“
Barəmdə cinayət işinə xitam verilməsini ərklə xahiş edirəm”
Yazıçı Əkrəm Əylisli Baş prokuror Zakir Qaralovu barəsindəki cinayət işinə xitam verməsinə çağırıb.
“Turan” informasiya agentliyinin məlumatında deyilir ki, bununla bağlı yazıçı Baş prokurora açıq məktub ünvanlayıb.
Ə.Əylisli qeyd edib ki, vəkil Elçin Sadıqovun vasitəsi ilə 2 ay bundan əvvəl göndərdiyi məktubuna indiyədək Baş prokurordan cavab almadığına görə, ona bir daha müraciət etməyi lazım bilib.
Yazıçı xatırladıb ki, 2016-ci ilin mart ayında İtaliyanın Venesiya şəhərində keçiriləcək Beynəlxalq ədəbi forumda iştirak etməyə gedərkən – hava limanında saxlanıldıqdan sonra – ona qarşı qaldırılan cinayət işinin prokurorluğa göndərildiyi vaxtdan artıq 2 il keçir.
O, bildirib ki, artıq 2 ildən coxdur ki, ölkədən çıxmaq hüququndan məhrum edilib, hətta ölkə daxilində də azad hərəkət etməyə hüquqi ixtiyarı yoxdur.
“Mən 81 yaşın içindəyəm. Bu yaşda öz sağlamlığı ilə öyünmək, təəssüf ki, yalnız nadir adamlara nəsib olur. Kəskin xroniki bronxitdən, ürək və qaraciyər çatışmazlığından illərdir ki, ciddi əziyyət çəkirəm. Ölkədən çıxmağıma qadağa qoyulması səhhətimin mümkün kritik məqamında hər hansı (yaxın ya uzaq) ölkəyə getməyimi bəri başdan əngəlləyir və xüsusən yay aylarında sağlamlıq durumumu ağır sınaqlar qarşısında qoyur”.
Ə.Əylisli vurğulayıb ki, tərkibində heç bir ağlabatan cinayət faktı olmayan bu “cinayət işi”nin gizlin motivlərini bir daha açıb-ağartmağı lazım bilmir.
“Hava limanının polis idarəsi tərəfindən sərhəd xidməti əməkdaşının şikayəti əsasında tərtib edilən və hazırda Bakı şəhər Prokurorluğunun sərəncamında olan istintaq materiallarına vaxt tapıb, nəzər yetirsəniz, burada mənə qarşı irəli sürülən ittihamın nə dərəcədə əssasız, məntiqsiz və məzmunsuz olduğuna yəgin ki, özünüz də inanarsınız. Bu müxtəsər məktubla Sizə müraciət etməklə – yaşımı, sağlamlıq durumumu və barəmdə qaldırılan cinayyət işinin obyektiv hüquqi bazası olmadığını nəzərə alıb, bu işə xitam verilməsi barədə təsirli tədbir görməyinizi Sizdən ərk ilə xahiş edirəm”.
2013-cü ildə Ə.Əylislinin erməni və azərbaycanlıların münasibətlərinə həsr edilən “Daş yuxuları” romanı dərc ediləndən sonra Azərbaycanda ona qarşı kampaniya başladı və kitabları yandırıldı. Dövlət başçısı ona verilən fəxri adları ləğv etdi.