Daha bir iranlı aktrisa həbs edilib

Təranə Əlidusti. Foto: sosial şəbəkə

O, “yalan məlumat yaymaq”da ittiham olunur

İranlı aktrisa Təranə Əlidustinin ölkədəki etiraz aksiyalarına dəstək verdiyinə görə həbs edildiyi deyilir.

İranın “İRNA” dövlət mediası bildirib ki, aktrisa ölkəni bürümüş etiraz hərəkatı haqqında “yalan məlumat yaymaq” ittihamı ilə saxlanılıb.

Agentlik yazır ki, küçə iğtişaşlarını dəstəkləyən təxribat xarakterli materialların dərcindən sonra bir sıra məşhurlar Tehran Prokurorluğuna çağrılaraq dindirilib.

Aktrisa Təranə Əlidusti də Prokurorluğa çağırılıb.

İddialarını əsaslandıran dəlilləri olmadığı üçün məhkəmə qərarı ilə həbs edilib.

Təranə Əlidustinin həbsinə səbəb kimi bir həftə öncə “İnstagram” səhifəsində Möhsün Şekarinin (Şəkəri) hökumətə qarşı aksiyalarda iştirak etdiyi üçün edam edilməsinə etirazı göstərilib.

Aktrisa paylaşımında Möhsün Şekarinin edamına qarşı çıxış etmədikləri üçün bəzi beynəlxalq təşkilatları hədəfə alıb.

“Onun adı Möhsün Şekari idi. Bu qan tökülməsini izləyən və tədbir görməyən hər bir beynəlxalq təşkilat insanlığa rüsvayçılıqdır”, – aktrisa postunda bildirmişdi.

Aktrisanın istifadəçisi olduğu “İnstagram” səhifəsi hazırda bağlanılıb.

Təranə Əlidusti 2022-ci ilin noyabrında ölkədə baş verən aksiyalara dəstəyini nümayiş etdirmişdi.

O, üzərində kürd dilində “Qadın, həyat, azadlıq” yazısı olan pankart qaldırdığı fotosunu “İnstagram” səhifəsində yerləşdirmişdi.

“Qadın, həyat, azadlıq” – 2022-ci il sentyabrın 18-dən İranda milliyyətcə kürd olan gənc qadın Məhsa Əmininin ölümü ilə əlaqədar keçirilən aksiyaların əsas şüarıdır.

Təranə Əlidustu 2017-ci ildə “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatını qazanmış “Satıcı” (rejissor Əsgər Fərhadi) filmində çəkilib.

O, futbolçu Həmid Əlidustinin qızıdır.

1956-cı il təvəllüdlü Həmid Əlidusti 1975-1995-ci illərdə İranın müxtəlif futbol komandalarında oynayıb.

1977-1986-cı illərdə İran milli komandasının formasını geyib, 2000-2016-cı illərdə məşqçilik fəaliyyəti ilə məşğul olub.

İranda etirazlar 2022-ci il sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Amini adlı qadının həbsdə ölməsindən sonra başlayıb.

Qadınların rəhbərlik etdiyi etirazlar ölkənin bütün 31 vilayətində 160 şəhərə yayılıb.

Bu etirazlar 1979-cu il inqilabından sonra İslam Respublikasına qarşı ən ciddi çağırışlardan biri kimi qiymətləndirilir.

İran liderləri onları ölkənin xarici düşmənləri tərəfindən qızışdırılan “iğtişaşlar” kimi qələmə verib və təhlükəsizlik qüvvələrinə onlarla “qətiyyətli davranmağı” əmr edib.

2022-ci il noyabrın sonlarında İranda etiraz hərəkatı ilə həmrəylik ifadə edən və rejimə qarşı açıq-aşkar itaətsizlik aktı olaraq ictimai yerlərdə hicablarını çıxaran iki aktrisa – Henqame Qaziani və Katayun Riahinin həbs edilib.

Ana səhifəMədəniyyətDaha bir iranlı aktrisa həbs edilib