Onun konkret hansı maddə ilə günahlandırıldığı və həbs qətimkan tədbirinin müddəti qeyd olunmayıb
Dövlət Turizm Agentliyinin (DTA) istintaqa cəlb olunmuş və haqqında həbs qətimkan tədbiri seçilmiş əməkdaşının kimliyi məlum olub.
Dövlət Təhlükəsizliyi Xidmətinin martın 4-də DTA Aparatının əməkdaşı Nicat Hüseynovu şübhəli şəxs kimi saxladığı və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçildiyi bildirilir.
Onun xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunduğu bildirilsə də, konkret hansı maddə ilə günahlandırıldığı və həbs qətimkan tədbirinin müddəti qeyd olunmayıb.
Məlumata adıçəkilən şəxsin yaxınlarının münasibəti bəlli deyil.
Martın 4-də Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.
Bu xəbərdən sonra bir çox yerli media orqanları bu şiddətli töhmətin səbəbləri barədə yazıb. Yazılanlara görə, Fuad Nağıyevin rəhbərlik etdiyi agentlik xidməti yazışmaları sızdırıb.
Məlumata görə, Fuad Nağıyevin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər.
Yerli mediada yazılan məlumatlarda Nağıyevin “Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən” “Transparency International” təşkilatında çalışmış şəxsləri rəhbərlik etdiyi quruma gətirdiyi yazılıb. Və onun bu təşkilatın rəhbəri olmuş Rəna Səfərəliyrvanın kürəkəni olduğu qeyd olunub.
“Transparency International”ın Azərbaycandakı nümayəndəliyi qismində çıxış edən “Şəffaflıq Azərbaycan” təşkilatı martın 5-i fəaliyyətini dayandırıb.
Təşkilatın təsisçilərindən biri Rəna Səfərəliyevadır. Rəna Səfərəliyeva 2019-cu ilə qədər həm də təşkilatın icraçı direktoru olub. O, hazırda təşkilatın İdarə Heyətinin üzvüdür.
Yayılan məlumatlarda həmçinin qeyd olunurdu ki, agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.