Bunun üçün o, Rusiya Ədliyyə Nazirliyinə müraciət edib
Rusiyanın Xalq artisti, estrada müğənnisi Alla Puqaçovanın adının “xarici agent” siyahısına salınması üçün ölkənin Ədliyyə Nazirliyinə müraciət olunub.
Dumanın deputatı Aleksey Juravlyov bu təşəbbüslə çıxış edib.
Ədliyyə nazirinin müavini Oleq Sviridenkonun cavabında isə bildirilib ki, hələlik Alla Puqaçovanın əməllərində “xarici agent” elan edilməsinə dair əsaslar yoxdur.
O, müğənninin bu siyahıya salınmasının istisna olmadığını da bildirib.
“Puqaçovanın əməllərində “xarici agent”in əlamətləri aşkar edilərsə, adının həmin siyahıya daxil edilməsi məsələsinə baxılacaq”,- ədliyyə nazirinin müavinin cavabında bildirilib.
Alla Puqaçova Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ölkəsini tərk edib.
Puqaçovanın əri, müharibəyə qarşı çıxan aktyor Maksim Qalkin Rusiyada “xarici agent” elan edilib.
Ardınca Alla Puqaçova Rusiya Ədliyyə Nazirliyini onu da “xarici agent” kimi tanımağa çağırıb.
“Məni sevimli ölkəmin xarici agentləri sırasına yazmağınızı xahiş edirəm, çünki həyat yoldaşımla həmrəyəm. Çünki o, vicdanlı, ləyaqətli və səmimi insandır, vətənə firavanlıq, dinc həyat, söz azadlığı arzulayan və ölkəmizi gözdən salan və xəyali məqsədlər üçün övladlarımızın ölümünə son qoyulmasını arzulayan Rusiyanın əsl vətənpərvəridir”, – Alla Puqaçova bildirib.
Fəallar Puqaçovadan Rusiya Baş Prokurorluğuna şikayət etsələr də, sənətçiyə qarşı heç bir iş açılmayıb.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayandan sonra bir çox rus sənətçisi-müğənni, aktyor və digərləri buna etirazlarını bildirib. Hətta müharibənin əleyhdarlarının əksəriyyəti Rusiyanı tərk edib.
Ukraynanın maraqlarından çıxış etməkdə ittiham edilən bəzi tanınmışlar isə “xarici agentlər” siyahısına salınıblar.
Rusiyada 2012-ci ildən tətbiq olunan qanuna görə, hakimiyyət xaricdən maliyyə alaraq siyasi fəaliyyətlə məşğul olan qeyri-kommersiya təşkilatlarını “xarici agent” elan edə bilər.
Rusiya hökumətinə görə, “xarici agent” xaricdən maliyyələşərək ölkənin siyasi fəaliyyətində, həmçinin bəzi məlumatların kütləvi informasiya vasitələrində yayılmasında və ya hərbi məlumatların toplanmasında iştirak edən şəxsdir.
Mövcud qanunvericiliyə əsasən, “xarici agent”ə yardım etməyə görə hüquqi şəxslər 500 min, vətəndaşlar isə 50 min rubladək cərimə edilir. Ancaq “xarici agent”in materiallarının yayılmasının yardım sayılıb-sayılmadığı göstərilmir.