“Son 10 ildə Neft Fondundan büdcəyə 76 milyard dollar transfert gəlib”
Bunu noyabrın 21-də Milli Məclisdə 2018-ci ilin büdcə müzakirələri zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. O əlavə edib ki, 2018-ci il üçün neftin 1 barelinin 45 dollardan götürülməsi qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək:
“Biz təhlillər apardıq. Son 15 ilin təcrübəsi göstərir ki, dövlət büdcəsinin gəlirləri 1-2 il istisna olmaqla ildə cəmi 1,8-2 milyard. manat artır. Ən yüksək artım 2007-2008-ci illərdə baş verib. Bu illərdə dövlət büdcəsinin gəlirləri 4 milyard manat artıb. Bu zaman neftin qiyməti 71 dollardan 96,5 dollara qədər artıb. İkinci hal 2011-ci ilə təsadüf edir. Bu zaman dövlət büdcəsinin gəlirləri 4,3 milyard manat artıb. Neftin qiyməti 79 dollardan 104 dollara qalxmışdı. Bu gün isə biz büdcə gəlirlərinin 3,3 milyard manat artmasını təmin edirik”.
2018-ci il dövlət büdcəsinin gəlirləri
Maliyyə naziri Samir Şərifov deyib ki, növbəti il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək:
“Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat kəsirlə icra olunacağı proqnozlaşdırılır. Mərkəzləşdirilmiş gəlirlər 19 mlrd. 476,329 mln. manat, yerli gəlirlər 650,671 mln. manat, mərkəzləşdirilmiş xərclər 20 mlrd. 181,608 mln. manat, yerli xərclər 724,092 mln. manat məbləğində gözlənilir. Gəlirlərin mənbələrinə gəlincə, dövlət büdcəsinə fiziki şəxslərin gəlir vergisindən 1,196 mlrd. manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən 2,320 mlrd. manat, əlavə dəyər vergisindən (ƏDV) 4,288 mlrd. manat, ölkə ərazisinə malların idxalına görə ƏDV-dən 1,705 mlrd. manat, sadələşdirilmiş vergidən 380 mln. manat, aksizlərdən 726 mln. manat, ölkə ərazisinə malların idxalına görə aksizlərdən 172 mln. manat, yol vergisindən 91 mln. manat, mədən vergisindən 136 mln. manat, gömrük rüsumlarından 535 mln. manat, aksiz markaların satışından 6,3 mln. manat, dövlət rüsumundan 108 mln. manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 460 mln. manat, vergi orqanlarının xətti ilə 140 mln. manat cəlb etmək nəzərdə tutulub”.
2018-ci il dövlət büdcəsinin xərcləri
Xərclərin mənbələri gəldikdə isə nazir bildirib ki, ümumi dövlət xidmətlərinə 3 mlrd. 620,257 mln. manat (o cümlədən, qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə 654,946 mln. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinə 215,1 mln. manat, elm xərclərinə 128,060 mln. manat, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərinə 2 mlrd. 262,778 mln. manat, Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyaya 281,9 mln. manat), müdafiə xərclərinə 2 mlrd. 738,722 mln. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 1 mlrd. 329,535 mln. manat, təhsil sahəsinə 2 mlrd. 1,498 mln. manat, səhiyyə sahəsinə 740,661 mln. manat, sosial müdafiə və sosial təminat 2 mlrd. 197,182 mln. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə 304,289 mln. manat, mənzil və kommunal təsərrüfatı 457,399 mln. manat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitinin mühafizəsi sahəsinə 656,260 mln. manat, sənaye, tikinti və faydalı qazıntılar sahəsinə 4 mlrd. 944,376 mln. manat, nəqliyyat və rabitə sahəsinə 166,791 mln. manat, iqtisadi fəaliyyətə 245,511 mln. manat, əsas bölmələrə aid edilməyən xidmətlərə 1 mlrd. 495,203 mln. manat yönəldiləcək”.
Sosial mənzillərin tikintisi ilə bağlı 250 milyon manat nəzərdə tutulub
İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, sistemli islahatların davam etdirilməsi, bank sektorunun sağlamlaşdırılması əsas götürülərək, növbəti ildə inflyasiyanın birrəqəmli olması proqnozlaşdırılıb. 2018-ci ildə ümumi daxili məhsulun 1.5, növbəti illərdə 3.5 faiz artacağı proqnozlaşdırılıb”.
O qeyd edib ki, 2018-ci il dövlət büdcəsindən sosial mənzillərin tikintisi ilə bağlı 250 milyon manat nəzərdə tutulub.
Nazir əlavə edib ki, gələn il ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üzrə sistemli tədbirlər davam etdiriləcək. “Gələn il Azərbaycanın turizm sektorunun 6,6 faiz, sonrakı 3 ildə isə 6 faizdən çox artacağı proqnozlaşdırılır. İKT sektorunda gələn il 5,1 faiz, növbəti illərdə 6 faizdən çox artım nəzərdə tutulur”.
Mərkəzi Bank iqtisadiyyata kifayət qədər pul verir
Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, profisitli tədiyyə balansı şəraitində valyuta bazarında manatın məzənnəsi sabitləşib. Onun sözlərinə görə, manat ilin əvvəlindən 4%, fevral ayının sonundan isə 11,5% möhkəmlənib. E.Rüstəmov qeyd edib ki, son 9 ayda milli valyuta əlavə möhkəmlənmə təzyiqi altında olub:
“Lakin manatın daha əhəmiyyətli möhkəmlənməsi bir sıra makro və mikro risklərin reallaşmasına yol açardı. Mikroiqtisadi baxımdan başlıca olaraq yaranan yeni ixrac istiqamətlərinin və investisiyaların destimulyasiyası və rəqabət qabiliyyətinin aşağı düşməsi, makroiqtisadi baxımdan isə tədiyyə balansının pisləşməsi, idxalın artması, xarici yeni şoklara qarşı həssaslığın yüksəlməsini qeyd etmək olar. Həyata keçirilən makroiqtisadi yenidən balanslaşma neft gəlirlərindən istifadəni əhəmiyyətli dərəcədə azaltmağa imkan verib. Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi pik ilindəkindən 3 dəfə azalıb və ölkənin strateji valyuta ehtiyatlarına həm nisbi, həm də mütləq qənaət edilib”.
AMB sədri ekspertlərin ölkədə pul kütləsinin azalması ilə bağlı fikirlərinə münasibət bildirib:
“Belə bir vəziyyətdə bəzən ekspert icmasında iqtisadiyyatda pulun çatışmaması və bunun makroiqtisadi inkişafa mənfi təsir göstərməsi barədə fikirlər səsləndirilir. Bununla əlaqədar qeyd etmək istəyirəm ki, Mərkəzi Bank iqtisadiyyatın, ödəniş sisteminin, ilk növbədə büdcə sisteminin fasiləsiz çalışması üçün iqtisadiyyata kifayət qədər pul verir. Digər tərəfdən hazırda bank aktivlərinin təxminən 20%-dən çoxunu likvid aktiv təşkil edir. Biz kredit aktivliyinin yüksəlməsini müşahidə etmirik. Mərkəzi Bank bütövlükdə likvidliyin verilməsi, bütün pəncərə, yəni sterilizasiya alətlərini daim aktiv saxlayır. Cari ildə kreditlərin verilməsi ilə bağlı heç bir müraciət edilməyib. Lakin Mərkəzi Bankın sterilizasiya alətlərinə tələb yüksəkdir. İlin ötən dövründə həm Mərkəzi Bankın, həm də Maliyyə Nazirliyinin maliyyə alətlərinə müraciətlərində tələb təklifi təxminən 3 dəfə üstələyib”..
E.Rüstəmov əlavə edib ki, bütövlükdə mövcud şəraitdə, xarici və daxili şərtlərdə milli iqtisadiyyatın cari neft qiymətlərinə uyğunlaşması başa çatıb. Onun sözlərinə görə, ölkəyə idxal kritik azaldılıb, büdcə məqsədləri üçün istifadə edilən neft gəlirlərinin səviyyəsi optimallaşdırılıb, strateji valyuta ehtiyatlarına düşən təzyiq azaldılıb.
“O cümlədən milli valyutanın xarici dəyəri, məzənnəsi sabitləşib və ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın ilkin əsasları yaradılıb”.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun büdcə ilə bağlı çıxışından sonra layihə deputatların müzakirəsinə verilib.
Müzakirələr 3 gün davam edəcək.