DTX dini icma üzvünə qarşı terror aktı planlaşdıran şəxsləri saxladığını deyir

Dövlət Təhlükəsizliyi Xidməti. Foto: DTX

Saxlanılan şəxslərin ittihama münasibəti bəlli deyil

Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktının qarşısının alındığı iddia edilir.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) terroru planlaşdırmaqda ittiham olunan iki nəfəri saxladığını deyir.

Qurum bildirir ki, onlardan biri Gürcüstan vətəndaşı Aqil Aslanov, digəri isə Azərbaycan vətəndaşı Ceyhun İsmayılovdur.

Adları çəkilən şəxslərə qarşı DTX-nin İstintaq Baş İdarəsində terrorçuluq, dövlətə xəyanət, casusluq və başqa ittihamlar irəli sürülüb.

Bu ilkin ittihamlarla da Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Gürcüstan vətəndaşı Aqil Aslanov narkotik qaçaqmalçılığı ilə məşğul olub.

O, 2024-cü ilin sentyabr ayında başqa ölkədə səfəri vaxtı tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb.

Həmin şəxslər Azərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanova göstərib barəsində məlumat verərək 200 min dollara ona sui-qəsd təşkilini təklif ediblər.

İddia edilir ki, Aqil Aslanov razılaşıb və avans kimi ona 2 min dollar verilib.

Ona ilkin tapşırıq isə sözügedən icma üzvü və onun iş yeri barədə zəruri kəşfiyyat məlumatlarını toplayıb onlara ötürməkdən ibarət olub.

İttihama əsasən, bundan sonra Bakıya gələn Aqil Aslanov bu işə Ceyhun İsmayılovu da cəlb edib.

Onlar birlikdə həmin dini icma üzvü barədə məlumatlar toplamağa başlayıblar, onun yaşayış və iş yeri barədə məlumatları mobil telefon tətbiqi vasitəsilə xarici xüsusi xidmət orqanı nümayəndəsinə göndəriblər.

Onların hansı dini icmanın üzvünə qarşı terror hazırladığı da açıqlanmayıb.

Təqsirləndirilən şəxslər Aqil Aslanov və Ceyhun İsmayılovun özlərinin, vəkillərinin, yaxud da ailələrinin bu ittihamlara münasibəti, onların özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.

Ana səhifəSosialDTX dini icma üzvünə qarşı terror aktı planlaşdıran şəxsləri saxladığını deyir