Əli Zeynal təcridxanada təzyiqlərə məruz qaldığını deyib

Əli Zeynal. İllüstrasiya: Meydan TV

“Toplum TV işi” üzrə həbsdə olan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynalın Bakı İstintaq Təcridxanasında (BİT) təzyiqlərə məruz qaldığı bildirilir. 

Bu barədə onun yaxınları məlumat verib. 

Onlar bildirib ki, Əli Zeynal müəssisədəki qanunsuzluqlar barədə yazmağa başlayandan sonra ona qarşı “gözlənilən cəzalar” tətbiq olunmağa başlayıb. 

“Kameramdakı insanlara qarşı müxtəlif məhdudiyyətlər tətbiq olunub. Təcridxananın rəisi Elnur İsmayılov oktyabrın 6-dan etibarən təkcə mənə və kameramda olan şəxslərə yox, ümumilikdə bütün korpusa qarşı təzyiqləri artırıb. Onun tabeliyində olan əməkdaşlar dustaqlara müxtəlif çətinliklər yaradır və bildirirlər ki, ‘bunların hamısı jurnalist Əli Zeynala görədir, məsələni onunla həll edin, günahkar odur. Əgər bu vəziyyət davam etsə, daha da pisləşəcək. Hələ bu, sadəcə başlanğıcdır. O, yazmağı dayandırsa, biz də bu tədbirləri dayandıracağıq”, – Əli Zeynal ailəsinə belə deyib. 

Əli Zeynal 2024-cü il martın 6-da həbs olunub.

“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb.

Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.

Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.

Əli Zeynalın sözlərinə görə, Elnur İsmayılov bu məsələdə Penitensiar Xidmətin birbaşa əlaqəsinin üzə çıxmaması üçün onu dustaqların əli ilə cəzalandırmaq istəyir.  O həmçinin bildirib ki, jurnalist Qənimət Zahidin oktyabrın 5-də yayımlanan “Azərbaycan saatı” verilişində onun açıq görüşlərin rüşvətlə verilməsi və rəis Elnur İsmayılovun bu prosesdə roluna dair yazısını oxumasından sonra ailəsi ilə açıq görüşü ləğv edilib. 

“Jurnalist Qənimət Zahidin oktyabrın 5-də yayımlanan “Azərbaycan saatı” verilişində onun açıq görüşlərin rüşvətlə və müxtəlif məbləğlər qarşılığında verilməsi, rəis Elnur İsmayılovun bəzən “şou göstərərək” insanları açıq görüşə buraxması barədə yazısını oxumasından sonra ailəsi ilə açıq görüşü ləğv edilib. Onun sözlərinə görə, şüşə arxasından olan görüş zamanı başqa bir dustaqla bağlı mübahisə yaranıb və vəziyyət gərginləşib. Aranı sakitləşdirmək istəyərkən açıq görüşlərə cavabdeh rəis Şəhriyar və rəis müavini Cavid gəliblər. Əli Zeynal qeyd edib ki, Cavidlə aralarında gərginlik yaşanıb. O, Elnur İsmayılovun işçilərinə bildirib ki, belə “ucuz üsullarla” rəislərinin məqsədinə çata bilməzlər. “Məni təhdid, şantaj və bu kimi “cəzalandırmalarla” susdurmaq mümkün deyil. İstəsinlər, lap bütün görüş və zəngləri də ləğv etsinlər,” – deyə Əli Zeynal ailəsinə bildirib.

Ana səhifəSiyasətƏli Zeynal təcridxanada təzyiqlərə məruz qaldığını deyib