Neftçala rayonu 61 saylı seçki dairəsindən deputatlığa namizəd Cəlal Əliyevin seçkilərdə müşahidəçiləri qeydiyyata alınmır. Bu barədə namizəd öz facebook profilindən yazıb. “26.10.2015 – Dairə Seçki Komisiyyasından heç bir müşahidəçim qeydə alınmadı. Bu qanunsuzluq içində mübarizə aparmayacağam. Geri çəkiləcəyəm”.
Məsələ ilə bağlı Cəlal Əliyevlə əlaqə saxladıq. Namizəd bildirdi ki, onun təqdim etdiyi 27 müşahidəçinin biri də qeydə alınmayıb. “Mən Qaçaqkənd və Xolqaraqaşlı kəndlərində oldum. Qaçaqkəndə görüş yeri mədəniyyət evi olsa da, hazırki deputat və bu il də namizədliyini verən Arif Rəhimzadə öz seçiciləri ilə görüşü inzibati ərazi nümayəndəliyinin binasında keçirdi. Bunu irad olaraq MSK-ya bildirsəm də, heç bir akt tərtib olunmadı. Daha sonra Xolqaraqaşlı kəndinə getdim. Məntəqədə heç kim yox idi. Sonra özünü məntəqə komissiyasının üzvü kimi təqdim edən bələdiyyə sədri gəldi. Ondan vəsiqəsini tələb etdim. Adının Aslan olduğunu dedim, amma o, Əlibala Səlimovdur. Vəsiqə tələb etdiyim üçün dairəyə zəng vurdular halbuki, bu mənim hüququmdur”.
“Müşahidəçilərin qeydiyyata alınması üçün sənədləri oktyabrın 19-20-si versəm də mənə 7 gün sonra cavab verdilər”,-deyə söyləyən Cəlal Əliyev bildirdi ki, qanunv ericiliyə görə 2 gün ərzində cavab verilməlidir: “Məncə, baş verənlər icra hakimiyyətinin göstərişinin tərkib hissəsidir. Bilərəkdən son günə saxladılar ki, heç bir şey edə bilməyim. Normalda vəsiqələr hazır idi. Amma üstündən şəkilləri qoparıblar”.
Cəlal Əliyev bütün bu maneələrə rəğmən seçkilərdə iştirak edəcəyini bildirdi.