Aksiya iştirakçısı “Elgün İbrahimov üçün ədalət” tələbi ilə etirazlarını davam etdirəcəklərini deyib
Gəncədə naməlum şəkildə həyatını itirən 17 yaşlı Elgün İbrahimovun həmyaşıdları cinayət işinin şəffaf araşdırılması tələbi ilə aksiyaları davam etdirəcəklərini bildirirlər.
Bu barədə Meydan TV-yə “Elgün İbrahimov üçün ədalət” tələbi ilə iyunun 1-də Bakıda keçirilmiş aksiyanın iştirakçıları məlumat veriblər.
Mayın 13-də həyatını itirən Elgün İbrahimovun ölümünün səbəblərinin şəffaf araşdırılması üçün həmyaşıdları iyunun 1-də Bakıda etiraz aksiyasına cəhd ediblər. Aksiyanın qarşısının polis zorakılığı ilə alındığı bildirilir.
“Polislər üzərimizə hücum çəkəndə qorxmadım“
Aksiya iştirakçılarının sözlərinə görə, 50-dən çox gənc iyunun 1-də “Elgün İbrahimov üçün ədalət” tələbi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin qarşısına toplaşmaq istəsələr də, polis etirazçılara sərt müdaxilə edib, “28 May” metrostansiyası yaxınlığndakı müxtəlif ərazilərdə etirazçılara qarşı əməliyyatlar aparılıb.
Aksiyada saxlanılanlar polis idarəsində qısnamaya və hədə-qorxuya məruz qaldıqlarını bildiriblər.
Aksiyaçılardan Nigar Əliyeva (təhlükəsizlik səbəbindən şəxsin ad-soyadı dəyişdirilib – red.) Meydan TV-yə danışır ki, “TikTok” sosial şəbəkəsində çağırışı görəndən sonra dostu ilə aksiyada iştirak etmək qərarına gəlib:
“Hətta bir neçə dostuma da aksiyada iştirakı təklif etdim. Çünki düşünürəm ki, Elgün İbrahimovun yerinə hər hansı birimiz ola bilərdik. Polislər üzərimizə hücum çəkəndə qorxmadım. Hesab edirəm ki, biz bu haqsızlığa susmamalıyıq”.
“Aksiyadan xəbərsiz, tutub bölməyə gətirmişdilər“
O deyir ki, aksiyada iştirak edənlər saxlanılaraq dörd müxtəlif polis bölməsinə aparılıblar.
“Bizi isə Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə apardılar. Orada polis əməkdaşları tərəfindən cinsi qısnama, təhqir və pis rəftara məruz qaldıq. Onlar telefonlarımızı aldılar, “TikTok”da paylaşdığımız aksiya videolarını sildilər, sosial şəbəkə ünvanlarımızı götürdülər, fotolarımızı çəkəndən sonra bizi polis bölməsinin akt zalına topladılar”.
Aksiyaçının sözlərinə görə, akt zalına toplanandan sonra bir polis əməkdaşı aksiya keçirdiyi üçün onlara hədə-qorxu gəlib:
“Bizdən kinayə ilə soruşdu ki, siz nəyin ədalətini istəyirsiniz? Sizin nə haqqınız var? Siz kimsiniz? Sizi bir də aksiya edən görsəm, tapdalayıb, keçərəm. Bu dəfə yaxşı qurtardınız, ikinci dəfə sizi sağ-salamat buraxmayacağıq. Sonra da dedi ki, Elgün İbrahimov qətlə yetirilməyib, özünü öldürüb. Sinif yoldaşları ilə də münasibətləri yaxşı olmayıb. Anası da pozğun idi. Yəni onun sözlərindən belə çıxdı ki, Elgün buna görə intihar edib”.
Aksiyaçı deyir ki, polislər onlarla yanaşı, təxminən 7-8 nəfəri də təsadüfən tutaraq bölməyə gətiriblər:
“Avtobus dayanacağında işə gedən bir qadını da tutub gətirmişdilər. Bir nəfəri isə hətta motosikli ilə birgə gətirmişdilər, adam kuryer idi. Bir başqasını parkda oturub yemək yeyərkən tutmuşdular. Aksiyadan xəbərsiz, tutub bölməyə gətirmişdilər. Adamlar buna narazılıq edirdilər. Ümumilikdə 63 nəfər idik. Təsadüfi 7-8 nəfərdən başqa yerdə qalanların hamısı aksiya iştirakçıları – gənc və yeniyetmələr idi. Axşama doğru başqa bölməyə aparılan daha 20 nəfəri də yanımıza gətirdilər”.
“Aksiyanın miqyasını genişləndirməyi düşünürük”
Gənc bildirib ki, etiraz etmələrinə səbəb istintaqın şəffaf aparılmamasıdır:
“Sosial şəbəkələrdə Elgünün açıq və bulanıq effekt verilmiş bütün videolarını görmüşəm. Videoya baxan kimi hiss olunur ki, Elgünü vəhşicəsinə döyüblər. Biz bu yalana inanmadığımız üçün etiraz etmək qərarına gəldik. Elgün İbrahimov üçün susmamalıyıq, onun qətlinə səssiz qalmamalıyıq. Sabah onun yerinə biz də ola bilərik”,- gənc deyir.
Aksiyaçı həmçinin bildirib ki, aksiyanın miqyasını genişləndirməyi düşünürlər.
“Sosial şəbəkələrdə yazırlar ki, gənclər ayağa qalxmalıdır, bu qətlə biganə qala bilmərik. Bütün aksiyalarda iştirak edəcəyəm”.
Elgün İbrahimov həyatını müəmmalı şəkildə itirmiş 17 yaşlı məktəblidir. O, mayın 12-də, axşam saatlarında Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universitetinin istifadəsiz yataqxanasının həyətində ağır vəziyyətdə tapılıb. Elgün İbrahimov xəstəxanaya aparılsa da, bir neçə saat sonra, mayın 13-də vəfat edib.
Ardınca sosial şəbəkələrdə Elgünün ölümündə zorakılıq izlərinin olduğu iddia edilən videolar yayılıb.
Ailəsi də onun döyüldüyünü deyib.
Rəsmi qurumların açıqlamasında isə Elgün İbrahimovun hündürlükdən yıxılaraq aldığı xəsarətlər səbəbilə həyatını itirdiyi bildirilib.
Bundan sonra sosial mediada Elgün İbrahimovun ölümünün Prokurorluq tərəfindən ciddi araşdırılmadığı ilə bağlı müxtəlif iddialar səsləndirilib. Bir sıra fəallar ölkənin müxtəlif ərazilərində Elgünün hadisəsi ilə bağlı məlumatları əks etdirən bukletlər paylayıb. Hətta bununla bağlı ictimai fəal Nicat Əmiraslanov Qazaxda polis tərəfindən saxlanılıb və barəsində 15 sutka inzibati həbs cəzası seçilib.