Daha bir beynəlxalq təşkilatdan Qubad İbadoğlu ilə bağlı çağırış

Foto: “pwyp.org”

“Biz onun dərhal azad edilməsini tələb edirik”

“Publish What You Pay” (PWYP) 50 gün əvvəl saxlanılan azərbaycanlı iqtisadçı, eyni zamanda, PWYP Azərbaycan koalisiyasının üzvü Qubad İbadoğlunun dərhal azadlığa buraxılmasına çağırıb.

PWYP – hasilat sənayesində maliyyə şəffaflığını müdafiə edən vətəndaş cəmiyyəti təşkilatları qrupudur. Həm də xeyriyyə təşkilatı kimi fəaliyyət göstərən qurum İngiltərə və Uelsdə qeydiyyatdan keçib, qlobal miqyasda fəaliyyət göstərir.

Biz onun dərhal azad edilməsini tələb edirik. Azərbaycanla əlaqəsi olan şirkətləri və beynəlxalq qurumları Qubad İbadoğluna qarşı humanist davranmaq və dərhal azad etmək üçün öz təsir rıçaqlarından istifadə etməyə çağırırıq”, – bəyanatda deyilir.

PWYP dünyanın hər yerindən olan həmkarlarını, üzvlərini və tərəfdaşlarını Qubad İbadoğlunun işi ilə bağlı həmrəylik nümayişinə çağırıb.

Onlara hazırladıqları bu bəyanatı imzalamaqla Qubad İbadoğlunun azad edilməsi üçün Azərbaycan hökumətinə təzyiqləri artırmağa çağırıb:

“İmza formamız sentyabrın 25-dək doldurulmalıdır və sonra Azərbaycanın səlahiyyətli orqanlarına, bu ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə institutlarına, şirkətlərə göndəriləcək”.

Foto: “pwyp.org”

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul hazırlama, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb.

Azərbaycan Daxili İşlər Nazirliyi onun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib.

Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.

Ana səhifəSiyasətDaha bir beynəlxalq təşkilatdan Qubad İbadoğlu ilə bağlı çağırış