Ekspert: Tütünçülüyün problemi 5 qəpiklə həll olunmayacaq

Vahid Məhərrəmov hesab edir ki, fermerlər istehsal etdikləri məhsulu özləri emal edə bilmirlər və yaradılan emal müəssisələri inhisarçılara çevrildiyindən qiyməti diktə edirlər

Source:
foto azertag
foto azertag


Vahid Məhərrəmov hesab edir ki, fermerlər istehsal etdikləri məhsulu özləri emal edə bilmirlər və yaradılan emal müəssisələri inhisarçılara çevrildiyindən qiyməti diktə edirlər

“Azərbaycanda tütünçülüyün problemi 5 qəpiklə həll olunmayacaq. Buna qədər toxumçuluğu, elmi inkişaf etdirmək, suvarma problemini həll etmək, gübrə təminatını təşkil etmək, torpağın münbitliyini bərpa etmək kimi məsələlər var. Bu problemlər həllini tapdıqdan sonra bu sahənin inkişafı barədə düşünmək və maliyyə dəstəyi ayırmaq olar”.

Bunu kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov prezident İlham Əliyevin tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında imzaladığı sərəncamı Meydan TV-yə şərh edərkən deyib.

Oktyabrın 5-də imzalanan sərəncamda qeyd olunur ki, tütün istehsalı ilə məşğul olan əhalinin rifahını yaxşılaşdırmaq məqsədilə emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün hər 10 kiloqramına görə tütün istehsalçılarına 0.05 manat subsidiya veriləcək.

Sərəncam 2016-cı ildə istehsal olunan quru və yaş tütünə də şamil olunacaq.

V.Məhərrəmov Azərbaycanın il ərzində təxminən 2,7-3 min ton tütün istehsal etdiyini deyir. Ekspert qeyd edir ki, təlabat olmadığından Azərbaycanda istehsal olunan tütün daxili istehlaka yönəlmir: “Bunun səbəbi siqaret istehsalıyla məşğul olan şirkətlərin tütünü xaricdən gətirməsidir. Azərbaycan tütünü ucuz olduğundan bəzi ölkələr bu məhsulu bizim ölkədən alırlar”.

Vahid Məhərrəmov foto Meydan Tv

Ayrılan subsidiyanın məbləğinə gəlincə, ekspert deyir ki, 3-5 qəpik xüsusən də tütünçülükdə əhəmiyyətli rol oynamır: “Məhsuldarlıq aşağı olduğundan istehsalçılar bu sahəyə o qədər də maraq göstərmirlər. Toxumçuluqdan tutmuş məhsulun satışına qədər problemlərin hələ də qalması məhsuldarlığın aşağı olması ilə nəticələnir. Yalnız hökumətin çağırışı eşidilir, amma real tədbirlər görülmür. Onsuz da bütün ölkələrdə hökumətlər kəndlilərin, fermerlərin fəaliyyətini stimullaşdırmaq üçün çağırışlar edirlər”.

V.Məhərrəmov bildirir ki, tütünçülüklə bağlı problemlər həllini tapmayınca, bu sahədə real dəyişiklik olmayacaq.

“Məsələn, fermerlər istehsal etdikləri məhsulu özləri emal edə bilmir, yaradılan emal müəssisələri də inhisarçılara çevrildiyindən qiyməti diktə edirlər. Belə olanda fermerlərdə tütünçülüyə maraq yaratmaq indiki halda nəticə verməyəcək”, deyən V.Məhərrəmov hesab edir ki, hökumət tütünçülüyün inkişafı üçün konkret proqram qəbul etməlidir.

Ana səhifəAnalitikaEkspert: Tütünçülüyün problemi 5 qəpiklə həll olunmayacaq