Eldar Həsənov

Mənbə: arxiv

Başlıq: Eldar Həsənov

Eldar Həsənovun yaxını hesab edilən Bəhruz Əsədbəyli də həbs olunub

O, mənimsəmədə, rüşvət almaqda və vəzifə səlahiyyətlərini açmaqda ittiham olunur

Ruminiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbər şəxslərindən biri, Türkiyə və başqa ölkələrdə bizneslə məşğul olan Bəhruz Əsədbəyli həbs olunub. Meydan TV-nin əldə etdiyi məlumata görə, B.Əsədbəyli sentyabrın 19-da saxlanılıb. Sentyabrın 20-də isə Nəsimi Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbiri seçilib.

B.Əsədbəyliyə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittihamlar irəli sürülüb. Onun işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində gedir.

İndiyədək mediada yayılan məlumatlarda B.Əsədbəylinin hazırda həbsdə olan keçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı sabiq səfiri Eldar Həsənovun biznes ortağı olduğu bildirilirdi. İddia olunurdu ki, keçmiş səfirin Türkiyədə şərab zavodlarını, həmçinin Balkanlardakı biznesini idarə edən əsas şəxslərdın biri B.Əsədbəylidir.

Nəsimi Rayon Məhkəməsindəki mənbə də onun barəsində həbs qərarı çıxarıldığını təsdiqləyib:

“Hakim Natəvan Tağıyeva prokurorluğun təqdimatını təmin edərək, onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi haqda qərar çıxarıb”.

E.Həsənov avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaq olunan, Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri haqqında cinayət işi üzrə məsuliyyətə cəlb olunsa da, sonradan onun işi ayrılaraq, prokurorluğa verildi. Hazırda E.Həsənov haqqında cinayət işi də Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılır.

B.Əsədbəylinin həbsinin E.Həsənovun işi ilə əlaqəli olması da istisna edilmir.

E.Həsənov 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri təyin edilib və 2020-ci ilin avqustunda həbs olunana qədər bu vəzifədə işləyib. Bundan əvvəl isə o, 12 il Azərbaycanın Ruminiyada səfiri olub. Diplomatik fəaliyyətdən öncə isə 1995-ci il martin 22-dən 2000-ci il aprelin 21-nə qədər Baş prokuror vəzifəsində çalışıb.

E.Həsənovun həbsindən sonra Prezident İlham Əliyev onun səfir vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.

E.Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

E.Həsənov özünü təqsirli bilmir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7j2bd7

Ən çox baxılan