Ələsgər Məmmədli və Ruslan İzzətli barədə 4 ay həbs qətimkan seçilib

Onlar qərarın absurd və sifariş olduğunu deyiblər

“Toplum TV”-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli haqqında həbs qərarı çıxarılıb.

Martın 9-da Xətai Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu qərarı hakim Sülhanə Hacıyeva verib.

Martın 8-də saxlanılan Ələsgər Məmmədli “Toplum TV” ilə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunub.

Ələsgər Məmmədli. Foto: Meydan TV

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

İddia olunur ki, martın 8-də Ələsgər Məmmədli saxlandıqdan sonra onun evində axtarış zamanı 7300 avro pul tapılıb.

Ələsgər Məmmədli martın 9-da məhkəmədə bu ittihamın cəfəngiyyat olduğunu bildirib.

Onun sözlərinə görə, evdən tapıldığı iddia olunan pulu ora elə axtarış aparanların özləri atıb, sonra da çıxarıblar.

O vurğulayıb ki, həbsi siyasi sifarişin nəticəsidir və məqsəd “Toplum TV”-ni, onun timsalında ölkədə azad medianı susdurmaqdır.

Ələsgər Məmmədlinin vəkili Aqil Layıc məhkəməyə müvəkkilinin səhhətindəki problemləri təsdiqləyən tibbi sənədləri təqdim edib.

Vəkil vurğulayıb ki, Ələsgər Məmmədli xərçəng xəstəliyindən əziyyət çəkir və müayinədən çıxanda elə klinikanın qarşısında qara maskalılar onu zorla maşına mindirib aparıblar.

“Buna nə ehtiyac vardı? Məni istintaq orqanı çağırsaydı, özüm də gələcəkdim”, – Ələsgər Məmmədli belə deyib.

Vəkili əlavə edib ki, Ələsgər Məmmədlinin cinayət törətməsini təsdiqləyən heç bir sübut-dəlil yoxdur.

Bu baxımdan onun haqqında həbs qərarı verilməsi üçün istintaqın təqdimatı da əsassızdır:

“Hətta istintaq gedirsə belə, buna görə Ələsgər Məmmədlini həbsdə saxlamağa ehtiyac yoxdur. Onun istintaqdan yayınmaq niyyəti yoxdur, yaşayış yeri məlumdur, səhhətində ciddi problemlər var…”

Müstəntiq isə təqdimatın təmin olunmasını, Ələsgər Məmmədli haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilməsini istəyib.

“Onun azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar yarada bilər”, – müstəntiq bildirib.

Ələsgər Məmmədli onun bu arqumentini absurd adlandırıb.

Müdafiə tərəfinin etirazlarına baxmayaraq, hakim Sülhanə Hacıyeva təqdimatı təmin edib.

Vəkil Aqil Layıc bu qərardan apelyasiya şikayəti verəcəyini bildirib.

Martın 9-da Xətai Rayon Məhkəməsində daha bir siyasi fəal – III Respublika Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətli barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də saxlanılan Ruslan İzzətli də “Toplum TV” ilə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunub.

Onun da evindən pul tapıldığı iddia olunur.

Ruslan İzzətli. Foto: Meydan TV

Ailə üzvləri isə evə həmin pulu axtarışa gələn polislərin özlərinin atdığını bildirir.

“Toplum TV” ilə bağlı cinayət işi üzrə son 3 gün ərzində 9 nəfər saxlanılıb.

Onlardan 7-si haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında III Respublika Platformasının spikeri Akif Qurbanov da var.

III Respublika Platforması 2023-cü il dekabrın 7-də elan olunub.

Ana səhifəSiyasətƏləsgər Məmmədli və Ruslan İzzətli barədə 4 ay həbs qətimkan seçilib