”Əl öpmək lazımdırsa, hörmətli şeyximizin əlini öpsünlər”

”Bəzi Qərb dövlətləri unutmamalıdırlar ki, Azərbaycanın ətrafındakı region məhz dini ekstremizmə görə qana boyanıb, ölkələr parçalanır”

Source:
Milli Məclis foto Meydan TV


”Bəzi Qərb dövlətləri unutmamalıdırlar ki, Azərbaycanın ətrafındakı region məhz dini ekstremizmə görə qana boyanıb, ölkələr parçalanır”

Azərbaycanda dini fanatizm və radikalizm zəminində məcburi dini etiqada, dini mərasim keçirməyə, dini cərəyana qoşulmağa, dini təhsil almağa vadar etməyə görə sərt cəzalar tətbiq olunur.

APA-nın xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında Cinayət Məcəlləsinə dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması halları ilə bağlı təklif edilən dəyişikliklər müzakirə edilib.

Bununla bağlı Cinayət Məcəlləsinə yeni 167-1.4 maddəsinin əlavə edilməsi təklif olunur. Təklif olunan maddəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə , dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslər 7000 manatdan 9000 manata qədər cərimələnəcək və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcək.

Maddə 167-1.2.-ə təklif edilən dəyişikliyə görə, şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma 5 min manatdan 10 min manata qədər cərimə və ya 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, Konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzası təklif olunur.

Cinayət Məcəlləsinə salınması təklif edilən 278.2 maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihənin müzakirəsi zamanı Qüdrət Həsənquliyev deyib ki, xarici dövlətdə hansısa din xadiminin əlini öpüb Azərbaycanda siyasətlə məşğul olmaq yolverilməzdir. Əl öpmək lazımdırsa, hörmətli şeyximizin əlini öpsünlər.

Qüdrət Həsənquliyev foto sosial şəbəkə

Deputat eyni zamanda xatırladıb ki, bəzi qərb dövlətləri Azərbaycanda dini ekstremizminə qarşı çox sərt, qeyri-adekvat mübarizə aparıldığını bildirir: “Ancaq onlar unutmamalıdırlar ki, Azərbaycanın ətrafındakı region məhz dini ekstremizmə görə qana boyanıb, ölkələr parçalanır. Buna görə də Azərbaycanı ittiham etmək yersizdir. Hər bir vətəndaşın borcudur ki, dövlətinin sabitliyini qorusun. Azərbaycanda dindarlara, o cümlədən şeyximizə böyük hörmət var, ibadət edənlərə heç bir problem yaranmır. Dini ekstremizm fəaliyyətinin Azərbaycanı fəlakətə sürüklənməsinə yol verilməməlidir. Ona görə də bu sahədə qanunların sərtləşdirilməsi doğru addımdır”.

YAP-çı deputat Siyavuş Novruzov isə dəyişiklikləri müsbət dəyərləndirib: “Dini etiqad etməyə məcbur etməklə bağlı Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər düzgün anlaşılmalıdır. Söhbət burada kiminsə əlinə ələm götürüb pul yığmağa, yaxud saqqal saxlamağa məcbur etmək kimi əməllərdən gedir.

Siyavuş Novruzov foto sosial şəbəkə

S. Novruzov bildirib ki, kimsə dini ritual yerinə yetirirsə, üzərində dini nişan varsa, yaxud evdə namaz qılır, dini ayin icra edirsə, bu qadağaların onlara dəxli yoxdur. Xaricdə islam dini ilə bağlı təhsil alanların Azərbaycanda dini mərasimləri idarə etmələrinə qoyulan qadağa haqda da danışan komitə sədri bunları deyib: “Azərbaycanda Bakı İslam Universitetində, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində dini təhsil verilir. Ancaq bizdə xristian və yəhudi dinləri ilə bağlı dini təhsil verən mərkəz yoxdur. Ona görə də biz qadağanı məhz xaricdə İslam dini ilə bağlı təhsil alanların mərasim aparmalarına qoymuşuq. Onu da nəzərə almaq lazımdır ki, qanunun geriyə qüvvəsi yoxdur. Yəni söhbət qanunun qəbulundan sonra xaricdə təhsil alanlardan gedir. Ola bilər ki, həmin insan savadlıdır, amma təhsil aldığı ölkənin müəyyən orqanları ilə əlaqədə olub. Dini mərasimləri vətəninə, ölkəsinə, xalqına bağlı olan insanlar idarə etməlidirlər”.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Ana səhifəXəbərlər”Əl öpmək lazımdırsa, hörmətli şeyximizin əlini öpsünlər”