Asiya Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunu da təxirə salınıb
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), xüsusilə Dubay əmirliyinə düşən güclü leysanın ciddi fəsadlara səbəb olduğu bildirilir.
Dubayda yağışlar aprelin 16-a keçən gecə başlayıb.
Böyük magistral yollar və alçaq küçələr su altında qalıb.
Şəhərdə narıncı həyəcan səviyyəsi (təbii fəlakətlərə səbəb ola biləcək təhlükəli hava şəraiti) olduğu bildirilir.
BƏƏ-nin hakimiyyət orqanları ictimai nəqliyyatın hərəkətini məhdudlaşdırmağa məcbur olub, metronun fasilələrlə işlədiyi deyilir.
Rəsmilər həmçinin sakinləri zərurət olmadıqca evlərini tərk etməməyə çağırıb.
Dövlət qurumları, özəl müəssisələr, məktəb və universitetlər məsafədən fəaliyyət göstərir.
Daşqın səbəbilə Asiya Çempionlar Liqasının yarımfinal mərhələsinin “Əl-Əyn” (Birləşmiş Ərəb Əmirlikləri) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) oyunu da təxirə salınıb.
Leysan yağışları ilə əlaqədar Dubay Beynəlxalq Hava Limanı 45 reysi ləğv edib.
Yerli Milli Meteorologiya Mərkəzinin məlumatına görə, BƏƏ-də anoloji hadisə 1949-cu ildə baş verib.