Kinorejissor Yasamal qəbiristanlığında dəfn olunacaq
Xalq artisti, kinorejissor və ssenarist Eldar Quliyev vəfat edib.
Meydan TV-yə bu haqda məlumat Mədəniyyət Nazirliyindən verilib.
Bildirilib ki, mərhum Yasamal qəbiristanlığında (“Qurd qapısı” qəbiristanlığı) həyat yoldaşının yanında dəfn olunacaq:
“Ailəsindən bizə bildirdilər ki, Eldar müəllim özü həyat yoldaşının yanında dəfn olunmaq istədiyini vəsiyyət edib”, – nazirlikdən bildirilib.
Bu ilin yanvarında infarkt keçirən kinorejissor Eldar Quliyev Müalicəvi Diaqnostika Mərkəzinin kardiloloji şöbəsinə yerləşdirilmişdi.
Eldar Tofiq oğlu Quliyev 1941-ci ildə Bakıda doğulub. 1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb. 1967-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm" kinostudiyasında işləyib.
“Bir cənub şəhərində”, “Babək”, “Ən vacib müsahibə”, “Var olun, qızlar…”, “Ürək… Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya…”, “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” və başqa filmlərin rejissorudur.
Bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır.