Demokratiya layihəsi: İyirmi beş il, on beş tapıntı

Partiyalarsız heç bir bir demokratikləşmə prosesi baş tuta bilməz

Source:


Meydan TV-nin “Demokratiya” layihəsinin ikinci hissəsi başlayır. Birinci hissədə, Meydan TV oxucular üçün avtoritarizim barədə altı məqalə yayımlayaraq, onun formaları, güclü və zəif tərəfləri, onu qidalandıran mühit kimi məsələlərə toxunmuş, avtoritarizimin mahiyyəti barədə oxucuları qismən məlumatlandırmışdı. “Demokratiya” layihəsinin budəfəki saylarında çalışacağıq ki, keçid demokratiyası barədə oxucuları məlumatlandıraq. Hər ay ərzində iki məqalə olmaqla ümumilikdə altı məqalə yayımlanması planlaşdırılır.


Xoş oxumalar…

Filip Şmitter İtaliyada, Florensiya Avropa Universitetinin professorudur. 2009-cu ildə o, müqayisəli siyasət elmi və demokratikləşmə sahəsindəki tədqiqatlarına görə, Yohan Skit Mükafatına layiq görülüb. O, həmçinin Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının Matteyi Doqan ömürlük nailiyyət mükafatı ilə təltif edilib.

Əsrin dörddə biri qədər müddət əvvəl Gilyermo Odonell ilə birlikdə mən “Avtoritar idarəçilikdən keçidlər: qeyri-müəyyən demokratiyalarla bağlı müvəqqəti nəticə” kitabı üzərində işləyərkən, əlimizdə çox az nümunə vardı və demək olar ki, yazmaq üçün heç bir ədəbiyyatımız yox idi. Bizim gördüyümüz iş əsasən Vudro Vilson Mərkəzində elə bizim kimi tədqiqatlar aparan həmkarlarımızın monoloqlarını ələk-vələk eləməkdən ibarət idi. O cümlədən biz əvvəlki dövrlərə, siyasi düşüncə klassiklərinə də müraciət edirdik. Bu mənada şəxsən mənə ən çox ilham verən Nikolo Makiavelli olmuşdu, mən birdən kəşf etmişdim ki, o, əsrlər öncə əks istiqamətdə – “respublika”dan “Şahzadə” idarəçiliyinə – olan rejim dəyişikliyi qavraya bilmişdi.

O zamanlar Şərqi Avropadakı və Latın Amerikasındakı ilkin tərpənişləri müşahidə edərkən, bizim heç birimizin ağlına belə gəlməzdi ki, bu proses dünyanın iyirmi beşdən çox ölkəsində üsul-idarə dəyişikliyi ilə nəticələnəcək. Xüsusilə Mərkəzi və Şərqi Avropada, o cümlədən keçmiş Sovet İttifaqında “ilahi təəccüb”ə səbəb olan dəyişikliklər təkcə elmi fürsəti və şəxsi normativ məmnunluğu deyil, həm də əsaslı intellektual riski də özüylə gətirmiş oldu. İlkin nümunələrdən çıxardığımız gümanlar, fərziyyələr, konseptlər və “müvəqqəti nəticələr” nə dərəcədə çox dartına bilərdi ki, çox böyük və bir-birindən hədsiz fərqlənən ölkələrə uyğun gəlsin? Bizim ideyalarımızın “Həqiqi mövcud demokratiyalar”la bağlı oturuşmuş nəzəriyyərlə müqayisədə necə ziddiyyətdə olduğunu nəzərə alanda, nəzərdə tutduğumuz bu dartınma daha da problemli görünürdü.

Biz məsələn, liberallaşma və demokratikləşmə arasında aydın bir fərqin olmasında israr edirdik. Biz demokratiyanın bəzi müəyyən iqtisadi və mədəni şərtlər tələb etdiyini qəbul etmək istəmirdik. Biz keçid zamanı elitar iştirakın və strateji seçimin açar rolu oynadığını vurğulayır və bir çox halda aşağıdan olan kütləvi səfərbərliyin məhdud rol oynadığını irəli sürürdük. Biz seçki prosesinin demobilizasiya effektinə işarə edib deyirdik ki, nə qədər vətəndaş cəmiyyətinin rolu azdır, o, qısaömürlü olacaq. Biz əvvəl mövcud olan avtokratiyalardan başlayıb məhv olmuş keçidləri, yaxud da sonradan heç bir vəchlə demokratik təşəkkülə gətirib çıxarmamış bir çox keçidi qeyd edirdik. Ən nəhayət, biz mübahisə edirdik ki, əldə heç bir demokrat olmasa da, demokratiyanın yaranması mümkündür (həmişə olmasa da, mümkündür). Başqa sözlə desək, bütün stabil demokratiyalar üçün mütləq hesab edilən üstün kültürəl və normativ xüsusiyyətləri, yaxud da müqayisəli sorğu araşdırmalarının təsbit etdiyi “vətəndaş mədəniyyəti”ni demokratiyanın istehsalçısından daha çox onun məhsulu kimi ifadə edirdik.

Bir komperativist (müqayisəçi) kimi mən bizim orijinal işimizdəki “dartınan” anlayışını bir çağırış kimi xoş qarşılayırdım və onu çox müxtəlif nümunələrə aid edirdim. Mən bu “keçid-regional” müqayisələrinə nə dərəcədə tez-tez, nə qədər uzaqdan və nə qədər ziddiyyətli şəkildə cəhdlər edildiyini görüb məmnun olurdum və mən əminəm ki, o, daha əhatəli formada demokratikləşmə anlayışına töhvə verib. Əndişə yaradan məqam isə tənqidçilərin və digər oxucuların bizim kitablarımızı aid olmayan sahələrin mövzularına aid etmələri idi. Mənimlə Gilyermonun kitaba verdiyimiz adın demokratiyaya doğru deyil, avtoritarizmdən sonrakı keçid anlayışı ilə əlaqədar olması təsadüfi deyil, hərçənd başqaları buna elə don geyindirirdilər ki, sanki biz demokratiyanın konsalidasiyasının uğur qazanması üçün hansısa möcüzəvi formula yaratmışıq və yaxud nümunələr ortaya qoymuşuq.

Belə uğurlu nəticəyə aparan telos-un (mütləq sonluq) mövcud olduğu barədə gümanları biz nəinki rədd edirik, üstəlik avtokratiyaya doğru regressiya ehtimalı da bizi tədirgin edir. Demokratiyanın ortaya çıxması və müqavimət göstərmə qabiliyyətini artırması üçün müxtəlif keçid situasiyalarının mövcud olacağına dair şübhəsiz ki, bu müddət ərzində bizim gümanlarımız olub, lakin biz belə bir nəticənin nəyə oxşayacağına dair bircə sətir belə yazmamışıq. O zamandan bəri Gilyermo və mən bu mövzu barədə kifayət qədər çox yazmışıq, ancaq bizim müştərək cəhdlərimizdə elə bir şey yoxdur ki, kimisə yeni demokratiyalar hədsiz qeyri-müəyyən keçid dövrünü keçərlərsə, könüllü, struktural baxımdan müəyyənləşdirilməmiş fəaliyyətin siyasətdə dominant olacağına, yaxud da elitalar arasındakı strateji didişmənin kütləvi səfərbərlikdən və siyasi iştirakdan daha vacib rol oynayacağına inandırsın.

Son 20 ildə demokratiya tədqiqatları sahəsində çiçəklənmə daxil, bir çox dəyişiklik baş verib, mən bunlardan çox şey öyrənmişəm. “Demokratiya Jurnalı”nın redaktorları məndən bu retrospektiv bilikləri paylaşmağı rica ediblər:

1) Demokratikləşmə prosesi müasir tarixi kontekstdə özünü doğrulda biləcəyini mənim əvvəllər düşündüyümdən daha asan sübut edib. Hesablamalarıma görə, Latın Amerikasında 1900-cü ildən sonrakı hər üç demokratikləşmə cəhdindən təxminən ikisi uğursuzluğa uğrayıb, proses (adətən qanlı formada) 3 ildən beş ilə qədər zaman içərisində açıq surətdə avtokratiya ilə əvəzlənib. Cənubi Avropa ilə Latın Amerika nümunələri arasında müqayisələr apararkən, Gilyermo ilə mənim özümüzə əziyyət vermədən asan nümunələr seçdiyimiz, ətrafda kifayət qədər çətin misallar olduğu təqdirdə, bizim müvəqqəti nəticələr üçün qüsurlu meyillərə baş qoşduğumuz barədə ittihamlarla üzləşəndə səksənmişdim. Axı mən bundan o yananı düşünə bilməzdim, xüsusilə 1974-cü ildən bəri Portuqaliyada davam etməkdə olan olduqca təlatümlü və qeyri-müəyyən keçid barədəki tədqiqatlarımdan sonra. Cənubi Avropada, yaxud Latın Amerikasında heç bir ölkənin avtokratiyaya doğru açıq, yaxud qəfil regressiya etməməsi şübhəsiz ki, bizim günahımız deyil, hərçənd onlardan bəziləri keçid üçün uzun müddət sərf etməli olublar (Braziliya), bəzilərində proses az qalsın bədbəxtliklə nəticələnəcəkdi (Paraqvay, Peru) və bəziləri tədrici xarablaşma simptomları sərgiləyiblər (Boliviya, Ekvador, Nikaraqua).

Liberal demokratiyanın konsalidasiyası üçün həyati əhəmiyyətli sayılan (ən azından faydalı) bir çox faktorlar əksəriyyətində mövcud olmadığı təqdirdə, avtoritar regressiyaların əksikliyi daha çox heyrətləndirir. Avtokratiya ilə müqayisə etdikdə demokratiyalarda iş yerlərinin çoxluğu və iqtisadi artım heç də həmişə yüksək olmur: sosial bərabərlik və gəlirin paylaşdırılması heç də həmişə əhəmiyyətli dərəcədə inkişaf etmir: liderlərə inam tez-tez aşağı düşür: əsas demokratik institutlar yerində qalsalar da, “mədəni vətəndaşlar”ın həyati vacib sayı aşağı düşür.

Bu, həmişə diqqətdə saxlanılmalıdır: ən nəhayət, keçidlə bağlı “asan” və “çətin” hallar yalnız o hallara aid edilə bilər ki, hansı səbəbdən olur olsun orada demokratiyaya keçidlə bağlı həqiqi cəhd edilib, bir-birilə mübarizə aparan və nəticəsi əvvəlcədən planlaşdırılmayan açıq və ədalətli “qurucu seçkilər” keçirilib. Köhnə avtokratiyadan olan elitanın prosesə nəzarət etdiyi hallar – demokratiyadan yayınmaq üçün tipik olaraq müəyyən dərəcədə liberallaşmaya izn verilməsi – bura daxil deyil. Bu, o deməkdir ki, keçmiş Sovet İttifaqındakı keçidlərdən söhbət düşəndə Mərkəzi Asiyadakı bütün nümunələr çıxdaş edilməlidir və yalnız Türkiyə, bir də bu yaxınların nümunəsi olan Livan Orta Şərqi və Şimali Afrikanı tədqiq edən “tranzitoloqlar” tərəfindən nəzərə alınmalıdır.

2) Demokratikləşmə prosesi mənim güman etdiyimdən daha asan oldu, hərçənd onun nəticələri də daha zəifdir. Elm adamları və aktivistlər demokratikləşmə ilə bağlı lap əvvəlki cəhdlərin nəticələrini nəzərə alarkən, belə bir dəyişikliyin iqtidar münasibətləri, mülkiyyət hüquqları, siyasi normalar, iqtisadi bərabərlik və sosial status baxımından indiyə qədərki dəyişikliklərdən fərqli olaraq daha səbatlı yeniliklərə yol açacağını gözləyirdilər. Bu, “heç nə dəyişməyib” demək deyil. İnsan hüquqlarına hörmət, iqtidarın vətəndaşlara daha ləyaqətli rəftar etməsi, şəxsi azadlıq məsələlərində əhəmiyyətli dəyişikliklər baş verib və vətəndaşlar bunu dəyərləndirirlər (dəyişikliklərdə tez-tez ixtisarlar uyğulansa da). Lakin bu faktorların hakimiyyətin daha uzun müddətli paylaşdırılması və dövlət nizamına təsiri məsələsində yeni demokratiyalar keçmişdəkiləri ilə müqayisədə çox az müvəffəqiyyətli olublar. Bəzi hallarda, əsasən Mərkəzi, Şərqi Avropa və keçmiş Sovet İttifaqı nümunələrində yeni demokratiyaların başında duranların köhnə avtokratiyaları idarə etmiş şəxslərlə çox yaxın əlaqələri (bəlkə də bundan da yaxın) var. Təsəvvürünüzə gətirin, Fransada, yaxud gənc ABŞ-da hər kəsə əyan inqilablardan sonra monarxiya dövrünün qalıqları olan rəsmilər sakit şəkildə təzə respublikanın sıralarına qayıdırlar.

Şübhəsiz, yaxın nümunələrə nəzər yetirəndə görünür ki, nəticələrin hesablanması üçün vaxt çərçivəsi çox daralıb və keçid üçün inqilabın baş verəcəyi çətin ki tipik olsun. Terri Karlın və mənim “razılaşdırılmış”, yaxud “tətbiq edilmiş” adını verdiyimiz keçidlərdən nəticə baxımından daha az şey gözləməkdə səbəb var. Bu cür şərtlər daxilində resursların paylaşdırılmasındakı gücə və təsirə çevrilə biləcək əsaslı və geridönməz dəyişikliklər çox, yaxud az dərəcədə istisna edilir. Yalnızca qarşılıqlı razılıq, yaxud bir tərəfin təzyiqilə baş tutan keçid barədəki razılaşma başa çatandan sonra, düppədüz davam edən demokratiyanın normal siyasi rəqabət yoluyla dəyişikliklərə nail ola biləcəyini gözlənilə bilər. Birisi çıxıb deyə bilər ki, yeni demokratiyalara konsalidasiya üçün vaxt lazımdır; yalnız bundan sonra rəqabətli təzyiqlərə cavab olaraq paylaşdırılan nəticələr ortaya çıxmağa başlayır.

3) Demokratikləşmə prosesi gözləndiyindən daha asan başa gəlmişdi, çünki o, gözləniləndən daha az nəticə doğurdu. İlkin keçidlərin qeyri-müəyyənliyi ərzində bunu heç kim bilə bilməzdi – mən də bilməmişdim. Portuqaliya nümunəsi başqa şeyi təklif edirdi. Mən çox sonradan başa düşdüm ki, o, necə də istisna bir vaqiə imiş və onun nəticələri necə də efemer imiş. İspaniya və sonra bəzi Latın Amerika nümunələri göstərdi ki, sosial cəhətdən dominant, iqtisadi cəhətdən imtiyazlı olan təbəqənin demokratikləşmədən ilkin düşünüləndən daha az qorxusu var. Portuqaliyada işlər qaydasına düşəndən və SSRİ çökdükdən sonra aydın oldu ki, demokratik şərtlər altındakı siyasi azadlıqlar və partiyalar arası rəqabət nə çoxluğun tiranlığına, nə də azlığın radikallaşmasına səbəb oldu. İqtidardakı dəyişikliklər siyasətdə və faydaların paylaşımında güclü təlatümə səbəb olmadı. Mənim sezgilərim belədir ki, bu ölkələrdə demokratiyanın artıq sarsılmayacağı öyrəndiyimiz dərslərdi. Bir zamanlar avtokratiyanı müdafiə edənlər maraqlarının avtoritarizmdənsə demokratiyada daha yaxşı qorunacağını dərk etdilər – üstəlik sonradan zorakı represiyaya, beynəlxalq rəzalətə və buna bənzər şeylərə səbəb olacaq itkilərə də məruz qalmayacaqdılar.

4) Həqiqi mövcud demokratiya həm ondan faydalananları, həm də biz akademikləri xəyal qırıqlığına uğradıb. 1974-cü ildən bəri demokratikləşən ölkələrdə demokratiyanın təcrübə və məhsuldarlıq baxımından göstərdiyi performans məyusluq doğurur. Mütəxəssislər “demokratiya” sözünün qarşısına ən çox uyğun gələn kiçildici sifəti tapmaq üçün çalışıb çabalayırlar: o, qüsurludur, seçicidir, yarımçıqdır, psevdodur, az-intensivdir, əldəqayırmadır, sünidir, yoxsa nümayəndəli? Bu ad qoyma cəhdləri özünü düşüncə sorğularında göstərməklə ümumi təəssüratın yaranmasına səbəb olub, belə ki, son 25 ildə baş verən rejim dəyişiklikləri aşağı keyfiyyətli rejimlərin yaranmasına səbəb olub ki, onlar da ödənilən qurbanlara və tökülən qanlara dəymirlər.

Burda qeyd edilməsi labüd olan birinci şey bu cür xəyal qırıqlığının çətin ki, təkcə yeni demokratiyalarla məhdudlaşmasıdır. Hətta oturuşmuş demokratiyalarda da “xəstəlik simptomları” yayğındır. Demək olar, hər yerdə seçici iştirakı aşağı düşüb, həmçinin birliyə üzvlük də, siyasətçilərin prestiji, parlamentlərin qəbul olunmuş vacibliyi, partiya kimliyinin gücü, seçici üstüntutmalarının sabitliyi və əksər ictimai institutlara olan inam da aşağı düşüb. Mübahisələrin, korrupsiya ittihamlarının (və hökmlərinin) və populist anti-partiya namizədlərinin sayında isə artım var. Bunu bütünlükdə demokratiyanın “böhranı” adlandırmaq şişirtmə olardı, lakin heyratamiz dərəcədə hər yerə yayılmış simptomlar demokratiya institutlarında və təcrübələrində ümumi bir qüsurun ola biləcəyini göstərir (ancaq sübut etmir). Kommunizmin çöküşü və demokratiyanın yayğınlaşması, kökündə demokratiyanın qalibiyyəti olan “tarixin sonu”nu gətirmədi. Açıq dənizlərdə rahatca üzmək bir tərəfə qalsın, bu gün həqiqətən mövcud olan demokratiyalar tənqid qasırğalarına hədəf olurlar.

5) Həqiqi mövcud demokratiyanın son zamanlarda gəldiyi nöqtə xüsusilə xəyal qırıqlığı yarada bilər, ancaq bu məmnuniyyətsizliyin təsiri onu təhdid edirmiş kimi görünmür. Nə qədər vətəndaşın seçilmiş liderlərə bel bağlamadığının, siyasətçilərdən bərbad adamlarmış kimi qaçmasının fərqi yoxdur, demokratiyadan başqa dövlət quruluşuna kütləvi bir canatma ilə bağlı heç bir işartı yoxdur, qeyri-demokratik partiyalara və siyasətçilərə açıq-aşkar rəğbət isə çox cüzidir. Keçmişlərdə tez-tez demokratiyanı çökdürmək üçün gücdən və qorxudan istifadə edən şəxslər kəskin dərəcədə yoxa çıxıblar. Bir zamanlar rejim dəyişiliyini tətikləməyə kifayət edəcək iqtisadi və sosial böhranlar indi sadəcə olaraq seçkili siyasəti silkələyir, yaxud seçilmiş rəsmilərin qeyri-müntəzəm dəyişilməsinə və başqaları tərəfindən əvəz olunmasına rəvac verir.

Müqayisəli sorğu tədqiqatının nəticələrinə görə, hazırkı idarəçilərə və mövcud institutlara olan inam hədsiz aşağıdır (“güclü əl”i olan avtokratik liderlərə olan müəyyən nostalgiya da məlum deyil), ancaq bunlardan heç biri avtoritar regressiyaya rəvac verməkdən başqa bir şey edə bilməz. Hətta obyektiv iqtisadi məsələlərdə kifayət qədər uğurlu olan ölkələrdə (Braziliya, Çin, Macarıstan və Polşa) subyektiv dəyərləndirmələr demokratiyaya aşağı performans dərəcəsi verir, ancaq bununla belə, hamı bunun avtokratiyanın geri qayıdacağı anlamına gəlmədiyini bilir. Latın Amerikasında bir müddət avtogolplar (“Özünü-devirmə” (self-coup) yoluyla seçilmiş liderlər öz hakimiyyətlərini gücləndirir və özlərinin hakimiyyətdə qalmasını əbədiləşdirirdilər) əsas təhdid kimi görünürdülər, ancaq bu qambitlər olduqca tez iflasa uğradı. Zənnimcə, bu “siyasi dinamikanın ikinci qanunu” adlandırdığım məfhumun məhsuludur – yəni, heç bir rejim onun alternativi olmayıncaya qədər dəyişikliyə və əvəz olunmaya uğramır. Həqiqi mövcud demokratiya nə qədər sevilmirsə sevilməsin, inanılan və cəlbedici alternativ idarə forması olmayıncaya qədər, yeganə variant olaraq qalacaq.

Bundan başqa, bunun demokratiyanın daxili qüsuru olub-olmadığını hesab etmək ən ən azından mübahisəlidir. Demokratiya nəzəriyyəçiləri (demokratikləşmə nəzəriyyəçiləri yox) demokratik stabilliyin qruplararası tolerantlığı, institutlara olan inamı və güzəşt etməyə hazırlığı özündə ehtiva edən “vətəndaş mədəniyyəti” məfhumunun çiçəklənməsindən asılı olduğunu hesab etməyə meyillidirlər. Bu gün bizim yeni demokratiyalarda müşahidə etdiyimiz tendensiya isə siyasi kültürün daha çox sinik olmasıdır, nəinki “mədəni”. Mənim bu barədə sezgilərim və ümidlərim var. Sezgim belədir ki, bu, bir vaxtlar bizim güman etdiyimizin əksinə olaraq dağıdıcı və təhlükəli situasiya deyil. Ümidim isə onadır ki, əgər idarə edən elitalar rəqabətcil siyasət oyununu (hətta qüsurlu formada olsa belə) on beş, iyirmi il oynamağa davam etsələr, o zaman növbəti böhran çox güman ki, demokratiyanın fərqli cür sub-növüylə nəticələnəcək, nəinki qeyri-demokratik rejimlə. Bir sözlə, demokratiyaya olan qeyri-məmnunluq avtokratiya ilə deyil, demokratiyanın daha fəqli və çox güman daha yaxşı formasına gətirib çıxaracaq.

6. Demokratikləşmə prosesi “post-totalitarizm”lə müqayisədə “post-avtoritar” tərtibatda fərqli ola bilər, lakin mütəxəssisilərin təxmin etdiyi şəkildə yox. İyirmi il əvvəl post-kommunist dövlətlərin demokratikləşməsinin kommunizmdən fərqli olan üsul idarənin hökmran olduğu dövlətlərin demokratikləşməsindən daha çətin olduğunu güman etmək ağlabatan idi. Birinci dövlətlər hər şeydən əvvəl təkcə siyasi islahatlara deyil, həmçinin böyük iqtisadi, sosial, hətta mədəni, yaxud mənəvi transformasiyalara ehityac duyurdular ki, onillər sürən hərtərəfli və ideoloji kollektivizmdən xilas ola bilsinlər. Hərçənd bu geniş yayılmış ehtimal səhv çıxdı. Tamam tərsi, Mərkəzi və Şərqi Avropa, hətta keçmiş Sovet İttifaqının daha qərbi ölkələrinin avtokratiyadan uzaqlaşaraq demokratiyanın konsolidasiyasına asanca nail olduqları isbat olundu – daha cəld və əsaslı olduğunu bildirməyə ehtiyac yoxdur – hərçənd bu proses Latın Amerikasında və Cənubi Avropada daha uzun müddət davam etmişdi. Postkommunizm barədə proqnoz verilən dəhşətlərin və dilemmaların əksəriyyəti özünü doğrultmadı. Kimsə mübahisə edə bilər ki, bu qədər dəyişikliklərə nail olmaq üstünlükdür. Bu yeni idarəçilərə geniş siyasi məkan verdi, burada onlar keçmişin qalığı olan güclü elitalarla sövdələşmə apara və güzəştlərə nail ola bilərdilər – “pul qazanmaq istəyirsənsə, hakimiyyətə olan iddiadan vaz keç” bu güzəştlərdən sadəcə biriydi. Etnik zorakı partlayışlar əsasən bir zamanların Yuqoslaviyası daxilində məhdudlaşdı, burada sovet-sayağı totalitar idarəçilik və siyasi mədəniyyət uzun müddət idi ki, tənəzzül yaşayırdı. Qeyri-demokratik rejimlərin dərhal (Beş Mərkəzi Asiya dövləti), yaxud qısa müddətlik rəqabətli interluddan sonra (Rusiya, Belarus) özlərinə yer etdikləri örnəklərə gəldikdə isə burada keçidlər müvəffəqiyyətsizliyə uğramamışdı – həqiqət buydu ki, burada keçidə ciddi surətdə cəhd belə edilməmişdi, sadəcə özlərini milliyətçi və sosial demokrat kimi təqdim etməyə başlayan keçmiş kommunistlər nəzarəti ələ keçirdilər, onlar qeyri-rəqabətcil seçkiləri uddular və əvvəlcədən mövcud olan təşkilati üstünlüklərdən özlərini hakimiyyətdə saxlamaq üçün sui-istifadə etdilər.

7. Köhnə rejimin elitasıyla müxalifət qrupu arasında razılaşdırılan saziş qısa, yaxud orta müddətdə dəyişiklik yaradıbmış kimi görünə bilər, lakin onların uzun müddət ərzində effetiv olacağı şübhəlidir. Hakim elitanın “tətbiq etdiyi” keçidlərlə yanaşı, 1974-cü ildən bəri “saziş”ə əsaslanan keçidlər demokratik keçidin yayğın formaları olan inqilab və islahatları sayca ötüb keçib. Buna görə də saziş keçidləri ilə tətbiq olunan keçidlərin birləşdirən problemi qeyd etməkdə fayda var: onların hər ikisinin mövcud olan toxunulmazlıqları “bloklamaq” və bölüşdürülən islahatları sərtləşdirmək tendensiyası var. Belə paktlara əsaslanan demokratiyanın gələcəyi baxımından zərərli olan məqam odur ki, o, elitanı razılaşdırılmış sazişi ilkin qeyri-müəyyən vaxta qədər təxirə salmağa və partiyalar arasındakı sövdələşməni gücləndirməyə tamahsılandırır, bunlar da ki, korrupsiyaya və vətəndaş məyusluğuna səbəb olan məqamlardır. Klassik saziş keçidi örnəyi hesab olunan Venesuala belə zərərli meyilləri yaxşı ifadə edir.

8. Siyasi partiyalar əhəmiyyət daşıyır, hətta keçid zamanı adətən zəif rol oynasalar da, gözləndiyinin əksinə olaraq, demokratik stabilliyə az töhvə versələr də. Partiyalarsız heç bir bir demokratikləşmə prosesi baş tuta bilməz, xüsusilə seçkilərə qərar verildikdən sonra. Yaxşı, ya da pis, ərazi kimi müəyyənləşdirilmiş bölgələrdə təmsilcilik üçün rəqabətin strukturlaşdırılmasında partiyalar əvəzsiz rol oynayırlar. “Təməl seçkilər”in effektli olmasından ötrü bütün potensial partiyaların seçkilərdə iştirakına izn verilməli və onların heç bir istisnasız öz namizədlərini seçməsinə şərait yaradılmalıdır. Qəbul edilmiş qanunlardan asılı olaraq, sonrakı seçkilərdə partiyaların çoxaldığı məlum olacaq, lakin bu ilkin yarışların (Gilyermo ilə mən bunu “vətəndaş orgiyaları” adlandırmışıq) effekti uzun müddət öz təsirini göstərəcək. Demokratikləşmənin əvvəlki dalğalarında aşağıdan baş tutan inqilablar tək, dominant partiya istehsal etməyə meyilli olublar, bunlar uzun müddət hakimiyyətdə qalmış və rejimin yeni qaydalarının formalaşmasında açar rolu oynayıblar. Bu yaxınlarda isə sazişə və tətbiq edilməyə hesablanmış keçidlər daha çox yayğınlaşmağa başlayıb və müxtəlif qısamüddətli nəticələr ortaya qoyublar. Sazişlər bir-biriylə anlaşan iki partiyalı sistemlər yaratmağa meyillidir; tətbiq edilmiş keçid adətən daha çox fraqmentləşmiş siyasi partiya mənzərəsi yaradır – bu siyasi güclərin arasında ən azından biri keçmiş avtokratiyaya müxalif dayanır. Gözlənilməz nəticə ondan ibarətdir ki, avtoritar geri dönüşün və demokratiyanın konsalidasiyanın əngəlləməsinə gəldikdə, hər iki variant işləyir. Bu çox təəccüblü məqamdır, nəzərə alın ki, yeni partiyalar əksər vaxt məhdud tərəfdarlarıyla, özlərini maliyyələşdirmək baxımından məhdud resurslarıyla, ictimaiyyətin inamını və hörmətini qazanmaq məsələsinə zəif olurlar. Latın Amerikasının və Şərqi Avropanın yeni demokratiyaları bir seçkidən digərinə rekordlar qıran partiya buxarlanmalarına şahid olub, həmçinin yüksək dərəcədə partiya doğumları və ölümləri baş tutub. Vətəndaşlar güclü siyasi maraq və olduqca açıq tərcihlər edirlər, ancaq bunu stabil tərəfdaş kimliyinə çevirməkdə problem yaşayırlar. 1974-cü ildən bəri “təməl seçkilər”də qalib gələn partiyalar sonrakı müddətlərdə qalib gəlməyə nadir hallarda nail olublar. Hakimiyyətdə güc dəyişikliyi qayda halına gəlib. Başqa sözlə desək, yeni demokratiyaların çoxu möhkəmlənmiş seçki sisteminə malik olmasalar da, rejim kimi möhkəmlənməklə ekspertləri “şoka salıblar”.

9. Demokratik keçid və konsalidasiya ilə bağlı ədəbiyyatda vətəndaş cəmiyyəti çox nüfuzlu və rəğbət doğuran mövqe tutur, ancaq bu qarışıq bir nemət ola bilər. Onun möhkəm olması hər iki prosesin uğurlu olması üçün həyati əhəmiyyətli hesab edilir. “Klassik” islahat keçidlərində çıxdaş edilmiş və ya marjinal qrupların təşkilatları və onların məmnuniyyətsizlik ifadə edən təhdidləri (amma qeyri-zorakı) elitanın güzəştə getməsini tətikləyirdi. Keçid baş tutanda bu təşkilatların yeni qaydalar çərçivəsində oynamaq həvəsi çox güman rejimin stabilliyini təmin edir. Vətəndaş cəmiyyəti Filippində, Cənubi Koreyada, Peruda və Çexoslavakiyada, sonralar isə Gürcüstanın və Ukraynanın “rəngli inqilabları”nda vacib rol oynayıb, hərçənd konsalidasiyanı deyil, keçidi gücləndirən məfhum kimi. 1974-cü ildən bəri baş tutan keçidlərin əksər nümunələri əsasən “saziş” və “tətbiq olunmuş” təmayüllü olub, bunlarda da ki vətəndaş cəmiyyətinin rolu o qədər də aydın deyil. Vətəndaş cəmiyyəti dəyişikliyin vaxtının təbiətini seçə bilməzdi, ən yaxşı halda vətəndaş cəmiyyəti hakimiyyətdəkiləri repressiyaların ağır nəticələr verəcəyinə inandırmaqla, köhnə rejimin mülayim qanadı ilə mülayim müxalifətçilərin bir masa arxasında oturmasında dolayı rol oynayıb. Keçid başlayan kimi isə vətəndaş cəmiyyəti idarəçiləri bəsit liberalizasiyanın və olduqca məhdud seçkilərin komfort zonasından çıxarmaq üçün səfərbər oldu.

Ancaq vətəndaş cəmiyyəti gizli və xəbis rol da oynaya bilər. Yuqoslaviyada vətəndaş cəmiyyətinin (yaxud cəmiyyətlərinin) bir-birinə düşmən olan etnik qruplarla birlikdə səfərbər olması uzunmüddətli zorakılığın baş qaldırmasına rəvac vermişdi. Buna bənzər şey SSRİ çökməyə başlayanda da baş verdi, Baltik və Qafqaz regionları müxtəlif vətəndaş cəmiyyətlərinin millətçi iddialarla çıxış etdiyinə, bəzən gücdən istifadə etdiyinə şahid oldu. Əlbəttə elə hallar olur ki, vətəndaş cəmiyyətinin səfərbər olunması yeni qaydaların qəbul olunmasını və onların üzərində dayanılmasını çətinləşdirir.

10. Parlamentarizm, desentralizasiya (federasiya) və nəzarət və təftiş (üfiqi hesabatlılıq) uğurlu konsalidasiyanın möcüzəvi inqredientləri hesab olunub, lakin bir çox ölkələr fərqli cür institutlar seçiblər və uğura nail olublar. Son 25 ildə institutlar məsələsində mən bir şey öyrənmişəmsə, o da möcüzəi formula deyilən bir şeyin olmamasıdır – bir şey hər yerdə keçərli deyil. Latın Amerika hökumətləri prezidentalizm dövründə pis deyildilər, zənnimcə, bunu göstərən ən yaxşı sübut regionun daha çox mərkəzləşmiş ölkələrində korrupsiya və etnik münaqişələrin sayının azlığıdır. Mərkəzi və Şərqi Avropa ölkələri də parlamentarizm, yaxud yarı-prezidentlik məsələsində pis deyildilər, federalizm isə Çexoslavakiyada, Yuqoslaviyada və SSRİ-də parçalanmalara gətirib çıxardı. Avropa Birliyi gələcək üzvlərdən daha çox regional muxtariyyət və üfiqi hesabatlılıq tələb edirdi, ancaq bunun AB-yə üzvlüyün ümumi təsirindən (və əlbəttə üstün tutulan) başqa nə kimi dəyişikliyə səbəb olduğunu demək çətindir. Prezitentilizmin, mərkəzləşmənin güclü olub, üstəgəl nəzarət və təftişin məhdud olduğu ölkələrdə demokratikləşmə cəhdəri uğursuzluqla yadda qalıb (Ermənistan, Belarus, Mərkəzi Asiya və Rusiya), problem bu və ya digər institutla deyil, eks-kommunist elitasının əlində böyük hakimiyyət cəmləşdirməsində idi. Demokratiyayla dost olmayan bu institutlar səbəblər deyil, simptomlardır. Beləliklə, institutlar məsələsində seçim etməyin dəyişikliklərə səbəb olduğu nəticəsinə gəlmək olar (və bu keçidin üsuluyla, yaxud onun yoxluğuyla əlaqədardır), amma bu, bütün nümunələrdə eyni dəyişikliklərə səbəb olmur.

11. Demokratiyanın bütün iqtisadi və kültürəl önşərtləri arasında ən vacib diqqət tələb edən məqam milli kimlik və sərhədlər məsələsini birinci şey kimi irəli sürməkdir. Demokratiyanın təbiətən təhlükəli olduğunu, çünki onun etnolinqvist gərginlik yaradacağını irəli sürən anlayış geniş yayılıb və bəzən bu demokratiya nəyə görə sınaqdan keçirilməməlidir iddiasına səbəb kimi göstərilir. Bu əlbəttə məhz o haldır ki, demokratik mexanizmlər kimlərin demosa üzv olduğunu aşkarlamaqdan ötrü istifadə edilməməlidir və onlar yalnız nadir hallarda mübahisəli sərhədlərin müəyyənləşdirilməsində faydalı ola bilərlər. Gilyermo ilə kitabımda biz buna diqqət yetirməmişik. 1970-lərin Cənubi Avropasında və Latın Amerikasında sərhədlərlə və kimliklə bağlı suallar (İspaniyada basklar kimi xırda nümunələr istisnadırlar) geniş yayılmamışdı. Sonralar hədsiz mərkəzləşmiş bir neçə And ölkəsində etnik cəhətdən səfərbər olunmuş siyasətin yüksəlməsi məni təəccübləndirdi. Bu səfərbərliklər siyasəti daha da təlatümlü etdi etməyinə, ancaq mövcud demokratiyanı təhdid etmədi. Mərkəzi, Şərqi Avropa və keçmiş SSRİ-də “Millət” anlayışı daha gözəçarpan bir şey halına gəldi. Bununla belə, ən bərbad nümunələr istisna olmaqla, etnolinqvistik nübahisələr demokratiyanın konsalidasiyaya doğru getməsini əngəlləmədi, sərhədlər məsələsində razılığın əldə olunmasına mane olmadı. Şübhəsiz ki, gərginliklər qalır, ancaq bu da məlum olur ki, əgər əvvəldən təcrübədən keçirilirsə, demokratiya milli demos istehsal etmək üçün güclü vasitədir, hətta o, daxili sərhədləri içində nisbi muxtariyyət verməklə çoxsaylı kimlik qruplarını birləşdirə bilər.

12. Özəlləşdirmə və qloballaşma ilə bağlı neoliberal entuziazma baxmayaraq, demokratikləşmə – qanun çərçivəsində ictimai basqı tətbiq edə bilən və müəyyən ərazidə kollektiv qərarlar həyata keçirə bilən siyasi birliyə – yəni dövlətə bel bağlayır. Baxmayaraq ki, dövlətsiz demokratiyanın mövcud olmayacağını demək şişirtmə olardı, böyük ehtimalla vətəndaşlar özlərini qorumaq və tələbatlarını ödəmək üçün vahid, resurslarla bol və daimi administrativ aparatın mövcud olmasını tələb edərdilər. Müasir dünyadakı bütün dövlətlər – demokratik, yaxud avtokratik, qanuni, yaxud qeyri-qanuni – sağ qalmaqdan ötrü müəyyən dərəcədə “dövlətçiliyə” ehtiyac duyurlar (avtokratik və qeyri-qanuniləri müqayisədə buna daha çox möhtacdırlar). Qısa müddət çərçivəsində yeni demokratiyalar üçün ən problematik olan cəhət keçid zamanı dövlətçiliyin qəfildən tənəzülə uğraması ehtimalıdır. Təzəlikcə boyunduruqdan çxmış vətəndaşlar rejim dəyişikliyini vergiləri ödəməmək və qanunlara riayət etməmək azadlığıyla səhv sala bilərlər. Avtokratiyalarda bir qayda olaraq cinayət və korrupsiya barədə ətraflı məlumat verilmir, buna görə də azad informasiya axını nəzərə alınarda demokratiyada vəziyyət pis görünə bilər. Demək olar, bütün yeni demokratiyalar belə bir narahat perioddan keçirlər və sağalırlar (bir qayda olaraq, cinayət və korrupsiya konsalidasiyalı demokratiyada avtokratiyadakından daha az olur). Vacib olan digər məsələ dövlətçilik deyil, onun ideal təbiəti və çatdığı nöqtədir. Bu məsələlər elə normal demokratik siyasi rəqabətin əsas məğzini təşkil edir.

13. Liberalizasiya bir çox hallarda demokratikləşməni ötüb keçə bilər, ancaq o, demokratikləşmənin nəticəsinə olduqca az təsir göstərir. Gilyermo və mən liberalizasiya və sonrakı demokratikləşmə arasındakı əlaqədə diri vətəndaş cəmiyyətinin oynadığı rolu vurğulamışdıq. Hətta keçmiş Sovet nümunələrində belə bu ardıcıllıq əsasən öz əksini tapıb. Keçid zamanında əksər kommunist rejimləri kommunist partiyalarının əldən çıxdığını görüb geri addım atdılar, vətəndaşlar isə getdikcə daha inadla fərdi hüquqlarını tələb etməyə və müəyyən dərəcədə ona hörmət edilməsinə nail oldular. Çexoslavakiya, Rumıniya və bəzi eks-Sovet respublikaları fərqli keçid təcrübələri ilə bir-birindən fərqlənməklə belə görünür istisna olublar. Liberalizasiya və demokratikləşmə arasında bağlılıqda sual doğuran məqam Orta Şərq və Şimali Afrika avtokratlarının liberalizasiya ilə oyuncaq kimi oynayıb, sonra onu heç bir problemsiz kənara atmaları idi. Ərəb-İslam vətəndaş cəmiyyətlərinin nəyə görə belə sözəbaxan olmaları mənə hələ də çatmır. Bu, ya basdırılmış dini duyğularla, ya da etnik parçalanmalarla əlaqədar ola bilər ki, iqtidardakı idarəçilərə təhlükəli dərəcədə qorxulu görünüb, yaxud da regionun orta sinfinin kövrəkliyindən, dövlətdən asılı təbiətindən irəli gələ bilər.

14. Demokratikləşmə prosesi təkcə amatör vətəndaşlar deyil, peşəkar siyasətçilər də tələb edir. Seçilmiş vəzifəlilərin müvəqqəti olaraq ictimai xidmətə girən adi insanlar olmaları barədə geniş yayılmış bir əfsanə var. Amatörlər avtokratiyaya qarşı mübarizədə ön sıralarda ola, keçidin ilkin dövründə əsas vəzifələri ələ keçirə bilərlər, ancaq onlar tezliklə yerlərini peşəkarlara təhvil verməli olurlar. Siyasətçilər bu gün seçkilərdə qalib gəlmək üçün həm partiyanın və həm özlərinin resurslarına ehtiyac duyurlar, onlar həmçinin texnokratların hesabatlılığını təmin etmək üçün xüsusi biliklərə malik olmalıdırlar, o cümlədən vəzifədə qalmaq üçün onların ətraflarında seçki və bu qəbildən olan mütəxəssislər olmalıdır. Peşəkar siyasi sinfin yüksəlişinin qarşısını almaq ola bilsin mümkünsüzdür, ancaq bu, həqiqi mövcud demokratiyada vətəndaşların məmnuniyyətsizliyinə səbəb olan ciddi problemlərdən biridir. Vətəndaşlarla onları təmsil etmək istəyən qrup arasındakı sosial və mədəni boşluq ciddi problemdir, siyasətçilərin vətəndaşların qəzəbinə və şübhələrinə səbəb olan qaynaqlardan (yüksək vergilər, yaxud etibarsız mənbələrdən) getdikcə daha çox asılı vəziyyətə düşməsi də faktdır.

15. Keçidin üsulu və zamanı məsələsində, həmçinin onun nəticələrində beynəlxalq birlik getdikcə daha çox həlledici rol oynamağa başlayıb. Gilyermo və mən daxili faktorların dominantlığını bizim “müvəqqəti nəticələr”imizdən biri kimi irəli sürmüşdük. Tədqiq etdiyimiz Cənubi Avropa və Latın Amerika nümunələrini nəzərə alanda mən bu iddianın üzərində daha çox qalmaq istəyirəm. Sonralar bu fenomenə ziddi olaraq Şərq Blokunda baş verən hadisələri Sovet İttifaqındakı ilkin nəhəng dəyişikliklər olmadan təsəvvürə gətirmək mümkün olmazdı, həmçinin AB üzvlüyü olmasaydı hadisələr belə sürətlə və belə çox uzaqlara da gedib çıxa bilməzdi. Bundan başqa, ilk dəfə post-kommunist keçidlər başlayanda (Polşa ilk idi), onların arasında güclü yayılma və imitasiya prosesləri də start götürdü.

Beynəlxalq birliyi ələ almaq olduqca çətindir. O, demək olar hər zaman hər yerdədir, çünki bugünkü dünyada siyasi cəhətdən tamamilə təcrid olunmaq hədsiz çətindir. Buna baxmayaraq, sözdə milli agentlər vasitəsilə gizli və qaranlıq yollarla işləyəndə, hadisələrin təsiri adətən dolayı olur. Ölkənin ölçüsü, resursları, regional konteksti, geostrateji yerləşməsi və cəlb olunduğu ittifaqın strukturu bu mənada böyük əhəmiyyət daşıyır. Hərçənd bu mənada iki aspekti biz proqnozlaşdıra bilməmişdik. Birincsi, demokratiyanı və insan hüquqlarını milli sərhədlər boyunca yaymağı öz üzərinə götürən çox sayda və müxtəlif qeyri-hökumət, yaxud-qeyri hökumətpərəst təşkilatların yaradılmasıdır; ikinci məsələ AB-nin sərhədləri yaxınlığındakı yeni demokratiyalara maddi baxımdan və üzvlük ehtimalı ilə əlaqədar olaraq kömək etmək məsuliyyətini öz üzərinə götürməsidir.

“Milli dövlətin içində və kənarında” bütünlüklə yeni bir dünya açıldı və sözün həqiqi mənasında keçid dövlətlərini qucaqladı, ilk olaraq Mərkəzi və Şərqi Avropada, sonra isə Asiyada və Afrikada. Özəl assosiasiyalar, hərəkatlar, fondlar, konsultasiyalar və beynəlxalq tərəfdaşlar ideyalar, əlaqələr və maliyyə dəstəyi təqdim etdilər. Milli hökumətlər, regional, yaxud qlobal təşkilatlar maliyyədən daha çox şey verdilər, AB nümunəsində bu, xarici müdaxilərinin yeni forması idi, daha doğrusu “siyasi şərtlər”. AB-nin şərtləri ondan ibarət idi ki, “Avropa klubu”na qoşulmaq istəyənlər ” acquis communautaire”ni (AB-nin 1958-ci ildən bəri tətbiq olunan qanun və qərarlarının bütün şəbəkəsi) yerinə yetirməli, həmçinin siyasi normaların yeni şəbəkəsini əxz etməlidirlər, Kopenhan Kriteriyası adlanan məfhum namizəd dövlətlərin necə yol tutacaqlarını açıq-aşkar irəli sürən şərt kimi yaradılıb. Şərtlərin mülayim versiyası indi AKA (Afrika-Karib-Atlantik) ölkələri ilə ticarət sazişlərində tətbiq edilir və bundan Avropanın şərqində və qərbindəki bölgələrlə əlaqədar olaraq, “Qonşuluq” və “Aralıq” siyasətlərində təlimatçı kimi çıxış edəcəyi gözlənilir. Amerika Dövlətləri Birliyi, Millətlər Birliyi (Britan) və hətta Afrika Birliyi kimi digər təşkilatlar addımlarını oxşar cığırda atmaq üçün rəsmi sazişlər tərtib edirlər, bununla təşkilatın üzvləri konstitusiyadan kənar rejim dəyişikliklərinə kollektiv surətdə cavab vermək istəyirlər.

Nə qədər ki, həqiqi mövcud demokratiya birdəfəlik tamamlanmamış layihə olaraq qalır, demokratikləşmə prosesi həmişə siyasətşünasların hesabatları tədqiq etməli olacaq. Və nə qədər ki, bir şey hər yerdə keçərli deyil, o qədər də izah olunmalı çox şey olacaq.


“Demokratiya Jurnalı” 21:1 (2010), 17-28. © Məqalə Johns Hopkins University Press-in icazəsi ilə Azərbaycan dilinə tərcümə edilərək Meydan.TV saytında yayımlanır.

Ana səhifəAnalitikaDemokratiya layihəsi: İyirmi beş il, on beş tapıntı