“DokuBaku”nun jüriləri məlum olub

Foto: Mədəniyyət Nazirliyi

Filmlər üç kateqoriya üzrə qiymətləndiriləcək

Sentyabrın 21-25-də Bakıda növbəti “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.

Təşkilatçıların verdiyi məlumata görə, festivalda müxtəlif ölkələrdən on beş ekspertdən ibarət beynəlxalq münsiflər heyəti iştirak edəcək.

Münsiflər filmləri üç kateqoriya üzrə “Ən Yaxşı Tammetrajlı Sənədli Film”, “Ən Yaxşı Qısametrajlı Sənədli Film” və “Əsas Müsabiqədən Kənar” qiymətləndirəcəklər.

Bu il münsiflər heyətinə tanınmış sənədli kino rejissorları, kino və foto dünyasının nümayəndələri daxildir.

Onların arasında Kann Film Festivalının qalibi və Amerika Kino Akademiyasının münsiflər heyətinin üzvü Sergey Dvortsevoy, fransalı fotojurnalist, çoxsaylı beynəlxalq mükafatların, o cümlədən UNİCEF mükafatının laureatı, Fransanın Milli Fəaliyyət Ordeni sahibi Reza Deqati və “EMMY” mükafatı laureatı, “Oskar” mükafatına namizəd olan prodüser Kirstin Barfod var.

Builki festivalın xüsusi qonağı polşalı sənədli film rejissoru və senaristi, bir çox kino festivallarının laureatı Pavel Lozinskidir.

O, festival çərçivəsində özünün rejissor, həyat yoldaşı Aqneşka Mankieviçin isə prodüseri olduğu “Balkon” filmini təqdim edəcək.

Səsvermə proseduru onlayn və canlı formatda olacaq, daha sonra birgə müzakirə aparılacaq və hər bir kateqoriya üzrə qaliblər seçiləcək.

Qaliblər festival günlərində elan olunacaq.

“DokuBaku” Azərbaycanda ilk və yeganə müstəqil Beynəlxalq Sənədli Film Festivalıdır.

2017-ci ildə təsis edildiyi gündən festivalın məqsədi beynəlxalq proqramda dünyanın müxtəlif ölkələrindən xüsusi seçilmiş sənədli filmlərin nümayişini, eləcə də yerli kinorejissorları və bu janrın istehsalına dəstək olmaq məqsədi daşıyan yerli müsabiqəni təqdim etməkdən ibarətdir.

Ana səhifəMədəniyyət“DokuBaku”nun jüriləri məlum olub