“Eldar Həsənov bu cür qeyri-insani münasibəti özünə qəsd kimi qiymətləndirir”

Eldar Həsənovun həbsinə görə günahlandırdığı şəxsin İsa Nəcəfov olub-olmadığı isə məlum deyil.

Source: google.az


Keçmiş Baş prokurorun vəkilləri prezidentə müraciət etdi

Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun sağlıq durumunun kəskin pisləşdiyi, təcili şəkildə tibbi müdaxilə edilməsə, onun ölümlə üz-üzə qaldığı bildirilir. Onun vəkilləri bununla əlaqədar Prezident İlham Əliyevə müraciət edib.

Vəkillər dövlət başçısına məktubda yazıb ki, iki aydır Eldar Həsənovun müayinə və müalicəsi üçün ixtisaslaşmış həkimlərin onun saxlandığı təcridxanaya gəlməsinə icazə almaqdan ötrü vəsatətlər təqdim olunub. Həmin vəsatətlərə isə rədd cavabı verilib. Müdafiəçilər vurğulayır ki, ağır durumda olan şəxsi müalicədən məhrum etmək Azərbaycan Konstitusiyasına, humanizm prinsiplərinə, beynəlxalq hüquq normalarına da ziddir.

Vəkillər həmçinin Eldar Həsənovun ev dustaqlığına buraxılması, ixtisaslaşmış xəstəxabalardan birində əməliyyat olunmasına şərait yaradılması üçün də dəfələrlə məhkəməyə üz tutub. Lakin məhkəmələrdən də “yox” cavabı alıblar.

“Eldar Həsənov son 6 ildə 7 ağır cərrahi əməliyyatlar keçirib. Hazırda onurğa problemləri üzündən iflic olma təhlükəsi yaşayır, dəhşətli ağrılar keçirir. Davamlı ürək ağrıları var. Eyni zamanda, şəkərli diabetdən də əziyyət çəkən, xüsusi risk qrupuna aid olan 66 yaşlı Edar Həsənov prokurorluğun istintaq qrupunun digər qanunsuzluqlarıyla yanaşı, üstəlik, bu cür qeyri-insani münasibətini onun səhhətinə, sağlamlığına, yaşamaq hüququna yönəlmiş qəsd kimi qimətləndirir. Eldar Həsənovun hazırda gündəlik qəbul etdiyi dərmanlara nəzər yetirilsə, onun səhhətinin hansı durumda olduğu əyani görünəcək.

Xahiş edirik, Eldar Həsənovun səhhətindəki problemlərlə əlaqədar həyatına real təhlükəni nəzərə alıb, təcili tibbi müdaxilə olunmasına və bu əsaslarla da həbs qətimkan tədbirinin dəyişdirilməsinə kömək edəsiniz”, – vəkillər prezidentə məktubda yazıb.

Müdafiəçilər vurğulayıb ki, sabiq Baş prokuror ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir, onları əsassız və qərəzli sayır.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bir müddət əvvəl onun vəkili yaydığı açıqlamada Eldar Həsənovun həbsini qisasçılıq cəhdi kimi qiymətləndirmişdi. Vəkilin sözlərinə görə, həbsin səbəbi Eldar Həsənov Baş prokuror vəzifəsində işlədiyi dövrdə baş verənlərdən qaynaqlanır: “Səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə budur ki, həbsinin səbəbi hazırda respublikada nüfuzlu bir şəxs ilə Eldar müəllim Baş prokuror olduğu dövrdə aralarındakı işçi münasibətlərin gərginləşməsinin qisasıdır”.

Eldar Həsənov Baş prokuror olduğu zaman onun birinci müavini İsa Nəcəfovla aralarındakı gərginlik haqda o dövrdə mətbuatda xeyli materiallar yayılmışdı. Tərəflərin hər ikisi müsahibə və açıqlamalarında aralarında problem olduğunu gizlətmirdi. İsa Nəcəfov hazırda Konstitusiya Məhkəməsinin hakimidir.

Eldar Həsənovun həbsinə görə günahlandırdığı şəxsin İsa Nəcəfov olub-olmadığı isə məlum deyil.

Ana səhifəSiyasət“Eldar Həsənov bu cür qeyri-insani münasibəti özünə qəsd kimi qiymətləndirir”