Ekspert: İlham Əliyevin fərmanı oliqarx məmurlara xidmət edəcək

“Artıq de-fakto həmin torpaq ərazilərində bəzi şirkətlər əkin, səpin, məhsul yığımı işlərini həyata keçirirlər”.

Source: Specify Source


"Oliqarxların bu qədər güzəştlər əldə etməsi kiçik və orta sahibkarlığın sıradan çıxmasına gətirib çıxaracaq"

"İlham Əliyevin “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Fərmanı oliqarx məmurların maraqlarına xidmət edəcək".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli belə deyir.

O hesab edir ki, bundan sonra ümumi istifadə üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə torpaqlarını qeyri-qanuni yollarla ələ keçirən oliqarx məmurlar həmin torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi, təyinatının dəyişdirilməsi, özəlləşdirilməsi dövlət torpaqlarının alqı-satqı obyektinə çevirilməsi məsələsinə asanlıqla nail olacaqlar: "Aqroparkların sahibləri olan oliqarx məmurlar dövlətin vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı əldə edəcəklər. Oliqarx məmurların bu qədər güzəştlər əldə etməsi və dövlət güzəştləri hesabına daha da güclənməsi, təəssüf ki, ölkə əhalisinin ərzaq təminatında 90 faizədək paya sahib olan kiçik və orta sahibkarların sıradan çıxmasına gətirib çıxaracaq".

Fərmanda bildirilir ki, ölkədə aqrar emal sənayesinin dayanıqlı inkişafı qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir.

Hesab edilir ki, kənd təsərrüfatının yüksəlişinə dəstək mexanizmi davamlı təkmilləşdirilməlidir. Bu məqsədlə Nazirlər Kabinetinə bəzi sahələr üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair layihələrin hazırlanması və Prezidentə təqdim edilməsi tapşırılıb:



– Torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi;



– Torpaqların idarə edilməsi, mühafizəsi, qanunsuz istifadəsinin qarşısının alınması, habelə münbitliyinin qorunması, bərpası və artırılması;



– Aqrar emal məhsulları istehsalçıları tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış, suvarma infrastrukturu və emal üçün müvəqqəti tikililərin inşası;



– Aqroparkların fəaliyyətinin tənzimlənməsi.

Vahid Məhərrəmli deyir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsində nəzərdə tutulduğu kimi, torpaq qanunvericiliyi Torpaq Məcəlləsindən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir.

Onun sözlərinə görə, fərmanda normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulan sahələr, yəni torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi, torpaqların idarə edilməsi, mühafizəsi, qanunsuz istifadəsinin qarşısının alınması, habelə münbitliyinin qorunması, bərpası və artırılması Azərbaycan Respublikası Torpaq Məcəlləsinə uyğun olaraq tənzimlənir: "Belə ki, torpaqların məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq torpaqlar kənd təsərrüfatı təyinatlı, yaşayış məntəqələri, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, meşə fondu, su fondu, ehtiyat fondu, xüsusi qorunan ərazilər, kimi kateqoriyalara bölünmüşdür. Qanuna uyğun olaraq torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən, yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Son bir neçə ildə məmur oliqarxlar əvvəllər fermer və kəndlilər müqavilə əsasında istifadə etdikləri yüz minlərlə hektar örüş, təbii biçənək və meşə əraziliərini ələ keçiriblər və həmin torpaqlarda iri fermer təsərrüfatları, aqroparklar yaradıblar. Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq “dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz”. Bu fərmanda torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırılır".

Ekspertin fikrincə, bu, oliqarx məmurların istifadəsində və icarəsində olan dövlət və bələdiyyə torpaqlarını özəlləşdirmək və yaxud alqı-satqı obyektinə çevirmək üçün normativ hüquqi baza yaradılacaq deməkdir: "Onu da qeyd etməliyəm ki, 262 min hektar sahədə aqroparkların yaradılması üçün dövlət büdcəsindən 2,4 milyard manat vəsait xərclənib. Dövlət torpaqları hesabına iri fermer təsərrüfatları və aqroparklar yaradılıb, dövlət hesabına artezian quyuları qazılıb, təsərrüfatlara yollar çəkilib, indi isə oliqarx məmurları artıq yaratdıqları təsərrüfatların hüquqi statusu qeyri-müəyyən olması narahat edir. Hesab edirəm ki, fərman qanunla yalnız ümumi istifadə üçün nəzərdə tutulmuş torpaqların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi üçün normativ hüquqi bazanın yaradılması məqsədilə verlib".

Vahid Məhərrəmli bildirir ki, Azərbaycanda kənddə yaşayan əhalinin sayı çox, torpaq əraziləri isə az olduğu üçün kəndlər kənd təsərrüfatı təyinatlı torpaq ərazilərinə yaxın məsafədə yerləşir: "Yaxşı olar ki, emal müəsisələri kəndlərdə və rayon mərkəzlərrində yaradılsın və həmin müəsisələrdə yerli fəhlələrin, mütəxəssislərin xidmətindən istifadə edilsin. Bu yolla həm də kənddə yaşayan yüz minlərlə işsizlərin bir qismini işlə təmin etmək olar. Həmin torpaq ərazilərində isə kəndlilər, fermerlər emal müəsisələri üçün xammal istehsalı ilə məşğul olar".

Fərmanda İqtisadiyyat Nazirliyinə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə torpaq islahatı həyata keçirilməmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan müvəqqəti istifadə mexanizminin formalaşdırılması ilə bağlı tədbirlər görməsi və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi göstərişi verilib.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Ekspert deyir ki, torpaq islahatı həyata keçirilməmiş ərazilər deyəndə işğaldan azad olan torpaqlar nəzərdə tutulur: "Artıq de-fakto həmin torpaq ərazilərində bəzi şirkətlər əkin, səpin, məhsul yığımı işlərini həyata keçirirlər. İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyindən torpaq islahatı həyata keçirilməmiş torpaqları əvvəllər əkinlə məşğul olmuş kəndlilər arasında bölərək pay edilməsi mexanizmin hazırlanması tələb olunmur, əksinə, digərləri tərəfindən müvəqqəti istifadə edilməsi üçün mexanizminin formalaşdırılması ilə bağlı göstəriş verilir. Beləliklə, ölkə başçısının “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Fərmanı oliqarx məmurların maraqlarına xidmət edəcək. Belə ki, ümumi istifadədə üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə torpaqlarını qeyri-qanuni yollarla ələ keçirən oliqarx məmurlar həmin torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsini, təyinatının dəyişdirilməsini, özəlləşdirilməsi, dövlət torpaqlarının alqı-satqı obyektinə çevirilməsi məsələsinə asanlıqla nail olacaqlar. Aqroparkların sahibləri olan oliqarx məmurlar dövlətin vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı əldə edəcəklər. Əlbəttə, oliqarx məmurların bu qədər güzəştlər əldə etməsi və dövlət güzəştləri hesabına daha da güclənməsi, təəssüf ki, ölkə əhalizinin ərzaq təminatında 90 faizədək paya sahib olan kiçik və orta sahibkarlığın sıradan çıxmasına gətirib çıxaracaq".

Prezident İlham Əliyev bir müddət öncə "Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında" Fərman imzalayıb.

Fərmanda bildirilir ki, ötən dövrdə Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilib.

Sənəddə deyilir ki, aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərib.

Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirib və emal sənayesinin güclənməsi üçün əlverişli imkanlar yaradıb: "Ölkədə aqrar emal sənayesinin dayanıqlı inkişafı qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Bunu nəzərə alaraq, kənd təsərrüfatının yüksəlişinə dəstək mexanizmi məqsədyönlü şəkildə davamlı olaraq təkmilləşdirilməlidir. Rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi və istehsalın dəyər zəncirinin həlqələri üzrə artırılması məqsədilə istehsalçıların müvafiq resurslara, o cümlədən, əlverişli maliyyə resurslarına asan çıxışının təmin edilməsi, bazar infrastrukturunun və aqrar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətləndirilməsi tələb olunur".

Ana səhifəİqtisadiyyatEkspert: İlham Əliyevin fərmanı oliqarx məmurlara xidmət edəcək