Deputat: “Kabab mədəniyyətindən kitab mədəniyyətinə keçid edə bilmədik”

Kitab, New Africa/shutterstock

“Kitaba münasibət, nəşriyyata verilən dəyər dəyişməlidir”

“Biz kabab mədəniyyətindən kitab mədəniyyətinə keçid edə bilmədik. Bu gün orta azərbaycanlı restoranda xərclədiyi pulu kitaba vermək istəmir. Əvvəllər evlərdə heç olmasa prestij üçün kitabxana görüntüsü olurdu. İndi hamı şkafa kitab əvəzinə boşqab düzüb”.

Bunu Meydan TV-yə Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, deputat Fazil Mustafa “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunun “Kitab niyə satılmır deyənlərə” fikrinə münasibət bildirərkən deyib.

Şahbaz Xuduoğlu “Facebook” paylaşımında qeyd edib ki, ölkədə ciddi ədəbiyyat, Azərbaycan tarixi ilə bağlı kitablar satılmır:

“İki il öncə Mikayıl Müşfiq və Cəfər Cabbarlının bütün əsərlərini çap etdik. Bu iki il ərzində kitabların hərəsindən 84 və 60 ədəd satış oldu. 2003-cü ildə Əkbər Nəcəfin Səlcuqlar və Atabəylər tarixindən bəhs edən fundamental bir əsərini 300 ədəd nəşr etdik. Çox hissəsini hədiyyə etdim, çünki alan olmadı. Məmməd Əmin Rəsulzadənin əsərlərini böyük məmnuniyyətlə nəşrə davam edirəm. Nəsiman Yaqublunun Məmməd Əmin Rəsulzadə, Nuru paşadan hazırladığı kitablarını nəşr edirəm, ilboyu 5-10 kitab satırıq. Bu il “Nizami Gəncəvi ili”dir, orta hesabla 50 “Xəmsə” satılıb. Keçən il Nəsimi ili idi, “Məndə sığar iki cahan” kitabı 36 ədəd satılıb”.

Şahbaz Xuduoğlu
Foto: Meydan TV

Azərbaycanda əhalinin kitab oxumaq davranışı ilə bağlı 1067 respondent arasında sorğu keçirilib.

Onlardan 536 nəfər kitab oxumadığını deyib. Kitab oxumayan respondentlərin yaş həddi 26-45 yaşda olanlar (49%) üstünlük təşkil edib.

Kitab oxumayanlar arasında aylıq gəlir səviyyəsi 0-250 manat olanlar təxminən 50%, orta təhsillilər isə 64% çəkiyə malikdir.

Kitab oxumayan 536 respondentin gətirdiyi başlıca iki səbəb kimi vaxtının (63.6%) və marağının olmaması (29.6%) olub.

Sosial şəbəkədən hər gün istifadə edənlərin 85.5%-i kitab oxumaq üçün vaxtının olmamasını deyib.

Yeri gəlmişkən, ötən ilin sonunda kağız və kitaba qoyulan 18 faiz Əlavə Dəyər Vergisi (ƏDV) ləğv olunub.

Kitablara vergi güzəştinin tətbiqi ölkədə kitabların ucuzlaşmasına və oxucu sayının artmasına müsbət təsir edəcəyi gözlənilir.

Fazil Mustafa hesab edir ki, Azərbaycanda tarix, cəmiyyət həyatı ilə bağlı obyektiv bir tablonu göstərən əsərlərin sayı elə də çox deyil:

“Tarixə baxış anlayışı yanlış olduğuna görə hamı tarixi bir xronologiya olaraq təkrarlayır. Siz fikir verirsinizsə, Azərbaycanda tarixi roman janrı çox bərbad vəziyyətdədir. Əksəriyyət tarixi-roman janrına qaçır. Amma mahiyyətcə nə tarixi yaxşı bilir, nə fəlsəfəni, nə də dövrün mədəni mühitini. Elmi hazırlıq olmadan tarixə bir qaçış ənənəsi var. Ona görə də həmin əsərlər o qədər populyarlıq qazanmır”.

Deputat Azərbaycanda mütaliənin həmişə aşağı olduğunu deyir:

“Azərbaycan cəmiyyətində sovet dövründə də, indi də mütaliə çox aşağı olub. Mütaliə Azərbaycanda – Bakıda müəyyən dərəcədə rəqabət mühiti olanda vardı. Görürdün ki, yanında rus, yəhudi, erməni mütaliə edir. Onlardan geri qalmamaq üçün sən də kitab oxuyurdun. İndi Bakıda, cəmiyyətdə özümüzük. Özümüz olanda nəylə məşğuluq? Diqqəti daha çox kababa, yeməyə, ya da gündəlik qayğılara yönəldirik. Kitaba olan 18 faiz əlavə dəyər vergisi ləğv olundu. ƏDV-nin ləğvi həm də kitab çap məhsullarının ucuzlaşması deməkdir. Tutaq ki, kitab ucuzlaşdı. Amma oxuyan yoxdursa, yenə də alıcı olmayacaq. Kitab məsələsi maddi durumla bağlı deyil. Mənəvi, yaradıcı mühitin olmaması ilə əlaqədardır”.

Fazil Mustafanın qənaətinə görə, kitab oxumağı təlqin etmək üçün kitabxanalara ciddi bir axın olmalıdır. O həmçinin xarici əsərilərin orijinaldan tərcüməsinin vacibliyini vurğulayır:

Foto: Meydan TV

“Kitabxanalarda sovet irsi olan, lazımsız ideoloji kitablar çox idi. Amma texniki, elmi xarakterli ədəbiyyatlar xeyli idi. Kitabxanaların böyük əksəriyyəti ləğv olundu. Həmin kitablar da “KamAz”larla zibilliklərə töküldü. Zənnimcə, riyaziyyata, fizikaya və başqa sahələrə aid olan o dövrün irsi mütləq fond şəklində qorunmalı idi. Kitaba münasibət, nəşriyyata verilən dəyər dəyişməlidir. Düzgün tərcümə siyasəti qurulmalıdır. Xarici ədəbiyyat ruscadan deyil, orijinalından tərcümə olunmalıdır. Bunun üçün də tərcümə üzrə mütəxəssislərin yetişdirilməsi vacibdir”.

Ana səhifəMədəniyyətDeputat: “Kabab mədəniyyətindən kitab mədəniyyətinə keçid edə bilmədik”