Böhran vəziyyətindən görünür ki, tərəflərin hər biri bu vəziyyətdən öz üsulları ilə çıxır
Azərbaycan və Qazaxıstan münasibətlərin yeni səviyyəsinə qədəm qoyur. Aprelin 3-də prezident Nursultan Nazarbayevin Azərbaycana səfəri zamanı bu münasibətlərin konturlarını müəyyən ediblər.
Səfərin nəticələrindən göründüyü kimi, bundan sonra ikitərəfli əlaqələri aşağıdakı aspektlər şərtləndirəcək:
1. “İpək yolu” nəqliyyat dəhlizi,
2. İqtisadi böhran və ölkələrin siyasi-iqtisadi sisteminin yeni tələblərə uyğun şəkildə yenidən formalaşdırılması,
3. Hər iki dövlətin təhlükəsizlik sisteminin gücləndirilməsi.
Nazarbayevin prezident İlham Əliyevlə görüşünün nəticələri ilə bağlı KİV-ə verilmiş rəsmi bəyanatlarda bu məsələlər əksini tapıb.
“İpək yolu” əslində həm ayrı-ayrılıqda, həm də ikitərəfli münasibətlərdə hər iki ölkənin real iqtisadi lokomotivinə çevrilir. Statistika məlumatları və imzalanmış yeni ikitərəfli sazişlər buna dəlalət edir. 2016-cı ilin nəticələrinə görə iki ölkə arasında ticarət dövriyyəsi 150 mln. dollar təşkil edib. Nazarbayevin səfəri zamanı isə tərəflər bu layihə çərçivəsində birlikdə 500 mln. dollar investisiya etmək və 2020-ci ilə qədər investisiyaları daha 500 mln. artırmaq barədə razılığa gəliblər.
Əlbəttə, iki prezidentin dialoqunda diqqət mərkəzində olan əsas məsələ hər iki avtoritar neft dövlətini qəfildən yaxalamış iqtisadi böhran mövzusu olub. Böhran vəziyyətindən görünür ki, tərəflərin hər biri bu vəziyyətdən öz üsulları ilə çıxır. Nazarbayev də, Əliyev də hansısa fərdi inkişaf yolu və böhrandan çıxış haqqında eksklüziv qərarlar barədə danışıblar. Əlbəttə, bu, heç də belə deyil, çünki Azərbaycanda və Qazaxıstanda böhrandan çıxış üzrə ev tapşırıqlarında Amerikanın “Makkenzi” konsaltinq şirkəti iştirak edib. Amma bir şey göz önündədir ki, Qazaxıstan prezident respublikasının parlament respublikasına çevrilməsini nəzərdə tutan siyasi sitemin şaxələndirilməsi yolundan, Azərbaycan isə vitse-prezident institutlarının tətbiqi və hökumətin və parlamentin zəiflədilməsi ilə şaquli hakimiyyətin gücləndirilməsi yolundan gedib. Yəni Əliyev məsuliyyətin hakimiyyət qolları arasında deyil, prezident hakimiyyətinin özünün daxilində bölünməsi yolundan gedib.
Etiraf etmək lazımdır ki, dünya neft bazarında nisbətən sabitləşmə islahatlar planlarına əyləyici təsir göstərdi. Qazaxlarda bu, “100 konkret addım”, Azərbaycanlılarda isə “Yol xəritəsi”dir. Belə bir təəssürat yaranır ki, tərəflər ətrafda baş verənlərdən müəyyən transda və çaşqınlıq içərisindədirlər.
Gələcək addımlar haqqında fikir mübadiləsi isə zəruri ola bilərdi, xüsusən, Nazarbayev kimi uzun siyasi ömrü olan təcrübəli insanla. Bakıda xüsusi xidmətlərə görə “Heydər Əliyev Ordeni” ilə təltif olunan Qazaxıstan prezidenti həqiqətən Mütəllibovun da, böyük Əliyevin də, hazırkı prezidentin də hakimiyyəti dövründə Azərbaycan üçün ağır günlərdə dəfələrlə məsləhətçi və vasitəçi rolunda çıxış edib. Belə mürəkkəb dövrlərə Rusiyanın Gürcüstana qarşı təcavüzü – bütün region üçün təhlükə yaradan təcavüz nümunə ola bilər.
İkitərəfli münasibətlərin hazırkı mərhələsində Nazarbayevin bu vasitəçilik missiyası aktualdır. Qazaxıstan prezidenti öz səfəri çərçivəsində həmkarını iki tədbirə – demək olar ki, eyni vaxtda, bu il iyunun 8-dən 10-na qədər keçiriləcək “EXPO-2017” sərgisinə və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə dəvət edib. BMT-nin alternativ energetikanın inkişafı şüarı ilə keçiriləcək “EXPO-2017” sərgisi genişmiqyaslı tədbir və hökumətlərin qeyri-formal yığıncağıdır ki, bu da beynəlxalq maliyyə resursları axtarışında olan Əliyev üçün maraqlı görünür. Amma Mərkəzi Asiya ölkələri, Rusiya və Çinin daxil olduğu ŞƏT daha çox maraq doğurur. Əliyev üçün Nazarbayevin şəxsi qonağı qismində bu ziddiyyətli, amma nüfuzlu beynəlxalq qurumla yaxınlaşmaq imkanı yaranacaq. Təhlükəsizlik problemi və Ermənistanla münaqişə fonunda təşkilatın aşağıdakı məqsədləri onun üçün maraqlı ola bilər:
– terrorizmə, separatizmə və ekstremizmə qarşı birgə mübarizə,
– dünya iqtisadiyyatına inteqrasiya zamanı yanaşmaların əlaqələndirilməsi,
– beynəlxalq münaqişələrin qarşısının alınmasında və onların dinc yolla tənzimlənməsində qarşılıqlı fəaliyyət,
– XXI əsrdə yaranacaq problemlərin həllinin birgə axtarışı.
Əlbəttə, ŞƏT-in başqa məqsədləri də var:
– yeni demokratik, ədalətli və səmərəli siyasi və iqtisadi beynəlxalq nizam-intizamının qurulmasına yardım,
– insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsinə yardım.
Amma bütün ŞƏT ölkələrinin müasir inkişafı göstərir ki, bu məqsədlər təşkilatın prioritetində deyil. Bu isə həm də demokratiya və insan hüquqları sahəsində fikir ayrılıqları ilə əlaqədar Avropanın inteqrasiya qurumları ilə mürəkkəb münasibətlər dövründə Asiya əməkdaşlıq təşkilatında iştirak üçün mühüm arqumentlərdən biridir.