”Dollar 1.75 manatadək yüksələcək”

Nemət Əliyev: ”Son 2 ay 10 gün müddətində manat 7-9 faiz dəyərini itirib”

Source:

Nemət Əliyev: “Son 2 ay 10 gün müddətində manat 7-9 faiz dəyərini itirib”

“Dolların məzənnəsi ilin sonuna qədər artım tendensiyasını qoruyacaq və rəsmi məzənnə 1.75 AZN/USD səviyyəsinə qədər yüksələcək. Nağd valyuta bazarında isə dolların 1.80 AZN/USD-yə qədər artması ehtimal edilir”.

“Report” yazır ki, dolların məzənnəsinin sabitləşməsi ancaq ARDNF-nin valyuta hərracına 300-500 mln. dollar vəsait çıxarması ilə mümkün ola bilər: “Lakin bu, müvəqqəti sabitliyin yaranmasına səbəb olacaq. Neft qiymətlərinin kəskin artımı baş verməsə, dolların ucuzlaşması mümkün görünmür”.

Saytın analitik qrupu hesab edir ki, dolların bahalaşmasının bir neçə səbəbi var: “Bunlardan birincisi Azərbaycanın idxal mallarına olan tələbatının yüksək olması ilə bağlıdır. Belə ki, hazırkı iqtisadi şəraitdə Azərbaycan ildə 5 mlrd. dollardan çox dəyərdə idxal mallarına ehtiyac duyur. Neft gəlirlərinin yüksək olduğu illərdə idxalın real həcmi hətta 10 mlrd. dolları üstələyirdi, baş verən devalvasiyalar isə idxalın həcmini əhəmiyyətli şəkildə azaldıb. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) həftədə 100 mln. dollarlıq valyuta kütləsini hərracda satışa çıxarması illik valyuta satışının 5.2 mlrd. dollar həcmində olması deməkdir. Bu qədər valyuta birbaşa idxal tələbatının qarşılanmasına xərclənir.

Valyuta tələbinə təsir edən digər amil bankların və bir sıra böyük şirkətlərin xarici kredit borcları ilə əlaqəlidir. Azərbaycandakı kommersiya banklarının xarici borcları iyunun 1-nə 6.7 mlrd. manat və ya 4.2 mlrd. ABŞ dolları təşkil edir. Bu borcun əksər hissəsi qısamüddətli olduğundan, kommersiya banklarının xarici valyutaya tələbinin orta müddətdə davam etməsi gözlənilir.

Dollara tələbi artıran daha bir amil isə ümumiyyətlə əhalinin son aylarda məzənnənin artması səbəbindən dollara yaranan təbii tələbidir. Bununla yanaşı, lisenziyası ləğv edilən banklardakı əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən əsasən yerli valyutada geri ödənilir  və bu vəsaitlərin əksər hissəsinin xarici valyutaya (əsasən dollara) çevrilməsi  valyutaya tələbatı artıracaq.

Bundan başqa, dünya bazarında neft qiymətləri aşağı düşməyə başlayıb. Neft qiymətlərinin bundan əvvəlki kəskin azalmalarda devalvasiya ilə nəticələnməsi bu valyutaya tələbi hər zaman ən azından sabit saxlayacaq”.

İqtisadçı Nemət Əliyev Facebook səhifəsində manatın ucuzlaşması haqda fikirlərini bölüşüb. O, bildirib ki, hazırda kommersiya banklarında dolların alış-satış qiyməti 1.62-1.65 manat arasında dəyişir.

Nemət Əliyev

N.Əliyev qeyd edib ki, Mərkəzi Bankın yanlış pul-kredit, o cümlədən məzənnə siyasəti daxili bazarlarda böyük çəkiyə malik olan idxal mallarının bahalaşması zərurətini yaradıb: “Bundan sonrakı dövrdə manatın dəyərdən düşməsi prosesinin daha da sürətlənəcəyi çox realdır”.

N.Əliyev yazıb ki, milli valyutanın hər gün dəyər verməsi dövriyyədə olan, yəni sahibkarların, fiziki şəxslərin, müəssisə və təşkilatların istifadəsində olan kredit resurslarının alıcılıq qabiliyyətini də hər gün aşağı salır və bu hesabla ölkədə ümumi işgüzarlıq səviyyəsini nəinki olduğu kimi saxlamaq mümkün olacaq, əksinə, bu səviyyə daha da aşağı düşəcək.

“Bu proses yerli və xarici investorları da Azərbaycanda fəaliyyət göstərməkdən çəkindirəcək ki, bu da yerli istehsala əlavə zərbə vuracaq. Xarici valyutada kredit borcu olanların borc yükü məzənnə dəyişikliyi səbəbindən daha da artacaq. Bankların milli valyuta ilə kredit verməsi bundan sonra da çətinləşəcək”,-deyə Əliyev bildirib.

Mərkəzi Bankın avqustun 3-nə olan rəsmi valyuta məzənnəsinə görə 1 dollar 1.5915 manatdır. N.Əliyev yazıb ki, son 2 ay 10 gün müddətində manat 7-9 faiz dəyərini itirib.

Ana səhifəAnalitika”Dollar 1.75 manatadək yüksələcək”