Dövlət Turizm Agentliyi Azərbaycanı tanıtmaq adı ilə 1.8 milyon manat pul ayırıb

Turizm – Foto: Meydan TV

Vəsait xarici jurnalist və blogerlər üçün nəzərdə tutulub

Dövlət Turizm Agentliyi xarici jurnalist və blogerlərə Azərbaycanı tanıtmaq üçün 1.8 milyon manat pul ayırıb.

Bu məqsədlə Agentlik dövlət satınalmalarının vahid internet portalında bu ilin aprel ayı ərzində üç tender elanı yerləşdirib.

Türkiyədən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin və Azərbaycanda işgüzar tədbirlərin təşkili xidmətlərinin satınalınması üçün 444 min 926 manat 67 qəpik ayrılıb.

Avropa – İtaliya, Polşa, Çexiya, Macarıstan, Almaniya, Avstriya, İsveçrə və Birləşmiş Krallıqdan gələn jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərləri təşkil olunacaq. Bunun üçün üçün 537 min 861 manat 70 qəpik nəzərdə tutulub.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən gələnlər üçün isə 847 min 319 manat 6 qəpik vəsait ayrılıb.

Agentlik bu ilin fevralında “Xarici jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması” ilə bağlı dörd tender elan etmişdi.

Dörd tenderə görə ümumilikdə 4 milyon 190 min manat ayrılmışdı.

Ana səhifəİqtisadiyyatDövlət Turizm Agentliyi Azərbaycanı tanıtmaq adı ilə 1.8 milyon manat pul ayırıb