Ələsgər Məmmədli məhkəmədə ədalət olacağı təqdirdə bütün ittihamları puç edəcəyinə inanır

Ələsgər Məmmədli. Foto: Meydan TV

11 aydan çoxdur davam edən istintaq zamanı Ələsgər Məmmədli həbsinin qanunsuz olmasına etiraz olaraq ifadə verməyib

Həbsdə olan hüquqşünas, media hüququ üzrə ekspert Ələsgər Məmmədli təsisçisi olduğu “Toplum TV” ilə bağlı açılmış cinayət işinin istintaq materialları ilə tanış olub və “məhkəmədə azacıq ədalət olacağı təqdirdə bütün ittihamları puç edəcəyinə inanır”.

Bunu fevralın 18-də Ələsgər Məmmədli ilə telefonda danışdığını deyən qardaşı Nəsimi Məmmədli özünün “Facebook” hesabında yazıb:

 “Ələsgər bəy bildirdi ki, 11 aydan çoxdur davam edən istintaq yekunlaşıb. Həbsinin qanunsuz olmasına etiraz əlaməti olaraq bu müddət ərzində heç bir ifadə verməyib”.

Qardaşının sözlərinə görə, hər biri 300 vərəqdən ibarət olmaqla 23 cild qovluq, əlavə qeydlər və ifadələrlə birlikdə ümumilikdə 10 min səhifədən çox istintaq materialları ilə tanış olmaq üçün beş gün sərf edib.

Deməsinə görə, 50 nəfərdən çox şəxs istintaqa çağırılıb və dindirilib. Bütün ifadələrlə tanışdır. İstintaq materiallarının özü ilə bağlı hissələrindən və prosessual pozuntulardan ibarət 21 qeyd götürüb. Hər biri ilə bağlı əminliklə bildirdi ki, onun həbsdə saxlanması tamamilə qanunsuzdur”, – Nəsimi Məmmədli yazıb.

2023-cü il martın 6-da “Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.

Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə (Fərid İsmayılov və Elmir Abbasov)  istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar “Toplum TV”-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, Qurucu Heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin video redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahovdur.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.

Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

2025-ci il yanvarın 17-də  “Toplum TV işi” üzrə istintaq yekunlaşıb.

Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işə cəlb etmə), 192.3.2 (Qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitini leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2 (Eyni əməllər, xeyli miqdarda törədildikdə), 206.4 (Qaçaqmalçılıq, mütəşəkkil qrup tərəfindən törədildikdə), 213.2.1 (Vergiləri ödəməkdən yayınma, mütəşəkkil qrup tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

“Toplum TV işi” ilə bağlı məhkəmənin qərarı ilə polis nəzarətinə verilmiş jurnalist Fərid İsmayılov yanvarın 17-də həbs edilib.

2025-ci il fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.  O, “Toplum TV” işindən ayrıca icraata ayrılmış yeni iş üzrə həbs edilib.

2023-cü ilin noyabrından bu yana ölkədə 30-dan artıq jurnalist və bloger həbs olunub.

Onların əksəriyyətinə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.

Həbs olunanların əksəriyyəti “Meydan TV”, “AbzasMedia”, “Toplum TV”, “Kanal13”, “meclis.info” əməkdaşlarıdır.

Jurnalistlər özlərini təqsirli bilmir, dövlət başçısı və digər məmurların korrupsiya əməlləri, digər qanunsuzluqlar haqda araşdırmalarına görə cəzalandırıldıqlarını bildirirlər.

Ana səhifəSiyasətƏləsgər Məmmədli məhkəmədə ədalət olacağı təqdirdə bütün ittihamları puç edəcəyinə inanır