Dəm qazından boğulma və zəhərlənmələr: “Azəriqaz” nə deyir…

Dəm qazı. Mənbə: “saglamolun.az”

Qurum deyir ki, hamamlarda qazla işləyən su qızdırıcılarının istifadəsi qadağandır

“Azəriqaz” qazla işləyən su qızdırıcılarının mənzillərdən çıxarılması haqda xəbərlərə aydınlıq gətirib.

İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov “Sputnik Azərbaycan”a bildirib ki, dəm qazından zəhərlənmə və ölüm hadisələrinin çoxu hamamlarda qazla işləyən qızdırıcıların qoyulmasından və tüstü bacalarının təmizlənməməsi səbəbindən baş verir.

Şöbə rəisi deyib ki, qaydalara görə hamam otaqlarında qazla işləyən su qızdırıcılarının istifadəsı qadağandır.

“Odur ki, “Azəriqaz” İstehsalat Birliyi yaşayış evlərinə baxış keçirərək qazla işləyən su qızdırıcılarının hamam otağından çıxarılaraq qeyri-yaşayış yerlərində yerləşdirilməsini təmin edir” – İlkin Behbudov bildirib.

Şöbə rəisi qeyd edib ki, hamamda qazla işləyən qızdırıcıların nasaz olduğu aşkarlanarsa, ora qazın verilişi dayandırıla bilər.

“Azəriqaz” rəsmisi elektrik su qızdırıcılarının da sökuləcəyi barədə şayiələrə münasibət bildirib.

“Biz qazla işləyən avadanlıqla məşğul oluruq. Elektrik su qızdırıcıları bizə aid deyil. Əksinə sakinlər qazla işləyən qızdırıcıları hamamdan çıxarmağa çətinlik çəkəndə və ya istəməyəndə onlara elektrik qızdırıcı quraşdırmağı məsləhət bilirik” – İlkin Behbudov deyib.

2024-cü ilin yanvarın sonlarından etibarən paytaxtda yerləşən bəzi yaşayış binalarında əhaliyə xəbərdarlıq edilərək hamam otaqlarında qazla işləyən su qızdırıcılarının istifadəsinin qarşısının alınmasına başlanılıb.

Bir sıra mənzillərdə qaz xətləri möhürlənib və su qızıdırıcılarına qazın verilişi dayandırılıb.

Bunun da bəzi hallarda abonentlər arasında narazılığa səbəb olduğu bildirilir.

Bu mövzu ilə bağlı “Azəriqaz”ın rəsmi saytında isə bildirilir ki, təbii qazla işləyən tutumlu və axımlı su qızdırıcıları quraşdırılan vanna otaqları aşağıdakı tələblərə cavab verməlidir:

  • təbii qazla işləyən axımlı su qızdırıcıları quraşdırılan vanna otaqlarının həcmi 7,5 m3- dən, tutumlu su qızdırıcıları quraşdırılan vanna otaqlarının həcmi isə 6,0 m3 – dən az olmamalıdır;
  • vanna otağında ventilyasiya kanalı və tüstü bacası olmalıdır;
  • vanna otağının qapısı çölə açılmalı, təmiz havanın daxil olması üçün qapı ilə döşəmə arasında sahəsi 0,02 m2 – dən az olmayan sahə olmalıdır və ya qapının aşağı hissəsində ümumi sahəsi həmin sahəyə ekvivalent olan dəliklər açılmalıdır;
  • vanna otaqlarının daxili qaz xətləri və onlar üzərindəki işçi və nəzarətçi kranlar layihədə nəzərdə tutulmuş yerlərdə quraşdırılmalıdır;
  • vanna otağında bütün qaz xətləri və onların yivli birləşmələri üçün istifadə edilən hissələr (fitinqlər) poladdan olmalıdır;
  • təbii qazla işləyən axımlı su qızdırıcıları yanmayan divarda quraşdırılmalıdır və divardan ən azı 2 sm aralı olmalıdır.

Qaz plitələri quraşdırılan mətbəxlər aşağıdakı tələblərə cavab verməlidir:

  • yaşayış binalarında qaz plitələri quraşdırılan mətbəxlərin hündürlüyü 2,2 metrdən az olmamalıdır. Nəfəsliyi və ventilyasiya kanalı olmalıdır;
  • mətbəxin həcmi dördgözlü plitələr üçün 15 m3-dən, üçgözlü plitələr üçün 12 m3-dan, ikigözlü plitələr üçün 8 m3–dən az olmamalıdır;
  • mətbəxdə quraşdırılan qaz plitəsi ilə qarşı divar arasında ən azı 1m məsafə olmalıdır.
  • hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl edilməməsi vacibdir.

2023-cü il dekabrın 3-də Salyanda iki nəfər hərbçi dəm qazından boğularaq həyatını itirib.

2024-cü il yanvarın 16-da Sumqayıtda ailənin 5 üzvü dəm qazından zəhərlənib, biri ölüb.

Yanvarın 26-da iki qardaş Bakıda kirayə qaldıqları evdə dəm qazından boğularaq, ölüblər.

Fevralın 27-də Yevlaxın Nərimanabad kəndində 62 yaşlı Zöhrə Səfərova yaşadığı evdə dəm qazından boğularaq vəfat edib.

Baş Prokurorluğun yanvar ayında yaydığı məlumatda bildirilib ki, dəm qazından zəhərlənmə və ölüm hallarında artım var.

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyev isə martın 3-də vəfat edib. Onun da dəm qazından boğulduğu bildirilir.

Ana səhifəSosialDəm qazından boğulma və zəhərlənmələr: “Azəriqaz” nə deyir…