Yanvarın 8-də səhərdən dollar 1,82 manata satılır, 1,72 manata alınır
Azərbaycan Mərkəzi Bankı (AMB) son 12 ayda manatın üçüncü dəfə devalvasiyası barədə şayiələri təkzib etdiyi vaxtda milli valyuta son iki gündə dollara və avroya nisbətdə 15-20 qəpik dəyərdən düşüb.
“Manatın yeni devalvasiyasının olacağı barədə şayiələrin əsası yoxdur. Manatın dollara nisbətən məzənnəsi yeni məzənnə siyasəti — tələbat və təklif əsasında müəyyən edilir. Mərkəzi Bank valyuta satışını hərraclar vasitəsilə həyata keçirir”, – AMB-nin cümə axşamı yaydığı bəyanatda deyilir.
“Bundan əlavə, bank sektorunun maliyyə davamlılığının gücləndirilməsi, o cümlədən əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır”, – AMB bildirib.
Lakin AMB-nin bəyanatlarına baxmayaraq, sürünən devalvasiya davam edir.
Əgər yanvarın 7-də səhər valyutadəyişmə məntəqələri və banklar dolları 1,66-1,68 manata, avronu isə 1,82 manata satırdılarsa günün sonunda xarici valyuta 5-7 qəpik bahalaşıb.
Yanvarın 8-də səhərdən dollar 1,82 manata satılır, 1,72 manata alınır.
Avro demək olar ki, 2 manata satılır, 1,85 manata alınır.
Beləliklə, dekabrın 21-də baş vermiş ikinci devalvasiyadan sonra avro və dollar 19%-dən çox bahalaşıb.
Turan İ.A