heç vaxt Ukraynanın ərazi bütövlüyünü şübhə altına almayıb. Və bəlkə də bu bəyanat Moskvada belə kəskin reaksiyaya səbəb olmazdı, əgər Əliyev sözlərini simvolik jestlə tamamlamasaydı: o, ukraynalı jurnalist Alyona Kurbanovanın konfransa gətirdiyi Ukrayna döyüş briqadalarının şevronlarını (qol nişanı – red.) qəbul etdi. Hədiyyəyə görə təşəkkür edən Azərbaycan Prezidenti ukraynalılara daha bir məsləhət verdi: “Belə davam edin”.

Azərbaycan Prezidentinin bu sözləri və davranışı kremlpərəst Z-blogerlər arasında hiddətə səbəb oldu. Onlar Azərbaycanı “NATO-nun filialı” adlandırmağa başladılar və Bakının mərkəzini raket atəşinə tutmağı təklif etdilər. Rusiya televiziya təbliğatının ruporu Vladimir Solovyov verilişinin tam yarım saatını Azərbaycana qarşı təhdidlərə həsr etdi. O, Bakıya qarşı “ən sərt sanksiyalara” ümid etdiyini bildirdi və Azərbaycan rəhbərliyini “ortaq sərhədlərin olduğunu və lazım gələrsə, müharibə üçün kifayət qədər gücün olduğunu dərk etməyə” çağırdı.

Məsələ Solovyovla bitmədi. O cümlədən müharibə müxbiri Kotyonok “Rus gəmisini qayıqlarla əhatəyə almış vəhşilərin həyasızlığına” son qoymaq üçün “güc nümayiş etdirməyi” təklif etdi.

Əliyev isə media ilə keçirilən eyni görüşdə Qərblə daha da böyük yaxınlaşma gözlədiyinə eyham vurdu:

“Biz ABŞ ilə güclü əlaqələr üçün böyük potensial görürük. Biz Vaşinqtondan çox müsbət siqnallar aldıq, Azərbaycandan da çox müsbət siqnallar oldu. Bizim enerji təhlükəsizliyi, ümumən təhlükəsizliklə bağlı sahələrdə zəngin tərəfdaşlıq tariximiz var”.

Mən bilirəm ki, sən bilirsən ki, mən bilirəm

Bu fonda Moskvanın Bakı ilə bağlı rəsmi mövqeyi həqiqətən də kifayət qədər qeyri-müəyyən görünür. Putinin mətbuat katibi Dmitri Peskov yalnız bu şərhi verib ki, Rusiya “Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdardır və burada fikirlər fərqlidir”.

“Eyni zamanda, ümid edirik ki, bu fikir ayrılıqları bizim ikitərəfli münasibətlərdə yaranmış qısa bir soyuma dövrünü keçməyimiz üçün maneə olmayacaq. Və mövcud vəziyyət naminə qarşılıqlı faydalı maraqları qurban verməməyə ümid edirik”, – Peskov bildirib. O əlavə edib: “Azərbaycanda ruslara hörmət edilməsi bizim üçün çox vacibdir”.

Şuşada keçirilən media forumunda İlham Əliyev digər məsələlərlə yanaşı, AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Bakının Rusiya Federasiyasına qarşı beynəlxalq məhkəmələrdə iddia hazırladığını da bildirib.

“Reuters”ə müsahibəsində o, vurulan Azərbaycan sərnişin təyyarəsi ilə bağlı faciəyə görə Rusiyanın üzr istəmək istəməməsinə təəccübləndiyini açıqlayıb.

“Biz nə baş verdiyini bilirik və bunu sübut edə bilərik. Və biz bilirik ki, Rusiya hakimiyyəti nə baş verdiyini bilir. Və sual olunur ki, niyə onlar hər bir qonşunun edəcəyini etmirlər. Bizim xahişimiz tamamilə təbiidir: bu qəzada günahı boyunlarına alsınlar, təyyarəmizi atəşə tutanlar cəzalandırılsın, həlak olanların ailələrinə, xəsarət alanlara təzminat ödənsin və AZAL-a dəymiş ziyan ödənilsin”.

Foto: Reuters

Bakı nə edə bilər

Bakı ilə Moskva arasında gərginləşmiş bu münasibətlər Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar kontekstində müzakirə olunur. Bir çox müşahidəçilər hesab edir ki, hazırkı eskalasiya Moskvanın Azərbaycanla Ermənistan arasındakı münasibətlərin onun vasitəçiliyinə ehtiyac duymadan inkişaf etməsinə qəzəblənməsi ilə bağlıdır, yəni Rusiya Cənubi Qafqazda mövqelərini demək olar ki, tamamilə itirib.

Göründüyü kimi, Azərbaycanın da Rusiyanın kefinə soğan doğramaq üçün potensialı var. Məsələn, Azərbaycan Gürcüstan və Ermənistan üzərindən İrana gedən quru yolunu bağlaya, bununla da Rusiyanı Cənubi Asiya və Afrika ilə birləşdirən yeganə dəhlizin qarşısını kəsə bilər. Azərbaycandan sonra Türkiyə də Rusiya ilə münasibətlərinə yenidən baxarsa, Moskva Aralıq dənizinə çıxışını itirəcək.

N.Paşinyan və İ.Əliyev. Foto: Meydan TV
N.Paşinyan və İ.Əliyev. İllüstrasiya: Meydan TV

Xəzər dənizi də sektorlara bölünə bilər və sonra Rusiya tankerləri Azərbaycan, Türkmənistan və Qazaxıstanın ərazi sularında üzməli olacaqlar ki, bu da çatdırılmaların logistikasını, xüsusən də Rusiya neftinə qarşı mövcud və qarşıdan gələn sanksiyalar fonunda xeyli çətinləşəcək.

Ana səhifəXəbərlərƏliyevin Şuşadakı çıxışı və Rusiyada çağırışlar